Məhkəmə qərarları › İş №2(044)-2361/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2361/2021

23.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2361/2021 23.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçılar İddiaçı1 və Məmmədova (Cəfərova) Yeganə Cəfər qızının cavabdehlər Abbasova (Cəfərova) Xatirə Cəfər qızına, Cavabdeh2, Cavabdeh1 qarşı “vərəsəliyin qəbul edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı1 və Məmmədova (Cəfərova) Yeganə Cəfər qızı məhrum həyat yoldaşı X1 18.10.2010-cu il tarixli, AN-İ ******* saylı vəsiyyətnamə üzrə vərəsəsi hesab edilməklərinə və ünvan 1 ünvanda 3 yaşayış otağından ibarət ümumi sahəsi 48.8 kv.m olan mənzilin ½ hissəsinin onun və ½ hissəsinin Məmmədova (Cəfərova) Yeganə Cəfər qızının adına qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulunundan imtina olunmalıdır. Məhkəmə ərizəçiyə onu izah edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Göründüyü kimi iddiaçılar iddia icraatı qaydasında məhkəməyə müracət edərək vərəsəliyin qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etsə də, yuxarıda göstərildiyi qaydada bununla bağlı notariat orqanına müraciət etməmişdir. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddiaçılara notariat əməliyyatlarını aparan orqanlara müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının 153-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. QƏRARA A L D İ M: İddiaçılar İddiaçı1 və Məmmədova (Cəfərova) Yeganə Cəfər qızının cavabdehlər Abbasova (Cəfərova) Xatirə Cəfər qızına, Cavabdeh2, Cavabdeh1 qarşı “vərəsəliyin qəbul edilməsi” tələbinə dair ərizənin icraat qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ona hazırki tələblə bağlı notariusa müraciət etmək hüququnun olması, notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda ondan şikayət vermək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar