Məhkəmə qərarları › İş №2(044)-2440/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2440/2021

12.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2440/2021 12.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi-Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X10 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm haqqında şəhadətnamənin və pasportun şəxsə məxsus olması” faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i : Ərizəçi məhrum əri X3 ölüm haqqında şəhadətnamənin və 19.11.2005-ci il tarixli, 772-128 nömrəli pasportun ona məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda Rusiya Federasiyasında məhrum əri X2 miras qalmış mənzilin rəsmiləşdirmə işləri aparmaq istəsə də ərinin ölüm haqqında şəhadətnaməsində və pasportunda adı səhv yazılmışdır. Həmin ölüm haqqında şəhadətnamədə onun adı səhvən “Ehtibar” əvəzinə “Ehtibor” kimi göstərilmişdir. Odur ki, məcbur qalıb hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Rusiya Federasiyasının Moskva şəhər 69 nömrəli ZAQS şöbəsi tərəfindən verilmiş 21.10.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 20 oktyabr 2020-ci ildə ölmüşdür; Rusiya Federasiyasının 19.11.2005-ci il tarixdə verilmiş 772-128 saylı pasportun surətindən görünür ki, X1 adı “X5” kimi qeyd edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında göstərdi ki, X1 Rusiya Feferaisyasındakı nikahda olan arvadı Ehtibarın mənzili ilə bağlı mübahisə açmışdır. Bu faktın təsdiq edilməsi həmin işlə bağlı onlara lazımdır. Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X11 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, ərizəçinin və nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla araşdıraraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsində qeyd edilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcəllənin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar-hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12.04.2019-cu i tarixli Qərarı ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. İşin hallarından göründüyü kimi ərizəçi Rusiya Federasiyasının Moskva şəhərindəki Qeydiyyat Şöbəsinin verdiyi ölüm haqqında şəhadətnamənin və Rusiya Federasiyasının vətəndaşına məxsus 19.11.2005-ci il tarixdə verilmiş 772-128 saylı pasportun mərhuma məxsus olması faktının müəyyən edilməsini xahiş edir.Yuxarıda göstərildiyi kimi hüquqi əhəmiyyətli fakt o halda məhkəmə tərəfindən müəyyən edilir ki, həmin faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada alınması mümkün olmasın. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, X1 Rusiya Feferaisyasındakı nikahda olan arvadı Ehtibarın mənzili ilə bağlı mübahisə açmışdır. Bu faktın təsdiq edilməsi həmin işlə bağlı onlara lazımdır. Məhkəmə qedyd edir ki, istər mərhuma məxsus pasportdakı, istərsə də ölüm haqqında şəhadətnamədəki səhvin o həmin sənədləri vermiş orqana müraciət etməklə aradan qaldırılması mümkündür. Ərizəçilər isə həmin orqanlara müraciət etməmişlər. AR MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək, tətbiq edilməli olan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin “ölüm haqqında şəhadətnamənin və pasportun şəxsə məxsus olması” faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm haqqında şəhadətnamənin və pasportun şəxsə məxsus olması” faktına dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar