Məhkəmə qərarları › İş №2(044)-2910/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2910/2021

21.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2910/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Sukanal TSC tərəfindən əsassız olaraq barəsində tərtib edilmiş qəbzdə göstərilən 405.70 manat və ondan qanunsuz tələb olunan həmin məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, öz ailə üzvləri ilə birlikdə 1989-cu ildən özünə məxsus Əli Nəzmi küçəsi, 137 saylı evdə yaşayır və həmin mülkdə əvvəldən də su, nə də ki, kanalizasiya sistemləri quraşdırılmamışdır, bu barədə dəfələrlə aidiyyatı orqanlara müraciət etmişdir, lakin heç bir fayda verməmişdir. Bu səbəbdən də o, məcbur olub öz həyət evinin məhləsində quyu qazdıraraq kanalizasiya borularını həmin quyuya yönəltmiş və hal-hazırda həmin quyu fəaldır. Aidiyyatı orqanlara bu haqda dəfələrlə müraciət etmələrinə baxmayaraq onlara nə su, nə də kanalizasiya sistemi çəkilməsi şəhər planında olmadığı və su və kanalizasiya sistemini fərdi qaydada çəkə biləcəkləri bildirilmişdir. Su məsələsi ilə bağlı isə qonşusu bir neçə nəfər qonşular ilə danışıb öz məhləsində artiziyan xətti vuraraq ona və digər qonşulara su boruları paylamışdır. Onlara isə artezian xidmətinə, qulluğuna və enerji istifadəsi üçün hər ay 10 manat ödəyəcəklər, onlar isə həmin şərtlə razılaşmışlar vəhal-hazırda da həmin sudan istifadə edirlər. Həmin istifadə etdikləri su Gəncə Su-kanal TSC-nə heç bir aidiyyatı olmadığı halda həmin idarənin əməkdaşları tərəfindən onun ünvanına 405.70 manat qəbzlə borc yazılaraq göndərilmişdir. Onların istifadə etdikləri suyun cəmiyyətə heç bir aidiyyatı yoxdur və qeyd olunan cəmiyyətin suyundan istifadə etmirsə, həmin cəmiyyət onun ünvanına su istifadəsi üçün heç biriş görməyibsə o, nəyə görə qəbzdə qeyd olunan məbləği ödəməlidir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda su sərfiyyatına görə 405.70 manat məbləğində borc yaranmışdır. ünvan 1 əvvəlki mülkiyyətçisi Məcid Hüseynov ilə 2005-ci il tarixdə sudan istifadə və tullantı suların axıdılmasına dair müqavilə bağlanaraq **********000 abonent kodu verilmiş və bu günədək müqavilədə heç bir dəyişiklik aparılmamışdır. Abonent olaraq Məcid Hüseynov 27.04.2017-ci il tarixədək xidmətlərdən istifadə edilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. İddiaçı ona məxsus ünvan 1 ünvanda yerləşən mənzildə sudan istifadə olunmadığı üçün su təchizatının müvəqqəti bağlanması, mülkiyyət hüququ yarandığı gündən bəri, yeni müqavilənin bağlanması və evinin kodunun adına dəyişdirilməsi barədə rəsmi və qeyri rəsmi şəkildə STKM müraciət etməmiş, həmin ünvanda sudan istifadə və tullantı suların axıdılmasına görə qanunvericiliyə əsasən müvafiq hesabat verilmişdir. İddiaçı 2017-ci ilin aprel ayında STKM müraciət etmiş və nəticə olaraq Əli Nəzmi küçəsi, ev 137 ünvana hesabatın verilməsi dayandırılmışdır. Bununla “Gəncə Sukanal” TSC-nin üzərinə düşən vəzifələri vaxtlı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin iddiaçı tərəfindən bu günə kimi borcun ödənilməsi təmin olunmamışdır. Məhkəmədən iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 22.03.2017-ci il tarixdə "xxxx" ASC-nin Gəncə Sukanal TSC tərəfindən verilmiş hesab fakturadan görünür ki, ünvan 1 ünvanda su sərfiyyatına görə 405.70 manat məbləğində borc vardır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə su və kanalizasiya xidmətlərindən istifadə üzrə yaranmış mübahisədir. Mübahisə aşağıdakı qanunvericilik müddəaları əsasında təhlil edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarında tərəflər arasında bağlanmış suyun alqı-satqısı müqavilə olmasa belə məhkəmə onlar arasında məhkəmə hesab edir ki, tərəflər özləri bu faktı etiraf etdikləri üçün onlar arasında sudan istifadəyə dair alqı-satqı müqaviləsinin olması qəbul edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsində qeyd olunmuşdur ki, su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Su Məcəlləsindən və digər normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 30-cu maddəsində göstərilmişdir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadəçisi ola bilərlər. Həmin Məcəllənin 45-ci maddəsində qeyd olunmuşdur ki, sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək sudan istifadə edənlərin vəzifələrindən biridir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində əsas anlayışlardan biri kimi qeyd olunmuşdur ki, su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir, kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir, su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir, istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Həmin Qanunun 61-ci maddəsində göstərilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar