Məhkəmə qərarları › İş №2(044)-2776/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2776/2021

14.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2776/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X9, Cavabdeh, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, iddiaçı X12 Cavabdeh qarşı mirasın faktiki qəbulu, vərəsəliyin tanınması, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X18 iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Gəncə şəhər X22 prospekti 197-ci kv, ev 6, 40 saylı mənzil anası X7 məxsus olduğu üçün anasının 193-cü ildə vəfatından sonra 1 ədəd yorğan-döşək, 2 ədəd balınc, 1 ədəd xalçanı qəbul etmiş, mirası faktiki qəbul etdiyinə görə vərəsəliyin tanınması, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X14 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, iddiaçı Gəncə şəhər X22 prospekti 197-ci kv, ev 6, 40 saylı mənzil anasının vəfatından sonra miras əmlak kimi 1 ədəd yorğan-döşək, 2 ədəd balınc, 1 ədəd xalçanı götürmüş, anası vəfat edəndən sonra ailədə 5 uşaq, iki qardaş, üç bacı qalmışlar. Mənzil onlara ailədə 5 övlad olduqlarına görə verilmişdir, mənzil 5 otaqlıdır. X17 Əli oğlu hər dəfə sonuncuya onun da bu mənzildə payının olduğunu demişdir. O, da qardaşına inanıb heç bir quruma müraciət etməmişdir ki, qardaşı Şirzad evi satıb hamısının payını verəcəkdir. Qardaşı Şirzad evi öz adına keçirib, iddiaçının heç bir razılığı olmadan öz arvadı, Cavabdeh bağışlamışdır. Halbuki, evi özəlləşdirərkən sonuncunun da adı orderdə olmuşdur. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 2 saylı SİƏD üzrə nümayəndəsinin 22.06.2016-cı il tarixli arayışına əsasən 06.07.2018-ci ildə X10 adına çıxarış verilmişdir. 25.02.2019-cu il tarixli “Asan Xidmət” Mərkəzində bağışlanma müqaviləsinə əsasən mənzil Cavabdeh bağışlanmışdır və ona 26.03.2019-cu ildə çıxarış verilmişdir. İddiaçı hesab edir ki, onun və bacılarının hüququları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Sonda iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun qayınanası Sürəyya Əliyeva iddiaçı üçün ayrıca ev almış, mübahisəli evi isə onun ərinə vermişdir. Qayınanası vəfat etdikdən sonra iddiaçı həmin evdə yaşamamış, mirası qəbul etməmişdir. Mübahisəli ev miras əmlak kimi onun əri tərəfindən qəbul edilmiş, ərinin bacıları da razılıq vermiş və ev ərinin adına rəsmiləşdirilmiş, sonradan isə əri həmin evi ona bağışlamışdır. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi cavabdehin izahatındakı xüsusatları təsdiq edib iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 04 dekabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Kirovabad şəhər X8 İcrayyə Komitəsinin 27.02.1979-cu il tarixli 6 nömrəli protokolu ilə verilmiş 196 nömrəli order və Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin 22.06.2016-cı il tarixli N-2794 saylı arayışına əsasən Gəncə şəhəri Nizami rayonu, X22 prospekti 197-ci kv, ev 6, 40 saylı mənzil X10 adına qeydiyyata alınmışdır və ona 06.07.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “Asan xidmət” mərkəzində notariat ofisin 25.02.2019-cu il tarixli 4Ə-583 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil Cavabdeh bağışlanmışdır və ona 26.03.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncı şəhər Nizami Rayon Polis İdarəsinin 19.01.2019-cu il tarixli məktubundan görünür ki, X11, X1 və Şahid1 Gəncə şəhər Nizami rayonu X22 prospekti 197-ci kv, ev 6, 40 ünvanından Nizami rayon məhkəməsinin 2(044)-3900/2018-ci il tarixli 21.11.2018-ci il tarixli icra vərəqəsinə əsasən 04.01.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. - Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən X13 Gəncə şəhər Nizami rayonu X22 prospekti 197-ci kv, ev 6, 40 saylı mənzil 112.2 kv ümumi mülkiyyətə verilmişdir. Şahid X2 məhkəmə iclasda izahat verərək bildirmişdir ki, ev anası Əliyeva Sürayənin olub, 1993-cü ildə anası vəfat etmiş, anası öləndən sonra Oktay evdən çıxmışdır. O, özü də həmin evdə yaşamışdır, cavabdeh bacısını və onu da aldadaraq qeydiyyatdan çıxartmışırdır. O, 1983-cü ildən ailə qurmuş və hazırda onun iki uşağı vardır. Şahid X5 məhkəmə iclasda izahat verərək bildirmişdir ki, Oktay onun baldızının yoldaşıdır. O, onları 32 ildən artıqdır ki, tanıyır. Oktayın anası rəhmətə gedəndən sonra Oktayla evdəkilər arasında söz-söhbət olmuşdur. Həmin yasda olmuş və o, yas mərasiminə Oktayı qoymurdular. İli tam yanında deyil hardasa 90-ci illərdə o, həmin evə qonaq getmiş, evdə dava düşmüş, Tərxanım Oktayın başını yarmış və onu evdən qovmuşdur. Həmin vaxt Şirzad ağlayaraq Oktaydan getməməsini, evdə onun da payının olduğunu bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Şərh olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün aşağıdakı şərtlər nəzərdə tutulmuşdur: miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməklə faktiki surətdə mirası idarə etməyə və ya mirasa sahiblik etməyə başlamaq, həmçinin, notariat orqanına mirası qəbul etmək barədə ərizə vermək və bu hərəkətlərin miras açıldığı vaxtdan 6 ay müddətində edilməsi. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdehin əri Şirzad Əliyev miras açıldıqdan, yəni 1993-cü il tarixdən sonra mirasa faktiki surətdə sahiblik və idarə etməklə ailəsi ilə birlikdə orada yaşayaraq mirası qəbul etmişdir. Lakin iddiaçının miras əmlakda qardaşının ailə üzvləri ilə birlikdə yaşayaraq mirasın qəbul olunmasından xəbəri olmasına baxmayaraq, qeyd olunan hərəkətlərin heç biri iddiaçı tərəfindən edilməmiş, yəni iddiaçı mirasın açıldığı 1993-cü il tarixdən 6 ay ərzində nə həmin evdə yaşayaraq mirası idarə edib sahiblik etməyə başlamış, nə də mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmiş, bununla da mirası qəbul etməmişdir. İddiaçı miras əmlakı qəbul etməsini anasının 1 ədəd yorğan-döşək, 2 ədəd balınc və 1 ədəd gəvəni götürməsi ilə əsaslandırsa da, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçının dəvət etdiyi şahidlər də onun mirası qəbul etməsini təsdiq edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən miras qoyanın əmlakının qəbul edildiyi bildirilsə də, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X12 Cavabdeh qarşı mirasın faktiki qəbulu, vərəsəliyin tanınması, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçı X12 özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar