Məhkəmə qərarları › İş №2(044)-250/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-250/2022

03.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-250/2022 03.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi Ərizəçi, Maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, mərhum həyat yoldaşı X6 ilə birgə nikahlarından 20.08.1984-cü il tarixdə X5 anadan olmuşdur və onun övladı İslam İsmayılov uşaqlıqdan İ-ci qrup əlildir. Onun oğlu ümumiyyətlə özü-özünü idarə edə bilmir, xəstədir, daima onun və ailə üzvlərinin nəzarəti altındadır. O, oğlunun qəyyumu təyin edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 məhkəmə iclasında, ərizənin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış məktubda, İ qrup əlil 20.08.1984-cü il tarixdə anadan olmuş X3 onlara qəyyumluğa verilməsi Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricindədir və bununla bağlı məhkəməyə müraciət olunması bildirilmişdir. 05.06.2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 iyun 2014-cü il tarixdə vəfat etmişdir. 25.08.2001-ci il tarixli TSE-0 AR 371929 saylı arayışdan görünür ki, 1984-cü il təvəllüdlü X3 1-ci qrup uşaqlıqdan əlildir və müddətsiz. 26.Vİİİ.1989-cu il tarixdə Kirovabad şəhər Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Zenfira Sədi qızının birgə nikahlarından 20 avqust 1984-cü il tarixdə X5 anadan olmuşdur. 13.01.2022-ci il tarixdə Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 02 saylı rəydən görünür ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X5 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, 20.08.1984-cü il tarixdə Gəncə (Kirovabad) şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.08.1984-cü il tarixdə Gəncə (Kirovabad) şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar