Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2721/2021 30.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 Gəncə X5 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X1 Gəncə X5 İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məkhəməyə müraciət edərək 14 dekabr 2020-ci il tarixli ******* №-li akt ilə onun barəsində hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq bildirdi ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı yataqxanasının ətrafında 2008-ci ildə tikdirdikləri evdə yaşayırlar. Həmin evdə quraşdırılmış qaz sayğacı əvvəl qaynanasının, qaynanasının vəfatından sonra isə onun adınadır. 13 ildən cox müddətdir ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. İndiyə kimi qazla bağlı heç bir problem olmamışdır. Kartı yükləməklə qazdan istifadə etmişlər. 2020-ci ilin axırında qaz idarəsinin əməkdaşları onlara gəlib sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar sayğacın dəyişdirilməli olmasını bildirmiş, sonra onu dəyişdirərək mexaniki sayğac quraşdırmışdılar. Təxminən bir ay işlədikdən sonra o, Azəriqaz İB-dən mexaniki sayğacın smart kart tipli sayğacla dəyişdirilməsini tələb etdi. İstədiyi Zenit markalı qaz sayğacı quraşdırıldı və ona bildirildi ki, kartı Asan xidmətdən götürməlidir. Asan xidmətdə isə ona 216 manat miqdarında cərimə borcu olduğu bildirildi. O, buna etiraz etdikdə, orada qaz əməkdaşlarının ona tərtib etdikləri sənədlərin sürətlərini verdilər. Ona aydın oldu ki, qaz idarəsinin əməkdaşları tərəfindən onun xəbəri olmadan akt tərtib edilmiş və yazılmışdır ki, guya onların evindən çıxarılmış sayğac işlək olmamış, yivli birləşmələri korroziyaya uğrayıb, çıxış plastmas borusu deşilib. Buna görə 216 manat ziyan yazılmışdır. Həmin akt 14.12.2020-ci il tarixdə, onun xəbəri olmadan tərtib edilmiş həm də uydurulmuşdur ki guya o, aktı imzalamaqdan imtina etmişdir. Həmin aktda yazılan “Sayğac işlək olmamış, yivli birləşmələri korroziyaya uğrayıb, çıxış plastmas borusu deşilib”- sözlərinin ona aidiyyəti ola bilməz. Çünki onlar yalnız sayğaca kart vasitəsi ilə pul yükləmişlər. Sayğacda nə qüsur baş verməsinin onlara heç bir aidiyyəti yoxdur. Sayğac necə asılıbsa dəyişdirilənə kimi eləcədə durur. Onun sayğaca müdaxilə edib, onu zədələməsi məntiqsizdir. Qaz sayğacı mənzilin çölündədir. Gəncə X5 İdarəsinin işçiləri hər ay sayğaca baxıb müdaxilə olubolmamasını yoxlayırlar. Sözü gedən sayğac onun evinə 13 ildən artıq müddətdir ki, qoyulmuşdur. O, evindən qeyri-yaşayış sahəsi kimi istifadə etmir. Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 14.12.2020-ci il tarixli ******* №-li akt əsassızdır. Həmçinin bildirmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt onun xəbəri olmadan tərtib edilmişdir. Buna görə də o, cərimə ilə razı deyil, çünki sayğacda yaranmış problem onun günahından olmamışdır. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, 14.12.2020-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, sayğac yoxlanıldıqdan sonra sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən olunmuş və G 4 markalı qaz sayğacının nominal qaz sərfi 4m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 216 manat borc müəyyən olunmuşdur. Məhkəmə iddiaçını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.12.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, cavabdehin nümayəndələri Müseyib Avazov, Kamil Nəcəfov, Əbülfəz Namazovun iştirakı ilə istehlakçıya məxsus yaşayış sahəsində 14.12.2020-ci il tarixdə təbii qazın uçotu və TQİQna riayət olunması yoxlanılmış, sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. İş materiallarında olan 25.08.2020-ci il tarixdə Paylayıcı tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmiş, həmin akta əsasən Gəncə şəhəri, AKT 6 ünvanında istehlakçı İddiaçı evində quraşdırılmış sayğac çıxarılaraq, əvəzində yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X2 X5 İdarəsi tərəfindən verilmiş dəymiş ziyanın hesablanmasına dair arayışdan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı yataqxanasının ətrafında 90 gün üçün itirilmiş qazın həcminin 2160 m3 olması müəyyən edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 27 aprel 2021-ci il tarixli MN № ******* saylı qərardan görünür ki, İddiaçı barəsində tərtib edilmiş 19 mart 2021-ci il tarixli protokola əsasən 14.12.2020-ci il tarixdə Gəncə şəhəri, S.Rüstəmov küçəsi ev 21-də yaşadığı evdə qaz sayğacının hesablayıcı mexanizminə müdaxilə yolu ilə təbii qazdan qanunsuz istifadə nəticəsində 216 manat məbləğində ziyan vurması müəyyən edilmiş, barəsində İXM-in 282.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata inzibati xəta hadisəsi olmamasına əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Həmin qanunun 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 9-cu bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qərarın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qərarın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qərarın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qərarın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Azəriqaz” İB 14 dekabr 2020-ci il tarixli ******* №-li aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iddiaçının izahatını nəzərə alaraq qeyd edir ki, 14 dekabr 2020-ci il tarixli ******* №-li aktda qeyd olunan İddiaçı akta imza etməkdən imtina etməsi onun sayğaca kənar müdaxilə etməsi kimi qiymətləndirilməməlidir. Sonradan tərtib edilmiş 14 dekabr 2020-ci il tarixli aktda göstərilən qüsur – sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın çıxış plastmas borusunun deşilməsi cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. “Azəriqaz” İB borcu, sayğacın klapanının işlək olmaması, yivli birləşmələri korroziyaya uğraması, sayğacın çıxış plastmas borusunun deşilməsini nəzərə alaraq hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki qanunvericilikdə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, “Azəriqaz” İstehsalat Birliyi də bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin səhlənkarlığı nəticəsində əsassız 216 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış borc qanunsuz hesablanmış olduğuna görə ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. “Azəriqaz” X2 X5 İdarəsi tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 dekabr 2020-ci il tarixli ******* №-li akt ləğv olunsun. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş ******* nömrəli akt əsasında hesablanmış 216 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov.
Məhkəmə qərarları › İş №2(044)-2721/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2721/2021
30.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver