Məhkəmə qərarları › İş №2(044)-2334/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2334/2021

08.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2334/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 22 iyun 1994-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, oğlu X2 ruhi xəstədir. O, birinci qrup əlildir, danışıb müstəqil hərəkət edə bilmir. Bütün hərəkətlərini onun köməkliyi ilə edir, arabadan istifadə edir. Bir sözlə düşünüb, danışmaq qabiliyyətinə malik deyildir. Müəyyən hərəkətlərə səs çıxarmaqla reaksiya verir. Ona qəyyum təyin edilmədiyi üçün fəaliyyət qabiliyyətsiz hesab edilməsi lazımdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28.04.2016-cı il tarixli, 055022 saylı vəsiqənin surətindən görünür ki, X2 İ qrup ümumi əlildir. İş materiallarında olan Gəncə şəhər Psixonevroloji dispanserinin məhkəmə psixiatrik ekspertizasının 24.08.2021-ci il tarixli, 494 saylı rəyindən görünür ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə səbəb X1 uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinət verilməsi, sonralar isə İ qrup müddətsiz əlillik təyin edilməsi, Gəncə şəhər Psixonevroloji Dispanserində 2008-ci ildən qeydiyyatda durması, Gəncə şəhər 1 saylı Uşaq xəstəxanasında stasionar müalicədə olması (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 06.09.2008-ci il tarixli 1140/2008 saylı ambulator karta, 1 saylı uşaq xəstəxanasında verilmiş 311/117 saylı stasionar xəstənin tibbi kartasından çıxarış), daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil məktəbində oxuya bilməməsi, oxumaq və yazmaq vərdişləri əldə etməməsi, keçirdiyi xəstəliklə əlaqədar olaraq hərbi qeydiyyatdan silinməklə hərbi xidmətə yararsız hesab olunması, hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının (ekspertiza zamanı yoxlanılan şəxsdə bələdliyin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, halhazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan kəskin geri qalması İQ=34% və sair) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X2 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, 22.06.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 iyun 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar