Məhkəmə qərarları › İş №2(044)-2010/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2010/2021

06.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2010/2021 06.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi, maddi və mənəvi ziyanın ödənilməsi” iddia ərizəsi ilə məkhəməyə müraciət edərək, "xxxx" ASC “Gəncə Qərb RETSİ”-nin əməkdaşları tərəfindənəsassız olaraq üzərinə yazılmış 214.62 manat borcun silinməsinə və cavabdeh təşkilatdan ona vurulmuş maddi və mənəvi ziyan kimi 1000 manatın və ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin 18.02.2020-ci il tarixdə onun hələ tikintisi yarımçıq olan istismara yararsız Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsində olan evində quraşdırılmış sayğaca onun iştirakı olmadan baxış keçirib, sayğacın ekranının göstərmədiyini müəyyən etmişdir. Onların tərtib etdikləri 18.02.2020-ci il tarixli aktda, guya onlar araşdırma nəticəsində müəyyən etmişlər ki, “2017-ci ilin may ayından həmin sayğacın sərfiyyatını “mini pult” götürmür. 2018-ci ilin dekabr ayından sonra isə ödəniş edilmir. Hal-hazırda enerji gedir, sayğacdan P-0.5 kvt”. Aktın mənasına görə guya “sayğaca pul yüklənməmişdir”. Halbuki, əgər sayğacda pul olmasa, enerji gedə bilməz. Cavabdeh təşkilatın əməkdaşlarının tərtib etdikləri aktda, sayğac dəyişdirilməli, enerji ilə əvəz olunmalı, hesablanacaq məbləğ ödənilməli, əks halda enerji verilişi dayandırılacağı bildirilmişdir. Onun tikdirdiyi ev istismara yararsız olduğundan, orada yaşayış yoxdur və o, həmin evə gələcəkdə sayğac qoymaqdan ötrü yerin, elektrik naqillərinin altı bir daha sökülməsin deyə sayğac qoydurmuşdur. Amma pul da keçirmişdir ki, lazım olarsa tikinti üçün hansısa işi gördürərkən işıq olsun Çox maraqlıdır ki, cavabdeh təşkilatın nümayəndələri dəlib onun iştirakı olmadan evindəki sayğaca baxış keçuirmişlər, akt yazmışlar, sonradan sayğacı dəyişdirmişlər, amma normaya uyğun olaraq avtomat qoymamışlar. Həmin akt 18.02.2020-ci il tarixdə tərtib edilməsinə və ona guya sayğacın ekranı göstərmədiyinə görə 214 manat 62 qəpik cərimə yazılmasına baxmayaraq, bu barədə ona heç bir bildiriş göndərməmişlər. O, yalnız bu yaxınlarda sayğaca pul yükləyərkən, sayğacda 16 manat pul olmuş, məlum olmuş ki, onun yüklədiyi 50 manatdan sonra sayğacda 66 manat olmalıolduğu halda sayğacda cəmi 41 manat pul göstərilmişdir. O, bu barədə sahə müvəkkili Vəfa xanıma müraciət etmiş və əvəzində ona 214.62 manat cərimə yazılmışdır. O, dəfələrlə cavabdeh təşkilata gedib-gələndən sonra nəhayət cavabdeh təşkilatın əməkdaşlarının tərtib etdikləri aktın surətini, “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” protokolu, eləcə də sayğacların və cərəyan transformatorlarının yoxlanması protokollarını və "xxxx" ASC-nin Qərb RETŞİ-dən ona 214.62 manat cərimə tətbiq edilməsinə dair icra vərəqəsini almış, lakin onların tərtib etdikləri sözügedən protokol o dərəcədə səhlənkar tərtib edilmişdir ki, o, həmin protokolu oxuya bilmədiyindən bir neçə dəfə getdikdən sonra ona az da olsa oxumağa imkan verən ******* saylı protokol verilmişdir. Cavabdeh təşkilatın guya əvvəlcə mövcud olan sayğacın ekranının görünməməsinə dair yazdıqları düzgün deyil, qeyd etdiyi kimi həmin ünvanda yaşayış olmadığından heç kəs sayğaca müdaxilə etməmişdir. Belə olan halda nəyə görə o, 214.62 manat cərimə ödəməlidir, üstəlik bu məsələdən ötrü dəfələrlə cavabdeh təşkilata ayaq döyməli imiş. O, iş adamıdır, onun hər saatı, dəqiqəsi ölçülüb-biçildiyindən bu müddətdə həm mənəvi zərər çəkmişdir, həm də maddi qazancından olmuşdur. Bu səbəbdən də cavabdeh təşkilatın qeyd olunan qanunsuz hərəkətləri üzündən ona zərər dəymişdir. Əgər onun hələ istismara yararsız mülkündə istismara yararsız sayğac var idisə, nəyə görə ona məlumat verilmədən, iştirakı təmin edilmədən sayğaca baxış keçirilmiş, bu barədə tərtib olunmuş akt bir il üç aydan sonra onun təşəbbüsü ilə, yəni o, sayğaca pul yükləmək istəyəndə ona məlum olduqdan sonra o, cərimə olunmasını bilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat veərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirdi ki, 18.02.2020-ci il tarixli Gəncə Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən abonentin evinə quraşdırılmış Smart kart tipli sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, dövrədən (05 kvt.güc) 2.3A cərəyan axmasına baxmayaraq sayğac enerjini qeyd etmədiyi, sayğacın ekranı göstərmədiyi, 2017-ci ildən etibarən “mini pult” sayğacın parametrlərini oxumadığı, 2018-ci ilin dekabr ayından etibarən isə abonent sayğaca pul vəsaiti yükləməmişdir. Qeyd olunan şərtlər əsasında 163960 saylı akt tərtib olunmuş, sayğacın dəyişdirilməsi, hesablanacaq məbləğin ödənilməsi, əks halda enerji verilişinin dayandırılması tələb olunmuşdur. Göstərilən tələblərə və laboratoriyanın verdiyi 29.08.2020-ci il tarixli 194036 saylı rəy protokoluna əsaslanaraq EEİQ-nin tələblərinə uyğun hesabat verilmişdir. İddiaçının evində protokol tərtib olunarkən heç bir qanun pozuntusa yol verilməmişdir. X1 Qaydalarının tələblərinə tam əməl olunmuşdur. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qisməm təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, iddiaçıya məxsus Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsində olan evində quraşdırılmış sayğaca "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərkən, sayğac ötürən enerjini qeyd etməməsi, sayğacın ekranı göstərməmiş, adi məftildən işıq yanmışdır. Bu hal tərəflərindən 10 gün müşahidə olunmuş, lakin sayğac ötürülən enerjini yazması müəyyən olunmamışdır. Bu barədə akt tərtib olunmuş, 214.62 manat borc hesablanmışdır. Sayğacda yaranmış nasazlıq abonentin müdaxiləsi mümkünsüzdür, həmin nasazlıq adətən yağış sularının sayğaca düşməsi nəticəsində yaranma ehtimalını istisna etmir. İş materiallarına əlavə olunmuş 18.02.2020-ci il tarixli 163960 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları aparıcı mütəxəssis S.Məmmədov, mühəndislər A.Nəsirov və M.Talıbovanın iştirakları ilə İddiaçı məxsus Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsində olan evində quraşdırılmış abonent kodu **********3 saylı sayğaca baxış keçirilərkən, 2017ci ilin may ayından həmin sayğacın sərfiyyatını mini pult götürmür, 2018-ci ilin dekabrından sonra isə ödəniş edilməməsi, hal-hazırda enerji gedir, sayğacdan, P-0.5 kvt (sıfır onda beş). SMART sayğacları üzrə mütəxəssis Fuad Mirzəyevlə araşdırılma aparılmış, sayğac yenisi ilə əvəz edilməsi, hesablanacaq məbləğin ödənilməsi, əks halda enerjisinin verilməsinin dayandırılacağı bildirilmişdir. İş materiallarında olan sayğacların və cərəyan transformatorlarının yoxlanması barədə 29.08.2020-ci il tarixli ******* saylı protokoldan görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsində olan evində quraşdırılmış abonent kodu **********3 saylı sayğaca baxış keçirilərkən, sayğac daxili smart hissəsində yaranmış qüsurlar sayğacın yaddaşını oxumaq olmur, ekranı açılmır, istismara yararsızdır. İş materiallarında olan 10.09.2020-ci il tarixli "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrin in icra vərəqəsindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsində olan evində quraşdırılmış abonent kodu **********3 saylı sayğacın ekranı göstərmir, 2018-ci ilin dekabr ayından sonra ödəniş edilməmişdir və 214.62 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarının: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. - 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Sadalanan qanunvericilik normalarından göründüyü kimi İddiaçı məxsus Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsində olan evində quraşdırılmış eletkrik sayğacının plombunun qorunmasına görə Azərişıq ASC cavabdehlik daşıyır. Bundan başqa iddiaçıya məxsus elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, Azərişıq ASC tərəfindən İddiaçı iştirakı ilə araşdırma aparılmalı və ikitərəfli aktla sənədləşdirilməli idi. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, cavabdeh 22.08.2020-ci il tarixli protokolu tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Çünki həmin protokol onun iştirakı olmadan tərtib edilmiş, ona sayğacın əvəzlənməsi barədə məlumat verilməmiş, o, protokolu imzalamamışdır. Cavabdeh məhkəmədə iddiaçının elektrik sayğacına müdaxilə etdiyini, sayğacın iddiaçının təqsiri üzündən zədələndiyini sayğaca baxış keçirilərkən iddiaçının iştirakının təmin olunduğunu sübut etməli olsa da, bu faktları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədənvə faktiki olaraq cavabdehin işçilərinin səhlənkarlığı nəticəsində əsassız olaraq iddiaçıya 214.62 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini pulun silinməsi hissəsində əsaslı hesab etmişdir. Lakin iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 1000 manat maddi ziyan dəydiyini bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, "xxxx" ASC “Gəncə Qərb RETSİ”-si tərəfindən İddiaçı məxsus Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsində olan evinə hesablanmış 214.62 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC“ Gəncə Qərb RETSİ”-si tərəfindən İddiaçı məxsus Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsində olan evinə hesablanmış 214.62 manat məbləğində borc silinsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC“Gəncə Qərb RETSİ”-dən alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar