Məhkəmə qərarları › İş №2(044)-2003/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2003/2021

14.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2003/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək ona məxsus Gəncə şəhəri, Bakıxanov küçəsi 6 və Gəncə şəhəri, Atatürk prospekti 204 saylı evlərə əsassız olaraq yazılmış su borclarının silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəlidir və 2 azyaşlı uşağı vardır. Ailəsi ilə birlikdə 2007-ci ildən ünvan 1 ünvanında yaşayırlar. Həmçinin onun adına mərhum anasından miras qalmış Gəncə şəhəri, Bakıxanov küçəsində yerləşən 6 saylı ev və həmin ildə aldığı Gəncə şəhəri, Atatürk prospekti 204 saylı ünvanda yerləşən ev vardır. Onun adına olan həmin ünvanlarda yerləşən evlərdə 2007-ci ildən bu yana heç bir yaşayış olmamışdır. Ancaq buna baxmayaraq onun adına Gəncə şəhəri, Bakıxanov küçəsində yerləşən 6 saylı evə dair 749,02 manat, Gəncə şəhəri, Atatürk prospekti 204 saylı ünvanda yerləşən evə dair isə 515,28 manat əsassız borc hesablanmışdır. Dəfələrlə cavabdehə müraciət etsə də, ona bildirmişlər ki, göstərilən borc komputerə düşmüş və bu məsələ yalnız məhkəmə qaydasında həll olunmalıdır. Odur ki, məcbur qalıb hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, əvvəllər iddiaçının mülkiyyətində olan mənzillərə su və kanalizasiyadan istifadə üzrə borc evdə qeydiyyatda olan şəxslərə uyğun olaraq hesablanmışdır. İddiaçı yaşayış olmaması ilə bağlı onlara müraciət etməmişdir. Ona görə də iddianın təmin edilməsi qanunamüvafiq deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş MH seriyalı ******* saylı və MH seriyalı ******* saylı çıxarışlardan görünür ki, Gəncə şəhəri, ünvan 2 fərdi yaşayış evi və Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 204 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Evlər Üçlüyü tərəfindən verilmiş 07.05.2021-ci il və 08.05.2021-ci il tarixli arayışlardan görünür ki, Gəncə şəhəri, ünvan 2 fərdi yaşayış evi və Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 204 nömrəli ünvanda yaşayış olmayıbdır. Abonent Kartı məlumatlarından görünür ki, Gəncə şəhəri, ünvan 2 fərdi yaşayış evi üzrə su və çirkab sulara görə 749,02 manat, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 24 nömrəli fərdi yaşayış evi üzrə isə su və çirkab sulara görə 515,28 manat borc hesablanmışdır. X6 İstismarı İdarəsi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli, 797 və 798 saylı arayışlardan görünür ki, Gəncə şəhəri, ünvan 2 ünvanda 23.02.2011-ci il tarixdən, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 204 nömrəli 24.07.2012-ci il tarixdən təbii qazdan istifadə olunmur. X4 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli, 124/264 saylı arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 204 nömrəli ünvanda elektrik enerjisindən istifadə olunmur. X1 abonent bazasında mövcud deyil. Qeyd olunan ünvanda elektrik sayğacı quraşdırılmamışdır və elektrik sayğacından istifadə edilmir. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyi əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş MH seriyalı ******* saylı və MH seriyalı ******* saylı çıxarış üzrə Gəncə şəhəri, ünvan 2 ünvanda və Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 204 nömrəli ünvanda yerləşən əmlaklar tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin əmlaklarda 2011ci ildən bu yana yaşayış yoxdur. Ümumiyyətlə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 204 nömrəli ünvanda yerləşən ev sökülmüş və yerində yarımçıq tikili inşa edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən Gəncə şəhəri, ünvan 2 fərdi yaşayış evi üzrə su və çirkab sulara görə 749,02 manat, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 24 nömrəli fərdi yaşayış evi üzrə isə su və çirkab sulara görə 515,28 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcu mübahisələndirərək silinməsinə nail olmaq istəyir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə su və kanalizasiya xidmətlərindən istifadə üzrə yaranmış mübahisədir. Mübahisə aşağıdakı qanunvericilik müddəaları əsasında təhlil edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarında tərəflər arasında bağlanmış suyun alqı-satqısı müqavilə olmasa belə mübahisəli ünvanlara dair təqdim edilmiş abonent kartlarından görünür ki, ünvanlara dair 32998793 və 33113318 saylı müqavilələr mövcuddur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsində qeyd olunmuşdur ki, su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Su Məcəlləsindən və digər normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 30-cu maddəsində göstərilmişdir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadəçisi ola bilərlər. Həmin Məcəllənin 45-ci maddəsində qeyd olunmuşdur ki, sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək sudan istifadə edənlərin vəzifələrindən biridir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində əsas anlayışlardan biri kimi qeyd olunmuşdur ki, su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir, kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir, su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir, istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Həmin Qanunun 61-ci maddəsində göstərilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. İş materialları ilə təsdiq olunur ki, Gəncə şəhəri, ünvan 2 ünvanda və Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 204 nömrəli ünvanda yerləşən əmlaklar tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin ünvanlarda 2011-ci ildən yaşayış olmamasına baxmayaraq cavabdeh tərəfindən su və çirkab sularına görə hazırda mübahisələndirilən borclar hesablanmışdır. Hansı ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 204 nömrəli ünvanda ümumiyyətlə fərdi yaşayış evi sökülmüşdür. Bununla bağlı məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na nəzər salınmasını zəruri hesab edir. Həmin Qaydaların suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtlərindən bəhs edən 7.1 və 7.4-cü bəndlərində göstərilmişdir ki, suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində su təchizatı və kanalizasiya müəssisəsinə təqdim etməlidir. Su təchizatı və kanalizasiya müəssisəsi hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhz cavabdehin nümayəndəsinin də iddianın rədd edilməsi barədə gətirdiyi arqument yuxarıda göstərilən Qaydaların müvafiq bəndləridir. Həmin bəndlərə nəzər salınan zaman iddiaçının istehlakçı kimi məlumat verməli olması təsbit edilmişdir. Məhkəmə bu əsasa görə ədalətli məhkəmə araşdırması prinsipindən yanaşaraq həqiqətin müəyyən edilməsi üçün qanunun aliliyinin aşkar olunmasına önə çəkir. Qanunun aliliyi dedikdə fərdin qanun qarşısında bərabər olması və ədalətin hər bir fərd üçün əlçatan olması başa düşülür. Hansı ki, hüquqi dövlətin təməlini qanunların aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının müdafiəsi təşkil edir Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri kimi hakimlər tərəfindən işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri) . Məhkəmə göstərir ki, iddiaçının cavabdehə məlumat verməməsi onun vəzifəsi kimi müəyyən olunduğu kimi, cavabdehin də həmin Qaydalara əsasən müəyyən hüquqları və vəzifələri vardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) vəzifələrindən bəhs edən 2.1.9 və 2.1.9.2-ci bəndlərində göstərilmişdir ki, STKM verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etməlidir. Həmin Qaydaların istehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsindən bəhs edən 8.1-ci və 8.1.8-ci bəndlərində göstərilmişdir ki, istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə dayandıra bilər. Göründüyü kimi istehlakçı kimi iddiaçı tərəfindən 1 ay müddətində pul ödənilməməsi nəticəsində cavabdehin onun su təchizatını dayandırmaq hüququ olsa da, cavabdeh bu addımı atmamış və iddiaçının əsassız olaraq borclanmasına gətirib çıxarmışdır. Hansı ki, iş materialları ilə birmənalı təsdiq edilir ki, göstərilən ünvanlarda 2011-ci ildən yaşayış olmamış və heç bir kommunal xidmətlərdən istifadə edilməmişdir. Ümumiyyətlə mübahisəli ünvanlardan birində fərdi yaşayış evi tam şəkildə sökülmüşdür. Bu fakt məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da təsdiqini tapmışdır. Məhkəmə göstərir ki, dövlət orqanları ilə fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlər müəyyən qanuni hərəkətlərə və ya təkrarlanan praktikaya əsaslanan inam əsasında yəni qarşılıqlı etimad əsasında formalaşır. Bütün dövlət orqanlarının qarşısında duran ən mühüm məqsəd insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaqdan ibarət bir fəaliyyətdir. Hazırda cavabdehin mübahisəli ünvanlarda yaşayış olmamasına baxmayaraq, su təchizatını dayandırmaması, nəticədə iddiaçıya əsassız borcun yazılması onun qanunla verilən hüquqlardan düzgün istifadə etməməsidir. Hansı ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələri) Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Qeyd olunanları nəzərə alaraq iş üzrə tədqiq edilmiş sübutlara yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan Gəncə şəhəri, ünvan 5 ünvana yazılan 749,02 manat və ünvan 6 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar