Məhkəmə qərarları › İş №2(044)-254/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-254/2022

02.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-254/2022 02.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 18.09.1959-cu il tarixdə Ermənistan Respublikasında anadan olmuş X3nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 18.09.1959-cu il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, atası hal hazırda Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Atasının uzun müddətdir ki, xəstəliklərdən əziyyət çəkdiyini, hazırda atasının hipertaniya xəstəliyi, hipertanik kriz, beyin qan dövranının kəskin pozulması, sağ orta beyin arteriya hövzəsinin işemik insultu diaqnozu ilə xəstə olduğunu bildirmiş, eyni zamanda qeyd etmişdir ki, atası sərbəst qaydada özünü idarə etmək qabiliyyətinə malik deyildir, tez-tez yaddaşı itir, öz övladlarını belə tanıya bilmir. X3 ümumiyyətlə özünü idarə edə bilmədiyindən, hətta təbii ehtiyaclarının ödənilməsində belə köməksiz keçinə bilmədiyindən daim onun qulluğunda durur. Məhkəmə iclasında iştirakı edən Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunda izahat verərək ərizəsinin təmin edilməsini, X3nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında, ərizənin təmin olunması məsələsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 tərəfindən verilmiş 27.03.2021-ci il tarixli beyinin MRT müayinəsindən görünür ki, Ələddin Əhmədovda sağ alın təpə və ənsə paylarında böyüklüyü 13 mm ölşüsündə kortikosubkortikal çoxsaylı yarımkəskin dövr işemik ocaqlar, sağ talamusda 6 mm ölçüsündə və sol talamusda 8 mm ölçüsündə xroniki dövr işemik ocaqlar, sağ putamenin arxa hissəsində 6 mm ölçüdə xroniki dövr lakunar infarkt, supratentoryal sahədə mikroangipatik ocaqlar aşkar olunmuşdur. İş materiallarında olan X6 tərəfindən verilmiş 07.10.2021-ci il tarixli beyinin MRT müayinəsindən görünür ki, 1959-cu il təvəllüdlü Ələddin Əhmədovda sağ frontoparietotemporal nahiyədə sağ orta beyin arteriyası (MCA) hövzəsində kortikosubkortikal xroniki dövr işemik insult, hər iki periventrikulyar nahiyədə böyüyü 4-5 mm ölçüdə mikroangiopatik ocaqlar, hər iki tərəfdə bazal ganglialarda və hər iki talamusda böyüyü 7 mm ölçüdə xroniki dövr işemik ocaqlar, orta dərəcədə beyin atrofiyası, hər iki maksilyar sinusda böyüyü 14 mm ölçüdə bir neçə ədəd retenziya kistası, hər iki tərəfdə mastoid hücrələrdə minimal maye yığıntısı aşkar olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissədə fəaliyyət göstərən neyrocərrah Zaur Ramixanov tərəfindən verilmiş Çıxarış epikrizindən görünür ki, 18.09.1959-cu il təvəllüdlü X7 03.04.2021-ci il tarixdən 13.04.2021-ci il tarxədək həmin hərbi hissədə hipertoniya xəstəliyi, hipertonik kriz, beyin qan dövranının kəskin pozulması, sağ orta beyin arteriya hövzəsinin işemik insultu diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissədə fəaliyyət göstərən neyrocərrah Zaur Ramixanov tərəfindən verilmiş Çıxarış epikrizindən görünür ki, 18.09.1959-cu il təvəllüdlü X7 08.10.2021-ci il tarixdən 19.10.2021-ci il tarxədək həmin hərbi hissədə sağ orta beyin arteriya hövzəsinin xroniki işemik insultu, şəkərli diabet İİ tip diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Şəxsin pxisi vəziyyətini müəyyən etmək üçün Gəncə şəhəri Nizami Rayon məhkəməsinin 16.11.2021-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. 15.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 02.02.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 70 saylı rəydən görünür ki, X1 başlayan daman demensiyası, ifadə olunmuş davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F01.0 xəstəliyi keçirdiyindən hal-hazırda öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X7 hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X7 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, 18.09.1959-cu il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18.09.1959-cu il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar