Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1679/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 və maraqlı şəxs Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X6 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 və maraqlı şəxs Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X6 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə onun arasında Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi ev 56, 1 №-li mənzilə dair bağlanmış 11.06.2020-ci il tarixli 4Ə-955 reyestrli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, tək yaşayır, yaşlıdır və himayəyə ehtiyacı vardır. Bu səbəbdən də Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi ev 56, 1 №-li mənzilini qardaşı qızı X3 təkidli tələbi ilə və onu qane edən müvafiq şərtlərlə bağışlamışdır. Şərtləri bu olmuşdur ki, Nərminə onunla birlikdə yaşayıb onu himayə edəcək, xəstə və ya köməyə ehtiyacı olduqda ona köməklik göstərəcək, çətin vəziyyətdə yanında olacaq. Bağışlama müqaviləsi 9 ay bundan əvvəl bağlanmışdır. Bütün bu müddətdə X7 onunla maraqlanmamış, xəstələnsə də söz verdiyi kimi ona baxmamış, hətta yemək belə verməmişdir. Çox qısa müddətdə yanında olmuşdur. Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X10 da X7 ilə birlikdə onu aldatmışdır. Belə ki, bağışlama müqaviləsini bağlayarkən şərt qoymalı olduğu halda şərt qoymadan bağlamışdır. Ona görə də cavabdehlə aralarında bağlanılmış bağışlama müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X8 hər biri ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbinə etiraz edərək bildirdi ki, o, uşaqlıqdan həmin evdə böyümüş və 30 ildir ki həmin evdə yaşayır. Sözügedən mənzil atası tərəfindən bibisinin adına alınmışdır. Yəni evin pulu tam şəkildə atası tərəfindən ödənilmişdir. Hətta bibisi tərəfindən atasına vəsiyyətnamə də verilmişdir. Ona görə də həmin evin bibisi tərəfindən ona bağışlanması barədə müqavilə bağlanılmışdır. Sonradan aralarında pul mübahisəsi düşdüyü üçün İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bağışlama müqaviləsi bağlanarkən heç bir öhdəlik və şərt müəyyən edilməmişdir. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X10 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X4 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı, onun vəkili X1 və cavabdeh X2 izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, cavabdeh X7 onun qonşusu olmuşdur. Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi ev 56, 1 №-li mənzildə cavabdeh yaşamışdır. İddiaçı isə heç vaxt həmin mənzildə yaşamamışdır. İddiaçı eşitmişdir ki, Nərminə ona heç bir köməklik etmir, onun qayğısına qalmır və münasibətləri yaxşı deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X12 digər şahid X5 izahatına oxşar izahat verdilər. İş materiallarında olan Gəncə Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 4Ə-955 saylı 11 iyun 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri DTİMHQİ tərəfindən 31.03.1997-ci il tarixdə İddiaçı verilmiş 4685 qeydəalma nömrəsi ilə 4685 nömrəli kitabında qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət üzrə mülkiyyətçiyə məxsus olan 29.8 kv/m, bir otaqlı mənzil İddiaçı tərəfindən X3 bağışlanmışdır. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsi ev 54, mənzil 7-də yaşayan İddiaçı 16.04.2021-ci il tarixdə DİN-in 102 xidmətinə, sonradan isə Nizami RPİ-yə ərizə ilə müraciət edərək, qardaşı qızı Nərminə adlı şəxsin onun yaşadığı ünvana gələrək öldürməklə hədələdiyini bildirmişdir. Aparılan araşdırma zamanı həmin hədənin real olmasını əsaslandıran hər hansı bir sübut və ya dəlillər müəyyən edilməmiş və cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 06 avqust 1993-cü il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı tərəfindən Gəncə şəhəri, Gəncə küçəsi 56 №-li bina, 1 №-li mənzil Gəncə şəhəri, Cavadxan küçəsi ev 54, mənzil 7-də yaşayan qardaşı X13 bütünlüklə vəsiyyət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X20 Ərazi üzrə Bölmələrinin İdarə etmə X17 şəxs Ak.Z.Məmmədov adına 2 saylı Birləşmiş xəstəxananın 0150/43 saylı, 1942/505 saylı çıxarışlardan görünür ki, X7 25.07.2015-ci il tarixdən 26.07.2015-ci il tarixədək, 20.01.2017-ci il tarixdən 31.01.2017-ci il tarixədək dərman preparatı ilə kəskin peroral kimyəvi zəhərlənmə diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X20 Ərazi üzrə Bölmələrinin İdarə etmə X17 şəxs Ak.Z.Məmmədov adına 2 saylı Birləşmiş xəstəxananın 08 may 2021-ci il tarixli 0515 saylı arayışdan görünür ki, 02.02.2021-ci il tarixdən 04.02.2021-ci il tarixədək dərman zəhərlənməsi diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin bağışlama müqaviləsinin formasına dair müddəalar müəyyən edən 668.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Göründüyü kimi qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. İddiaçı izahatında bağışlama müqaviləsi bağlanarkən cavabdehin üzərinə hər hansı öhdəliyinin qoyulduğunu bildirsə də, notarial qaydada təsdiqlənmiş bağışlama müqaviləsində cavabdehin üzərinə hər hansı şərt və ya öhdəliyin qoyulması qeyd edilməmişdir. Halbuki, qanunvericiliyə əsasən daşınmaz əşyaların bağışlanması barədə müqavilənin notarial təsdiq olunması tələb edildiyindən, həmin müqavilə ilə bağlı şərtlər və öhdəliklər də müqavilədə qeyd edilməlidir. İddiaçı bağışlama müqaviləsinin ləğv edilməsinə dair tələbini həmin müqaviləni aldadılma təsiri altında bağlanması ilə əsaslandırmışdır. Bununla bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 339-cu maddəsində hansı hallarda əqdin aldatma nəticəsində bağlanmış hesab edilməklə etibarsız sayıla biləcəyi müəyyən olunur. Buna görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (339.2 və 339.3-cü maddələr). Məhkəmə nəzərə alır ki, iddiaçı aldadıldığına istinadla bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair tələblə çıxış etsə də, aldadıldığını təsdiq edən qanunvericiliyin yuxarıda göstərilən müddəalarına uyğun kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının imzaladığı bağışlama müqaviləsinin mətnindən görünür ki, orada müqavilənin onun iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır, həmçinin notarius müqaviləni tərəflərin şəxsən özlərinin onun iştirakı ilə imzaladığını təsdiq etmişdir. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilmədən cavabdehin ailə hüquq münasibətlərindən irəli gələn və müqavilə bağlanarkən sonuncunun üzərinə qoyulmuş öhdəlikləri pozduğunu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bağışlamanın etibarsız hesab edilməsi tələbinə münasibətdə hesab edir ki, qeyd olunan iddia tələbi iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 və maraqlı şəxs Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X6 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 və maraqlı şəxs Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X6 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-1679/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1679/2021
18.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver