Məhkəmə qərarları › İş №2(044)-2467/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2467/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2467/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı- İddiaçı etibarnamə üzrə nümayəndəsi Mövsümov Tural İmran oğlunun, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxxxxxx” ASC, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Cavabdeh3nə qarşı “mənzilin qiymətləndirilməsinin ləğv edib, mənzilin hərraca çıxarılmasının müvəqqəti dayandırıb yeni qiymətləndirilmənin aparılması” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı yaşadığı, qeydiyyatda olduğu və qaynatası Mövsümov İmran Səməd oğlunun adına olan Gəncə şəhəri, Əttarlar küçəsi, ev-3A ünvanda yerləşən fərdi yaşayış evinə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il trixli, 452 nömrəli rəyin ləğv edilərək, mənzilə dair yeni qiymətləndirmənin aparılması və mənzilin hərraca çıxarılmasının, yeni qiymətləndirmə aparılmasına kimi dayandırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(044)-3852/2017 saylı qətnaməsi ilə Mövsümov Tural İmran oğlundan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 21598, 04 manat əsas borc, 2778,76 manat faiz borcu, 9 manat dəbbə pulu,cəmi 24385,8 manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 5 manat məbləğində çəkilmiş xərclər,iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı “xxxx”Bank ASC-yə ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə Mövsümov İmran Səməd oğluna məxsus Gəncə şəhəri,Nizami Rayonu Əttarlar küçəsində mülkiyyətində olan 0,0244 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı 36,7 kv. metr yaşayış,58,6 kv.m yardımı sahədən ibarət olmaqla, ümumi sahəsi 95,3 kv.m təşkil edən 3 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 55.000 manat dəyərində müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılaraq və onun satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdeh Mövsümov Tural İmran oğlunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 24385,8 manat borcun və ayrı-ayrı xidmətlər üçün ödənilmiş cəmi 65 manat məbləğində pulun iddiaçı “xxxx”Bank ASC-yə ödənilməsinin təmin edilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Mövsümov İmran Səməd oğluna məxsus Gəncə şəhəri,Nizami Rayonu Əttarlar küçəsində mülkiyyətində olan 3 A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və hərrac vasitəsilə satıldıqdan sonra bir ay müddətində mənzilin boşaldılması,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hal-hazırda Gəncə şəhəri, Əttarlar küçəsi, ev-3A saylıfərdi yaşayış evin hərrac yolu ilə satılması qərara alınmışdır. Həmin fərdi yaşayış evi dəyərindən olduqca aşağı qiymətləndirilmişdir. Ev əla təmirlidir və şəhərin mərkəzinə yaxın ərazidədir. Hal- hazırda bazar qiyməti yüksəlib, ona görə də mənzilin qiymətləndirilməsinə dair verilmiş rəy ləğv edilməli, evdə yeni qiymətləndirmə aparılmalı və mənzilin hərraca çıxarılması müvəqqəti olaraq yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək icratı dayandırılmalıdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(044)- 3852/2017 saylı qətnaməsinin surətindən görünür ki, Mövsümov Tural İmran oğlundan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 21598, 04 manat əsas borc, 2778,76 manat faiz borcu, 9 manat dəbbə pulu,cəmi 24385,8 manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 5 manat məbləğində çəkilmiş xərclər,iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı “xxxx”Bank ASC-yə ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə Mövsümov İmran Səməd oğluna məxsus Gəncə şəhəri,Nizami Rayonu Əttarlar küçəsində mülkiyyətində olan 0,0244 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı 36,7 kv. metr yaşayış,58,6 kv.m yardımı sahədən ibarət olmaqla, ümumi sahəsi 95,3 kv.m təşkil edən 3 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 55.000 manat dəyərində müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılaraq və onun satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdeh Mövsümov Tural İmran oğlunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 24385,8 manat borcun və ayrı-ayrı xidmətlər üçün ödənilmiş cəmi 65 manat məbləğində pulun iddiaçı “xxxx”Bank ASC-yə ödənilməsinin təmin edilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Mövsümov İmran Səməd oğluna məxsus Gəncə şəhəri,Nizami Rayonu Əttarlar küçəsində mülkiyyətində olan 3 A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və hərrac vasitəsilə satıldıqdan sonra bir ay müddətində mənzilin boşaldılması,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-524/2018 saylı qətnaməsinin surətindən görünür ki,cavabdehlər Mövsümov İmran Səməd oğlu və Mövsümov Tural İmran oğlu tərəfindən verilmiş Apellyasiya şikayəti təmin edilməmişdir, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(044)-3852/2017 saylı qətnaməsi onlaramünasibətdə dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-4516/18 saylı qərarının sürətindən görünür ki, Mövsümov Tural İmran oğlunun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmənin iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi Mövsümov Tural İmran oğlu məhkəmədən iddianın təmin edilməsini və yenidən qiymətləndirilmə keçirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbinin əsassız olduğundan iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnin və Cavabdeh3 nümayəndəsi tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilməmiş, onlar Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq cavabdehlər və iddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə cavabdehin və iddiaçının məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir(MM-nin 390.4-cü maddəsi). İddiaçı hərracın nəticələrinin ləğv edilməsini, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli 452 nömrəli rəyinin ləğv edilməsini ipoteka predmeti olan əmlakın qiyməti ilə razı olmaması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə onu qeyd edir ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir (İHQ 10.2-ci maddəsi). “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə görə, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Mülki Məcəllənin 414.2-ci maddəsinin tələbinə görə hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Həmin Məcəllənin 414.4-cü maddəsinə görə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Mülki Məcəllənin 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.3-cü maddəsinin tələbinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. (mülki Məcəllənin 415.4-415.7-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlak məcburi qaydada qiymətləndirilir. Həmin Qanunun 15-ci maddəsinə görə qiymətləndirmə standartları, normaları və peşəkar qiymətləndiricilərin hazırlanması qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və təsdiq edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci 5 maddəsinə görə qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 9 və 10-cu maddələri məhz qiymətləndiricinin hüquq və vəzifələrini tənzimləyir və orada qiymətləndirmə fəaliyyəti zamanı qiymətləndiricinin etməli olduğu hərəkətlər öz əksini tapıb. Nəzəriyyəyə görə, daşınmaz əmlakın qiymətləndirilməsi prosesi konkret obyektin qiymətləndirilmənin keçirildiyi, yaxud onunla bağlı əməliyyatın aparılacağı vaxt mövcud şəraitə uyğun olaraq əsaslandırılmış dəyər ekvivalentinin alınmış sifariş əsasında müəyyənləşdirilməsidir. Qiymətləndirmə prosesi ünvanlı proses olub, konkret daşınmaz əmlak obyektinə yönəldilmişdir və onun xüsusiyyətlərini (fiziki, texnoloji, hüquqi və s.), əhatəsini (ərazidə yerləşməsini, ekoloji, sosial, iqtisadi və s.) nəzərə alır, bu proses daşınmaz əmlakla aparılacaq əməliyyatlarla (məsələn, alqı-satqı, icarə, sığorta, vergitutma, girov qoyma) bağlıdır, bu proses müəyyən zamanla bağlıdır, yəni, daşınmaz əmlakın dəyəri həm cari vaxt, həm də gələcək dövrlər üçün müəyyənləşdirilə bilər. Eyni zamanda bu proses konkret subyektin sifarişi əsasında, konkret qiymətləndirici tərəfindən dəqiq reqlament çərçivəsində yerinə yetirilir, yəni, qiymətləndirmə konkret vaxt ərzində, müvafiq qanunvericiliyə, qiymətləndirmə standartlarına, müqavilə şərtlərinə riayət olunmaqla aparılır, həmçinin geniş məlumat bazasının yaradılmasını, mürəkkəb statistik və riyazi hesablamaların, təhlillərin aparılması ilə müşaiyət olunur. Qiymətləndirmə standartlarının yaradılması, müəyyən olunması “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş, lakin hələ ki, belə bir vahid standartlar müəyyən edilməsə də, hər bir halda oxşar standartlar tətbiq edilməklə qiymətləndirmə prosesi həyata keçirilmişdir. İddiaçı digər əsasla hərracın nəticələrini mübahisələndirməmişdir. Məhkəmə yeni qiymətləndirmə aparılana qədər mənzilin hərraca çıxarılmasının dayandırılmasına dair dəlilləri ilə bağlı onu qeyd edir ki, göründüyü kimi məhkəmə tərəfindən əmlakın yenidən qiymətləndirilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər “xxxxxxxx” ASC-yə, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və Cavabdeh3nə qarşı “mənzilin qiymətləndirilməsinin ləğv edib, mənzilin hərraca çıxarılmasının müvəqqəti dayandırıb yeni qiymətləndirilmənin aparılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gənçə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar