Məhkəmə qərarları › İş №2(044)-204/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-204/2022

25.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-204/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 23 iyul 2003-cü il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun, 23 iyul 2003-cü il tarixdə anadan olmuş Əliyev Hüseyn Anar oğlu adlı övladı “Serebral İflic” diaqnozu ilə xəstədir, hazırda 18 yaşı var və bu xəstəlik səbəbindən də övladı hərəkət edə, danışa və qidalana bilmir. Bu vəziyyətdə də özünün pensiya təminatı, sağlamlığı ilə bağlı müstəqil şəkildə öz hüquqlarını həyata keçirə bilmir. Ərizəçinin nümayəndəsi X4 məhkəmə iclasında ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qıtnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.5-ci maddəsinə əsasən işə mamarlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Gəncə şəhər Psixonevroloji dispanserinin 28.02.2022-ci il tarixli 117 saylı rəyindən görünür ki, Əliyev Hüseyn Anar oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə Əliyev Hüseyn Anar oğlunun uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinət verilməsi, sonralar isə İ qrup müddətsiz əlillik təyin edilməsi, daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişlərini əldə etməməsi, keçirdiyi xəstəliklə əlaqədar olaraq hərbi qeydiyyatdan silinməklə hərbi xidmətə yarasız hesab olunması, hazırkı ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intelekt pozğunluqlarının (ekspertiza zamanı yoxlanılan şəxsdə bələdliliyin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, halhazırda harada olduğunu, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intelekti inkişafdan kəskin geri qalması, İQ=22 faiz) və aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. 30.07.2003-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi birgə nikahlarından 25 iyul 2003-cü il tarixdə X3 anadan olmuşdur. İlkin hərbi Qeydiyyata alınma haqqında 16.03.2020-ci il tarixli İQ-281079 saylı vəsiqənin surətindən görünür ki, 20.07.2003-cü il tarixdə anadan olmuş X3 həm dinc və həmdə müharibə dövrü üçün hərbi xidmətə yararsız sayılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhəri Nizami rayon Tibbi Sosial Ekspert Komissiyasının 7864 saylı müayinə aktından görünür ki, 23.07.2003-cü il tarixdə anadan olmuş X3 22.12.2004-cü il tarixdə müayinə olunmuş və növbəti müayinə tarixi 22.12.2006-cı il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhəri Nizami rayon Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 27.04.2007-ci il tarixli SER TSE-01 saylı arayışdan görünür ki, X3 09.03.2007-ci il tarixdə müayinə olunmuş ona serebral iflic diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X3 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, 23.07.2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.07.2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar