Məhkəmə qərarları › İş №2(044)-148/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-148/2021

03.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-148/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, eyni zamanda İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1(bundna sonra İddiaçı1), cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda isə açıq hərracda satılaraq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yaşar oğlunun qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müracitə edərək əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda isə həmin əmlakın açıq hərracda satılaraq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri X1 ünvan 1 ünvanda yerləşən mülk miras qalmışdır. X2 xx xxxx 2016-cı ildə vəfat etmiş və ondan qalan miras mülkü azyaşlı övladları İddiaçı2 (qanuni nümayəndəsi vasitəsilə) ilə o qəbul etmişdir. Belə ki, ərinin vəfatından sonra da həmin mülkdə yaşamaqla o həm öz adından, həm də övladının adından və onun mənafeyini də nəzərə alaraq mirasın idarə edilməsini həyata keçirmiş, ümumi mülkiyyətin digər təsərrüfat subyektləri ilə birlikdə mülkdə yaşamış və ərindən qalan mirasa sahib çıxmışdır. Lakın cavabdehlər nə atasını itirmiş körpənin, nə də gəlinlərinin haqqını tanımaq istəməmiş, ərini itirmiş gəlini və yetim körpəni mirasdakı paylarından faktiki məhrum etmək niyyətinə düşmüşdülər. Belə ki, ərininın vəfatından sonra cavabdehlər onun və azyaşlı övladının ailə başçısından qalan payını vermək istəmirdilər. Ona göə də o məcbur qalaraq məhkəməyə müraciət etmiş və ərindən qalan payının müəyyən edilməsinə nail olmuşdu. Hazırda mübahisəli mülkün 2/9 hissəsi onun və az yaşlı uşağının mülkiyyətindədir. Cavabdehlərlə birlikdə həmin mülkdə yaşamaq mümkün deyil. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüüuqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu, Gəncəvi küçəsi, 3-cü dalan, ev 9 nömrəli fərdi yaşayış evinə İddiaçı2 1/9, İddiaçı1 1/9, Cavabdeh2 3/9, Cavabdeh1 4/9 hissədə payları vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Gəncə şəhəri Nizami rayonu, Gəncəvi küçəsi, 3-cü dalan, ev 9 nömrəli fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi mümkün deyildir; Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilən ərizənin məzmunundan görünür ki, onlar Gəncə şəhəri Nizami rayonu, Gəncəvi küçəsi, 3-cü dalan, ev 9 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılaraq satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsinə etiraz etmirlər. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddia tələbini etiraf edərək, Gəncə şəhəri Nizami rayonu, Gəncəvi küçəsi, 3-cü dalan, ev 9 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılaraq satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsini məhkəmədən xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı Gəncə şəhəri Nizami rayonu, Gəncəvi küçəsi, 3-cü dalan, ev 9 nömrəli fərdi yaşayış evinin naturada bölünməsi, bu mümkün olmadıqda isə açıq hərracdan satılaraq satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin ümumi mülkiyyətində Gəncə şəhəri Nizami rayonu, Gəncəvi küçəsi, 3-cü dalan, ev 9 nömrəli fərdi yaşayış evi vardır ki, həmin fərdi yaşayış evi üzərində İddiaçı2 1/9, İddiaçı1 1/9, Cavabdeh2 3/9, Cavabdeh1 4/9 hissədə payları vardır. Gəncə şəhəri Nizami rayonu, Gəncəvi küçəsi, 3-cü dalan, ev 9 nömrəli fərdi yaşayış evinin naturada bölünməsinin mümkünsüzlüyü məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmış, tərəflər mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılaraq satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsinə etiraz etmədiklərini bildirmişlər. İddia tələbi 2 hissədən ibarətdir:

1. Payın naturada ayrılması

2. Payın naturada ayrılması mümkün oldıqda isə fərdi yaşayış evinin açıq hərracdan satılaraq satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsi. Məhkəmə iddia tələbinin birinci hissəsi, yəni naturada bölgünün mümkünlüyü ilə bağlı onu qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb etmək hüququ olsa da, payın ayrılmasının Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmiş qaydalara uyğun həyata keçirilməsi konkret olaraq təsbit edilmişdir. Belə ki, Mülki Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının payına kompensiya verilməklə onun payına olan mülkiyyət hüququna xitam verilməsi ilə bağlı razılıq əldə edilməmişdir.Yəni, cavabdehlər iddiaçılara mənzilin real hesab etdiyi dəyərinə uyğun kompensasiya vermək təklifi ilə çıxış etməmişlər. Bundan başqa məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən İddiaçı2 və İddiaçı1 payları birlikdə götürülməklə, yəni 2/9 hissədə ayrılmaqla, 3 hissəyə paylar üzrə naturada təcrid mənzillər şəklində bölünmə də mümkün deyildir. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı onu qeyd edir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçilərindən birinin tələbi əsasında payın ayrılmasına dair iddia verildikdə bu iddia üzrə digər tələblər verilmədən (payın əvəzinə pul kompensasiyasının verilməsi, əmlakın acıq hərracda satılaraq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüşdürülməsi) işə baxan məhkəmə tərəfindən MPM-nin 218.3-cü maddəsinə uyğun olaraq qərarda müəyyən edilmiş ardıcıllığa uyğun bütün məsələlər araşdırılmalı və nəticədə müvafiq məhkəmə aktı qəbul edilməlidir. Belə ki, MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin nəzərə alınmalıdır ki, payın naturada ayrılması mümkün olmadıqda və payın ayırmaq istəyən mülkiyyətçinin payı cüzi olmadıqda və sonuncu payının əvəzinə pul kompensasiyasının verilməsinə razı olmadıqda işə baxan məhkəmə tərəfindən payın əvəzinə pul kompensasiyası verilməsi, əmlakının açıq hərracda satılacaq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüçdürülməsi barədə məsələlər üzrə araşdırma aparmadan iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, həm iddiaçının hüquqlarının təmini, həm də digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə əmlakın açıq hərracdan satılması ədalətli yanaşmadır. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin iş üzrə iddiaçıların payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsinin qeyrimümkünlüyü müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının və ya ayrılan mülkiyyətçilərin paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsinin qeyri-mümkün olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Bu baxımdan paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı1, 50 manatı isə Cavabdeh1 və Cavabdeh2 Yaşar oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Beləliklə məhkəmə bu qənaətə gəlir ki,iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı, eyni zamanda İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yaşar oğlunun qarşı “əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda isə açıq hərracda satılaraq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüşdürülməsi”nə dair iddia tələbi təmin edilsin. Gəncə şəhəri, Gəncəvi küçəsi, 3-cü dalan, 9 nömrəli ünvanda yerləşən ümumi sahəsi 116,4 kv.m, 0,0207 kv.m torpaq sahəsi olan ev açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti mənzilin paylı mülkiyyətçiləri İddiaçı2, İddiaçı1, Cavabdeh1 və Cavabdeh2 Yaşar oğlu arasında onların həmin evə və torpaq sahəsinə olan paylarına mütənasib surətdə, yəni bərabər hissələrdə bölünsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı1, 50 manatı isə Cavabdeh1 və Cavabdeh2 Yaşar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar