Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-194/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Aydın qızına və Ələkbərov İbrahim Əlövsət oğluna qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı evin mülkiyyət hüququnun ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus ünvan 3 mənzil 30-da istifadə hüququna 8000 manat kompensasiya ilə xitam verilməsi və ailəsi ilə birlikdə mənzildən çıxarılması, kompensasiya ilə mənzildən çıxarılma eyni anda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 mənzil 30-dan ilkin iddia tələbinə əsasən istifadə hüququna pompensasiya verilməklə xitam verilməsi və mənzildən ailəsi ilə birlikdə çıxarılması hissəsinin rədd edilməsinə və evin mülkiyyət hüququnun ona verilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan cavabdeh iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh1 ona məxsus ünvan 3 mənzil 30-da istifadə hüququna 4000 manat kompensasiya ilə xitam verilməsi və arvadı Cavabdeh2 və uşağı Ələkbərov İbrahim Əlövsət oğlunun ona məxsus ünvan 3 mənzil 30 saylı mülkdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək bildirdi ki, Cavabdeh1 iddiaçının oğlu, Aytən gəlini, İbrahim nəvəsidir. İddiaçının arvadı X3 xx.xx.2000-ci ildə vəfat etmişdir. İddiaçı cavabdeh və sonuncunun ailəsi ilə birlikdə ona məxsus olan ünvan 3 mənzil 30 saylı evdə yaşayırlar. Lakin son iki ildə onların arasında olan münasibətlər kəskinləşmişdir. Cavabdehlə iddiaçının birlikdə bir mənzildə yaşaması mümkün deyildir. İddiaçı 74 yaşında yaşlı adamdır, o, rahat yaşamalıdır, lakin cavabdeh, xüsusən gəlini buna imkan vermir. İddiaçı cavabdeh olan oğluna 4000 manat kompensasiya verməyə razıdır. Sonda iddiaçının nümayəndəsi ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında iddiaçı ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cavabdeh ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, o, 1979-cu il tarixdən bugünə kimi Gəncə şəhəri, Məhrəsə bağı ev 16, mənzil 30 da yaşayır. İddiaçı onun atasıdır. Onun atası ilə anası X3 rəsmi nikaha girməklə ailə qurmuşlar, birgə nikahdan o və bacısı doğulmuşdur. Onun valideynləri yola getmədikləri üçün onların arasında olan nikah 1996-cı il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Hər iki uşaq anası ilə mübahisəli mənzildə qalmış, ataları isə Rusiya Federasiyasına getmişdir. Onun atası Rusiya Federasiyasına gedəndən sonra onlarla maraqlanmamışdır. Onun anası xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Hətta anası rəhmətə gedəndə də, atası dəfn mərasiminə gəlməmişdir. O, bir övlad kimi anasının bütün dəfn xərclərini özü çəkmişdir. Mübahisəli mənzili iki dəfə öz hesabına təmir etdirmiş, mənzilə 10000 manatdan çox pul xərcləmişdir. Mənzilin bütün kommunal xərclərini həmişə vaxtı-vaxtında ödəmişdir. Onun bacısı ailə qurduqdan sonra mübahisəli mənzildə yaşamamışdır. Mənzildəki bütün əşyalar ona məxsusdur. 2019-cu il tarixdə onun atası Rusiya Federasiyasından qayıtmış, onunla birgə mübahisəli mənzildə yaşamışdır. Atası evi onun adına keçirəcəyinə söz verib, onun razılığını alıb evi özəlləşdirdikdən sonra, müxtəlif bəhanələrlə narazılıqlar edib, onu və ailəsini mənzildən çıxarmaq qərarına gəlmişdir. İddiaçı olan atası onları mənzildən çıxarıb ikinci dəfə evlənib mübahisəli mənzildə tək yaşamaq istəyir. O, bir övlad kimi üzərinə düşən vəzifəni yerinə yetirir və yetirməyədə davam etməyə hazırdır. Hazırda onunla atasının münasibətləri normallaşmışdır, hətta bir müddət öncə o, atasını hava limanında özü mehribançılıqla xaricə yola salmışdır. Sonda cavabdeh ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbayacan Respublikasının Daxili işlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 2-da İddiaçı, Ələkbərova Hüsniyyə Əlövsət qızı və İddiaçı Əlövsət oğlu qeydiyyatdadılar. - Gəncə şəhər Mənzil kommunal Təsərrüfat İstehsalat birliyi Koperativ Binalar üzrə Xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 həqiqətən Gəncə şəhəri, Məhrəsə bağı 16 saylı binanın 30 nömrəli mənzildə yaşayır. - doğum haqqında şəhadətnamədən görünür ki, Ələkbərov İbrahim Əlövsət oğlu xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Ata qrafasında Cavabdeh1, ana qrafasında Cavabdeh2 qeyd edilmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 arasında xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 xx xxxxxx 2000-ci il tarixdə 53 yaşında ölmüşdür. - xx.xx.2019-cu il tarixli notarial qaydada təstiq olunmuş ərizədən görünür ki, Cavabdeh1 ünvan 3 mənzil 30 saylı ünvanın özəlləşməsinə razılıq vermişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(044)- 1701/2020 saylı qərardadına əsasən məhkəmə – qiymətləndirmə ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Gəncə şəhəri Əmlak Münasibətləri və Hüquqi yardım MMC-nin xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(044)-1701/2020 saylı qərardadına əsasən ünvan 2 ünvanında yerləşən mənzilin bazar qiymətinin və həmin şəraitdə olan evlərin aylıq kirayə haqqının məbləğinin müəyyən edilməsi üçün mənzilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sözügedən mənzil şəhərin Məhrəsə Bağı adlanan ərazisində, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Mənzil 3 yaşayış otağından, dəhlizdən, hamamdan, ayaq yolundan və binanın iki tərəfinə baxan eyvanlardan ibarətdir. Həm yaşayış otaqları, həm də köməkçi sahələr orta təmirlidir. Mənzilin pəncərə və qapıları, otaqların döşəməsi köhnədir. Yuxarıda göstərilənləri nəzərə alaraq müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzilin bazar qiyməti hazırda təxminən 42000-45000 manat, həmin şəraitdə olan boş evlərin aylıq kirayə haqqının məbləği isə təxminən 100-120 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən təklif olunan 4000 manat məbləğində kompensasiya məbləği Cavabdeh1 ailəsi ilə birlikdə davamlı surətdə əvvəlki mənzildə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyinə görə ilkin iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə qarşılıqlı iddianı da aşağıda göstərilənlərə görə əsassız hesab edir. Çünki Cavabdeh1 özü xx.xx.2019-cu il tarixdə notarial qaydada ərizə verərək ünvan 3 mənzil 30 ünvanında yerləşən mənzilin İddiaçı adına bütövlükdə özəlləşməsinə heç bir etirazı olmadığını, razı olduğunu bildirmiş və xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən həmin mənzil tam pay olaraq İddiaçı xüsusi mülkiyyətidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdeh1 qarşılıqlı iddianı atasının evi ona vermək adı ilə onu aldadaraq razılığını alması ilə əsaslandırsa da, bu halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilin İddiaçı xüsusi mülkiyyətində olmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış qüvvədədir və buna görə də qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumuları müvafiq olaraq iddiaçı və cavabdehə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Aydın qızına və Ələkbərov İbrahim Əlövsət oğluna qarşı istifadı hüququna kompensasiya ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Cavabdeh1 İddiaçı qarşı evin mülkiyyət hüququnun ona verilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-194/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-194/2021
19.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver