Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-278/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, psixi qüsurlara görə 1-ci qrup əlil olan xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, xx.xx.1974-cü il tarixdə anadan olmuş X1 psixi qüsurlarına görə 1999-cu ildən müddətsiz olaraq 1-ci qrup əlildir və o, 1989-cu ildən Gəncə şəhəri Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. X1 onun himayəsində olmaqla subaydır və psixi qüsurlarına görə 1-ci qrup əlil olduğundan o, bu və ya digər orqanlarda öz hüquqlarını həyata keçirə bilmir. O, hazırkı vaxtadək X2 üzərində qəyyum təyin edilmədiyindən onun adından bu və ya digər orqanlarda ona aid heç bir hərəkət edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1999-cu il tarixli, 184432 saylı vəsiqənin surətindən görünür ki, X3 İ qrup ümumi əlildir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 123 saylı rəydən görünür ki, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə səbəb X2 xroniki psixi xəstəlik olan şizofreniya, paranoid forma, qüsur vəziyyəti XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış), F20.0 xəstəliyi ilə əlaqədar olaraq, 1989-cu ildən Gəncə şəhər Psixonervoloji Dispanserində “Tutma şəkilli proredient tipli şizofreniya, paranoid” diaqnozu ilə qeydiyyata götürülməsi, xəstəliyin inkişaf etməsi səbəbindən həmin vəziyyətin “Şizofreniya defekt vəziyyəti, şizofreniya-ağıl zəifliyi” ilə nəticələnməsi, stasionar və ambulator şəraitdə dəfələrlə müalicə olunmasına baxmayaraq, psixi vəziyyətində davamlı yaxşılaşma müşahidə olunmaması (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.1989-cı il tarixli 439/89 saylı ambulator xəstənin tibbi karta və 30/07 saylı stasionar xəstənin tibbi kartasından çıxarış), hazırkı ekspertiza zamanı onda kobud təfəkkür, qavrama,tənqid və emosiya pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda imperativ tipli səs aldatmaları və münasibət sayıqlama ideyaları aşkar edilməsi,ünsiyyətə həvəssiz daxil olması, verilən suallara qısa və konkret cavablar verməsi, ekspertizaya təqdim olunma səbəbini izahdan sonra başa düşsə də onun nəticəsinə heç bir maraq göstərməməsi, əhvalının dəyişkən olması, onda aqresivliyə meyillilik müşahidə edilməsi, özünü narahat və gərgin aparması, təfəkkürünün autistik və paralogik olması, emosiya və affektiv reaksiyalarının monoton və kütləşməyə meyilli olması, düşdüyü vəziyyətə qeyri-tənqidi yanaşması, gələcək üçün heç bir real plan söyləməməsi, fikirlərinin korreksiyaya uğramaması və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X3 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-278/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-278/2021
31.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver