Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-212/2022 27.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu - 30 aprel 1998-ci ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müafiə edərək bildirmişdir ki, oğlu X5 anadangəlmə serebral iflic, uşaq serebral iflici, intelektual inkişafdan qalma, paraplegiya və tetraplagiya xəstəliyindən əziyyət çəkir. X5 əqli, zehni, nitqi inkişafdan geri qalmış, o, öz hərəkətlərini idarə edə bilmir, hərəkətlərində rəhbərlik edə bilmir və hərəkətlərinin mənasını dərk etmir, daima nəzarət altındadır. Hadisələri və ətrafda olanları qiymətləndirməkdən məhrumdur. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonda ərizəçi ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30.04.1998-ci il tarixdə Tərtər rayonunda doğulmuş, ata qrafasında X7, ana qrafasında Ərizəçi qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, X5 İ qrup əlildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya xidmətinin 25 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə məlumatdan görünür ki, X4 TSEK tərəfindən serebral iflic, uşaq serebral iflici, intellektual inkişafdan qalma.Paraplegiya və tetraplegiya diaqnozu qoyulmuş, əlilliyin müəyyən olunma meyarına görə İ dərəcəli əlildir. Ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir. Daima başqa şəxsin köməyi və qulluğuna ehtiyacı vardır. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X3 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. 13 noyabr 2021-ci il tarixli 684 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin verdiyi rəydən görünür ki, X5 xroniki xəstəlik olan ağır dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə uşaq serebral iflicinin qalıq əlamətləri, teatraplegiya ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (25 saylı TSEK-dən verilmiş 06.06.2016-cı il tarixli şəhadətləndirilmə aktı, 1 saylı uşaq xəstəxanasınadan verilmiş 449/193 saylı stasionar xəstənin tibbi kartasından çıxarış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı yoxlanılan şəxsdə bələdliyin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda harada olduğunu, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəsgin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan kəsgin geri qalması İQ=32% və s.) imkan verir. X5 uşaqlıqdan ağır dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, tetraplegiya ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək məhkəmə psixatrik ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 30 aprel 1998-ci il tarixdə, Tərtər rayonunda anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-212/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-212/2022
27.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver