Məhkəmə qərarları › İş №2(044)-2435/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2435/2021

05.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2435/2021 05.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras mülkə dair payın müəyyən olunması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mirkamilov Mir-Zeynalabdin Mirsahib oğlundan miras qalmış ünvan 1 ünvanda yerəşən fərdi yaşayış evinin X1 tərəfindən, onun ölümundən sonra isə onun tərəfindən mirası faktik qəbul edilməsi, əmlaka sahiblik etməyi və əmlakı faktik idarə etmək faktının müəyyən edilməsi, onun və övladı X2 miras əmlaka dair ¼ paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik hüquq münasibətlərinə əsasən vərəsəlik işinin açılması, mirasın qəbulu və ondan imtinanın rəsmiləşdirilməsi, habelə vərəsəlik şəhadətnaməsinin verilməsi mirasın açıldığı yer üzrə notariat orqanının səlahiyyətinə aiddir. Məhkəmələr mirasın qəbulu müddətinin uzadılması, mirasın faktiki qəbulu zamanı bu faktın notarius tərəfindən müəyyən edilə bilmədiyi halda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, eləcə də vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsinə dair mübahisələrə baxırlar. İddiaçı mirası qəbul etməsi barədə iddia irəli sürsə də mirasın qəbul edilməsi üçün ilkin olaraq notariat kontoruna müraciət etməmiş, notariat kontorunun onun mirası qəbul etməsini rəsmiləşdirməsindən imtina etməsi barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən mirasın qəbul edilməsi faktı hüquqi əhəmiyyətli fakt olmaqla xüsusi icraat qaydasında baxılır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə işlərə yalnız o halda iddia icraatı qaydasında baxılır ki, hüquq barədə mübahisə mövcud olmuş olsun. İddiaçının iddia ərizəsində Cavabdeh ilə hər hansı mübahisəsinin olub-olmaması, bu mübahisənin hüquq barədə mübahisə olması ümumiyyətlə məlum olmur. İddiaçı nəyə əsasən məhz Cavabdeh bu iddia üzrə cavabdeh olmalı olduğunu iddia ərizəsində əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.6-cı maddəsinə əsasən isə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin geri qaytarılması göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə təkrar iddia ərizəsi ilə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras mülkə dair payın müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar