Məhkəmə qərarları › İş №2(044)-245/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-245/2021

03.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-245/2021 03.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı-İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “maneənin aradan qaldırılması və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı “maneənin aradan qaldırılması və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 onun evinə axan suyun sızmasnın qarşısının alması və ondan su sızma nəticəsində dəymiş 3000 manat ziyanın və iddia qaldırarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onun xüsusi mulkiyyətindir. Həmin evi alqı-satqı yolu ilə 2016-cı ildə almş və bu barədə mülkiyyət hüququna dair cıxarışı vardır. Onun mülkiyyətində olan həmin evə cavabdeh tərəfindən yeraltı hovuzdan su sızması hasarının arxasında əkdiyi agac, tənək, küllərə saatlarla su şlanqını açıq vəziyyətdə qoyub sulaması nəticəsində evi bərbad vəziyyətə düşmüş, divarı daimi sulu vəziyyətdədir. Evdə rütubətdən yaşamaq mümkün deyil. O, dəfələrlə cavabdehə bu barədə müraciət etmişdir ki, su sızmasının qarşısını alsın. Lakin cavabdeh ona əhəmiyyət vermir, hər dəfə etdiyi müraciətini mübahisə ilə qarşılayır və hec bir tədbir qörmur. Vəziyyət barədə hüquq mühafizə orqanlarına (polisə), Gəncə şəhər İcra Hakimiyyətinə, Gəncə şəhər Gigiyena və Epidemiologiya mərkəzinə şikayət etməli olmuşdur. Onlar tərəfindən evə baxış keçirilmiş, cavabdehə maneələrin aradan qaldırılmasını demişlər. Lakin cavabdeh bundan da bir nəticə çaxartmadı. Evinin divarına su sızma nəticəsində əmələ gəlmiş qüsürların aradan qaldırılması üçün (divar su içindədir,suvağı tökülüb,boyası silinib və s) ona 3000 manat maddi ziyan dəymişdir. O, cavabdeh tərəfindən evinə onun yeraltı hovuzundan əmələ gəlmiş su sızmanın aradan qaldırılması və ona dəymiş zərərin ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev prospekti, 124 ünvanı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli 10/3052 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev küşəsi 168 ünvanında yerləşən yaşayış evinin zirzəmi mərtəbəsində, 168 və 170 saylı ünvanları ayıran ara barısının və zirzəmi mərtəbəsində yerləşən tikilinin konstruktiv elementləri üzərində qüsurların mövcud olduğu müəyyən edilir. Lakin 170 saylı evin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli 10/3052 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev küşəsi 168 ünvanında yerləşən yaşayış evinin zirzəmi mərtəbəsində, 168 və 170 saylı ünvanları ayıran ara barısının və zirzəmi mərtəbəsində yerləşən tikilinin konstruktiv elementləri üzərində qüsurların mövcud olduğu müəyyən edilir. Lakin 170 saylı evin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 168 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 820.0 manat məbləğində müəyyən edilir; İş materiallarında olan Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 30 iyul 2020-ci il tarixli 1194 nömrəli rəyindən görünür ki, müvafiq tədbirlərin görülməsi üçün Ə.Əliyev küçəsi 170 saylı ünvanda yaşayan X4 xəbərdar edilmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında izahat verən İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, ekspertiza tədqaiatının vaxtı və yeri barədə o mıəlumatlandırılsa da ekspert gələn günü o evdə olmamış, arvadı isə işdə olmuşdur. Arvadı işdə olduğundan iş vaxtında ekspertiza keçirildiyi üçün o baxışda iştirak edə bilmir.Onun özü də həmin vaxtı evdə olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarnı dinləyərək, onların izahatlarını iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İddia tələbindən göründüyü kimi iddiaçı cavabdeh X2 onun evinə su axıdılması nəticəsində əmlakına vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini 3000 manat məbləğində qiymətləndirir. Məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, hazırki iş üzrə iki dəfə ekspertiza təyin edilsə də, ekspert tərəfindən tədqiqat aparılması üçün cavabdeh tərəfindən şərait yaradılmamış, iddiaçının evində olan qüsurların iddiaçının özünün təqsiri ucbatından yaranması halları aşkar edilmədiyindən məhkəmə hesab edir ki, həmin qüsurlar cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranmışdır. Cavabdeh ekspertiza tədqiqatına lazımı şərait yaratmayaraq qüsurların yaranması səbəblərinin gerçəkdən müəyyən edilməsində maraqlı olmamışdır. Belə ki, hazırki iş üzrə iki dəfə ekspertiza təyin edilmiş, ekspertiza tədqiqatının vaxtı və yeri barədə cavabdeh məlumatlandırılsa da o evdə olmadığnı, arvadının isə işdə olmasını əsas gətirərək ekspertizanın özlərinə aid hissədə də aparılmasına şərait yaratmamışdır. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli 10/3052 nömrəli ekspert rəyini sübut növü kimi qəbul edir. Su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətinə uyğun olaraq 820 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş əmlaka qonşunun ziyan vurmasını və onun qeyri-hüquqi hərəkətləri nəticəsində dəymiş ziyanın 3000 manat məbləğində olmasını sübut etməlidir. İddiaçı ziyanın cavabdehin qeyri-hüquqi hərəkətləri nəticəsində vurulmasını sübut etmiş,ziyanın iddia tələbində göstərilmiş həddə olmasına dair tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdeh X4 tərəfindən iddiaçının evinə axdılan suyun qarşısı alınmalı, Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev küşəsi 168 ünvanında yerləşən evə dəymiş ziyanın məbləği olaraq 820.0 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu X1 alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 200 manat pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. X4 tərəfindən İddiaçı evinə axıdılan suyun qarşısı X4 tərəfindən alınsın. Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev küşəsi 168 ünvanında yerləşən evə dəymiş ziyanın məbləği olaraq 820.0 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu X1 alınaraq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 200 manat pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar