Məhkəmə qərarları › İş №2(044)-146/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-146/2022

25.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-146/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçilər X1 və X2 maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər X4 və X5 maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, 15.09.1996-cı il tarixdə anadan olmuş oğulları X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini tələb etdikləri X6 15.09.1996-cı il tarixdə, Gəncə şəhərində onların birgə nikahlarından doğulmuş və doğulduğu vaxtdan fiziki və psixi qüsurlu olmuşdur. Ona görə də, ona uşaqlıqdan 1 qrup əlillik dərəcəsi əvvəlki müayinələrdə müddətli verilsə də, 18.10.2011-ci il tarixli müayinə ilə 18 yaşadək, yəni 2014-cü ilədək, 2014-cü ildən sonra isə müddətsiz olaraq verilmişdir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi X5 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə ərizəçi X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə ərizəçi X1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Gəncə şəhər Psixonevroloji dispanserinin 28.02.2022-ci il tarixli 117 saylı rəyindən görünür ki, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X3 doğuş travması ilə anadan olması, psixofiziki inkişafda həmyaşıdlarından geri qalması, daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması, yardımçı məktəbdə ev dərsi keçməsinə baxmayaraq oxumaq və yazmaq vərdişlərini qavramaması, 2003-cü ildən Gəncə şəhər Psixonevroloji Dispanserində “İmbesillik dərəcəsində oliqofreniya, uşaq serebral iflicinin qalıq əlamətləri, qıcolma sindromu” diaqnozu ilə qeydiyyata götürülməsi, xəstəliyinə görə əvvəllər müavinət, sonralar isə İ qrup müddətsiz əlillik təyin edilməsi,hərbi qeydiyyatdan silinməklə Milli Ordu sıralarına xidmətə yarasız hesab olunması (Gəncə şəhər Psixonevroloji Dipanserindən verilmiş 06.11.2003-cü il tarixli 1126/2003 saylı ambulator karta, 28.04.2021-ci il tarixli arayış, 25 saylı Nizami TSEK-dən verilmiş 472309 saylı arayış), hazırkı ekspertiza zamanı onda təfəkkür, yaddaş, davranış, emosiya və intellekt pozuntularının aşkar edilməsi (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar olunması, yaddaşının mexaniki tipli, təfəkkürünün konkret olması, oxumaq və yazmaq vərdişlərinin zəifliyi, adı hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması, fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəif olması, onda davranış pozğunluqları müşahidə edilməsi, intellektinin inkişafdan geri qalması, İQ=48 faiz) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. 17.05.2018-ci il tarixli 09247 saylı vəsiqənin surətindən görünür ki, X6 İ qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 25 saylı Gəncə şəhəri Nizami rayon Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE- 01 saylı arayışdan görünür ki, X6 müddətsiz 1-ci qrup əlildir. 28.04.2021-ci il tarixli 1126 saylı arayışdan gprünür ki, X6 06.11.2003-cü il tarixdən Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatdadır. 15.10.1996-cı il atrixdə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi birgə nikahlarından 15 sentyabr 1996-cı il tarixdə X6 anadan olmuşdur. 27.04.1994-cü il tarixdə Gəncə “Nikah Evi” tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi nikahları 27 aprel 1994-cü il tarixdə 81 saylı akt qeydi ilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X6 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, 15.09.1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.09.1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar