Məhkəmə qərarları › İş №2(044)-183/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-183/2022

01.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-183/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı qaz kəmərinin mühafiz zonasında inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Nizami rayon Muxtar Hacıyev küçəsi döngə 4, ev 17-də, “Azəriqaz” X5 RQİİnə məxsus diametri 57 mm-lik yerüstü orta təzyiqli qaz xəttinin mühafizə zonasına (üzərində) inşa olunmuş fərdi yaşayış evinin boşaldılması və Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülərək qaz xəttinin mühafizə zonasından çıxarılması və ödənilmiş 10.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinn dəyişdirilməsinə dair ərizə verərək Cavabdeh məxsus fərdi yaşayış evinin mühafizə zonasında olan qaz xəttinin vətəndaşın öz vəsaiti hesabına yerinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının tələbləri pozularaq “Azəriqaz” İstehsalat Birliyi, X7 İstismarı İdarəsinin balansında və istismarında olan D-57 mm diametrlik yerüstü orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayan Gəncə şəhər Nizami rayon Muxtar Hacıyev küçəsi dön.4, ev 17-də Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh tərəfindən, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi tikili, fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Eyni zamanda həmin ərazidə yaşayan sakinlər üçün mövcud vəziyyət ciddi təhlükə mənbəyidir. Qaz xəttində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. “X1 Qaydalarının” “Qaz kəmərlərinin istismar edilməsi” bölməsinin 9.28 və 9.29-cu bəndlərinə əsasən qaz kəmərlərinə texniki xidmət baxımından yoxlayıcı-çilingərlər tərəfindən baxış-nəzarət işləri nəzərdə tutulan müddətlərdə aparılmalıdır. Lakin, həmin qaz xətti adı çəkilən tikilinin həyətindən keçdiyi halda həmin qaz xəttinə işçilərinin nəzarəti və ya baş verə biləcək hər hansı qəzanın qarşısının alınması üçün tədbirlərin görülməsi qeyri mümkündür. Görülə biləcək tədbirlər üzrə cavabdehə 3.06.2021-ci il tarixində XN01/13- 0908 saylı rəsmi xəbərdarlıq məktubu ilə müraciət edilmişdir. Lakin cavabdeh bu xəbərdarlıqdan heç bir nəticə çıxarmayaraq təhlükəsizliyin təmin olunması istiqamətində heç bir tədbir görməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək bildirdi ki, cavabdeh olduğu “X2” iddia tələbini qəbul edir, qazın borusu ev tikiləndən sonra çəkilib, evdən keçən qaz xəttini öz hesabına çıxarmağa razıdır. Sonda cavabdeh iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan 04.06.2021-ci il tarixli aktdan gğrünür ki, Gəncə XS-TBX-n rəisi Azər Xəlilov, Gəncə XS-TBX-n rəis müavini Elman Məmmədov, Gəncə XS-TBX-n usta Natiq İmanov aktı tərtib etmişlər ondan ötrü ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının tələbləri pozularaq ünvan 1 ünvanında yaşayan Cavabdeh qaz kəmərinin mühafizə zonasında kəmər 14 metr məsafədə olan qaz xətti yeni tikilmiş mənzil daxilində qalmışdır. Qaz kəmərinin mühafizə zonasında zəbt olunmuş toroağın uzunluğu, eni və tikilinin hündürlüyü d-57 mm uz. 14 qaz xəttinin mühafizə zolağını zəbt etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin olunmalıdır. Çünki Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2(044)- 2887/2021 saylı qərardadına əsasən təyin olunmuş məhkəmə tikinti–texniki ekspertizasının 29.12.2021-ci il tarixli, 10/5395 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Gəncə şəhər, Nizami rayonu, Muxtar Hacıyev döngə 4 ünvanında yerləşən Cavabdeh məxsus 17 saylı fərdi yaşayış evində əlavə tikinti işləri aparıldığı, belə ki fərdi yaşayış evinin birinci mərtəbəsinin üzərində ikinci mərtəbə inşa edildiyi, bunun nəticəsində də fərdi yaşayış evinin birinci mərtəbəsinin çöl divarının üzərindən keçən diametric 57 mm-lik yerüstü qaz xətti aparılmış tikinti işləri nəticəsində ikinci mərtəbənin daxilindən keçdiyindən, həmin yaşayış evinin ikinci mərtəbəsinin daxilindən keçən qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qayadalarına” 5 nömrəli əlavə “Dayaqlar üzərində çəkilmiş yerüstü qaz kəmərlərindən binalara və tikintilərə qədər olan horizontal üzrə minimum işıq məsafəsi, (planda) başlıqlı cədvəlin tələblərinə əsasən mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilmişdir. 2-ci sual üzrə Gəncə şəhər, Nizami rayonu, Muxtar Hacıyev döngə 4 ünvanında çəkilmiş qaz xəttinin tikinti norma və qaydalarına uyğun olub-olmamasını müəyyən etmək üçün 15 oktyabr 2021-ci il tarixdə 10/5395 saylı vəsatətlə həmin qaz xəttinin çəkilməsinə dair layihə sənədləri istənilmiş, lakin bugünədək həmin sənədlər təqdim edilmədiyindən çəkilmiş qaz xəttinin layihə sənədlərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qayadaları”nın 3.4-cü bəndindən qeyd edilmişdir ki, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). Binaların divarının xarici hissəsindən yeraltına keçən bütün yeraltı kommunikasiyaların (su kəmərləri, kanalizasiya, istilik şəbəkəsi, telefon və elektrik kabelləri və s.) girişləri və çıxışları kipləşdirilməlidir. Beləliklə məhkəmə cavabdehin etirafını və ekspertizanın rəyini nəzərə alaraq alaraq, işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh məxsus Gəncə şəhər Nizami rayon Muxtar Hacıyev küçəsi dön.4, ev 17-də fərdi yaşayış evinin içərisindən keçən qaz xəttinin yeri cavabdehin öz vəsaiti hesabına dəyişdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10.40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus Gəncə şəhər Nizami rayon Muxtar Hacıyev küçəsi dön.4, ev 17də fərdi yaşayış evinin içərisindən keçən mühafizə zonasında olan qaz xəttinin yeri Cavabdeh öz vəsaiti hesabına dəyişdirilsin. İş üzrə ödənilmiş 10 (on) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X3 ödənilsin. İş üzrə məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar