Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2013/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı «itirilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı «itirilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh itirilmiş qazın dəyəri olaraq 216 manat məbləğində pulun, həmçinin 20.40 manat ödənilmiş dövlət rüsumunun alınaraq “Azəriqaz” İstehsalat Birliyinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” X1 X4 İdarəsi ilə Cavabdeh (kod: **********00060) arasında 10.08.2020-ci il tarixli YR-293 saylı qaz paylayıcısı ilə məişət-qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı, onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Belə ki, Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı 10.08.2020-ci il tarixdə ******* nömrəli akta əsasən yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”na göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın MSK29/1710- 03228-1 saylı rəyinə əsasən sayğaca baxış keçirilməsi nəticəsində yivli birləşmələrin korroziyaya uğradığı, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün 13.11.2020-ci il tarixdə ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160m3 hesabat aparılmaqla 216.00 manat dəymiş ziyan hesablanmışdır. Bununla da abonentin “Azəriqaz” X1 X4 İdarəsinə 216 manat borcu yaranmışdır. Borc əsaslıdır və cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh göstərilən məbləğdən hazırki vaxta qədər ödəniş etməmişdir. Dəymiş ziyanın tam ödənilməsinə dair 30 mart 2021-ci il tarixli XN- 01/13-0605 saylı xəbərdarlıq məktubunun verilməsinə baxmayaraq abonent tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “Azəriqaz” X1 X4 İdarəsinin əməkdaşları tərəfindən ona məxsus olan fərdi yaşayış evində qaz sayğacı dəyişdirilərkən sayğacda hər hansı qüsur olması müəyyən edilməmişdir. 13.11.2020-ci il tarixdə tərtib edilmiş akta isə o, imza etməmişdir. Aktda olan imza ona məxsus deyildir. Həmçinin, sayğacın sökülməsi zamanı plomb yerində olmuşdur və plomb yerində olarkən sayğaca müdaxilə etmək mümkün deyildir. O, ümumiyyətlə heç vaxt sayğaca müdaxilə etməmişdir. Məhkəmədən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 10.08.2020-ci il tarixli YR-293 saylı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin surətindən görünür ki “Azəriqaz” İstehsalat Birliyi ilə fərdi istehlakçı Cavabdeh arasında ünvan 1 ünvana dair qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. 10.08.2020-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, qaz sayğacının istismar müddətinin bitməsi ilə əlaqədar həmin tarixdə qaz sayğacı yenisi ilə əvəz edilmişdir. 13.11.2020-ci il tarixli ******* saylı AKT-ın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvana quraşdırılmış sayğaca baxış keçirilən zaman, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın çıxış plasmas borusunun deşilməsi müəyyən olunmuşdur. 17.11.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvana quraşdırılmış qaz sayğacının yoxlanılması nəticəsində dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 olduğu müəyyən edilmişdir. Əvvəla qeyd edilməlidir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 10.08.2020-ci il tarixli aktdan görünür ki, qaz sayğacının istismar müddətinin bitməsi ilə əlaqədar həmin tarixdə qaz sayğacı yenisi ilə əvəz edilmiş və həmin aktdan görünür ki, qaz sayğacının üzərində 04260636 nömrəli plomb olmuş və qaz sayğacı dəyişdirilərkən onda hər hansı qüsurun olması müəyyən edilməmişdir. Lakin “Azəriqaz” İstehsalat Birliyinin 03 (üç) aydan sonra tərtib etdiyi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13.11.2020-ci il tarixli aktında göstərilir ki, sayğaca baxış keçirilən zaman, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın çıxış plasmas borusunun deşilməsi müəyyən olunmuşdur. İddia tələbinin dəlillərindən görünür ki, iddiaçı tərəf dəymiş ziyanın sübutu kimi əməkdaşlarının tərtib etdiyi akta istinad edir. Doğrudur ki, MPM-nin 76.2-ci maddəsinə görə həmin akt sübut növü kimi qəbul edilə bilər. Lakin nəzərə almaq lazımdır ki, əvvəla “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13.11.2020-ci il tarixli aktın tərtibatı zamanı cavabdeh akta imza etmədiyini bildirmiş, həmçinin cavabdeh iddianı qəbul etmir və akt yalnız orqanın əməkdaşları tərəfindən tərtib edilmişdir. Hansı ki, aktı tərtib edən şəxslər bir növ iddianın həllində maraqlı olan şəxslərdir. Ona görə də məhkəmə həmin aktın mötəbərliyini digər sübutlarla təsdiq ediləcəyi halda qəbul edəcəkdir. Məhkəmənin bu yanaşması mülki mühakimə icraatı zamanı imperativ qaydada nəzərdə tutulan sübutetmə vəzifəsindən irəli gəlir. Belə ki, MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə də göstərilən normaya uyğun olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə göstərir ki, sayğac dəyişdirilən zaman orada baş verən nasazlığa görə ziyan hesablanarkən bu ziyanın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi iş üzrə təqdim olunmuş sübutlarla təsdiq edilməlidir. Mövcud tərtib olunmuş aktın məzmunundan cavabdehin təqsirli hərəkətlərinin olub-olmaması, əgər olmuşdursa nədən ibarət olması, habelə həmin hərəkət ucbatından sayğaca müdaxilə edilməklə hesablama zamanı texniki yalnışlıqların olması müəyyən olunmur. Nəzərə almaq lazımdır ki, sübutlar qiymətləndirilərkən əsaslı şübhələrdən kənar standartlar tətbiq olunur. Məhkəmə qeyd edir ki, aktda göstərilən hallar öz təsdiqini birmənalı olaraq tapmadığından iddia əsaslı hesab oluna bilməz. Nəzərə almaq lazımdır ki, mülki mühakimə icraatı həqiqətin müəyyən edilməsinə və ədalətin bərqərar olunmasına rəvac verir. Hazırki vəziyyətdə sübutlarla təsdiq edlməyən iddianın təmin olunması ədalətli məhkəmə araşdırmasının nəticəsi ola bilməz. Odur ki, məhkəmə sadalanan halları yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirərək hesab edir ki, cavabdehin iddiaçı qarşısında təbii qazdan istifadə etməyə görə müqavilə üzrə hər hansı bir öhdəliyi yaranmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı «itirilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsassız olduğundan iş üzrə ödənilmiş 20.40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı «itirilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 20.40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2013/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2013/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver