Məhkəmə qərarları › İş №2(044)-3369/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3369/2021

25.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3369/2021 25.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçılar İddiaçı1 və onun vəkili X1, Məmmədova (Cəfərova) Yeganə Cəfər qızının, Cavabdehlər Abbasova (Cəfərova) Xatirə Cəfər qızının, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və Məmmədova (Cəfərova) Yeganə Cəfər qızının cavabdehlər Abbasova (Cəfərova) Xatirə Cəfər qızına, Cavabdeh2 qarşı “miras əmlakı qəbul etməsi, vəsiyyətnamə üzrə vərərsə tanınma və mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və Məmmədova (Cəfərova) Yeganə Cəfər qızı cavabdehlər Abbasova (Cəfərova) Xatirə Cəfər qızına, Cavabdeh2 qarşı “miras əmlakı qəbul etməsi, vəsiyyətnamə üzrə vərərsə tanınma və mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 miras qalmış Gəncə şəhəri, Adilxan Ziyadxanov küçəsi 197, ev 38, mənzil 42 ünvana onların mirası qəbul etmələrinə dair faktın müəyyən edilməsi və vəsiyyətnamə üzrə vərəsə tanınaraq, mənzilin 1/2 hissəsinə onun - İddiaçı1, digər 1/2 hissəsinə Məmmədova (Cəfərova) Yeganə Cəfər qızının mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında bildirdi ki, cavabdehlər onun 07.11.2010-cu il tarixdə vəfat etmiş mərhum əri X5 övladları, digər iddiaçı Məmmədova (Cəfərova) Yeganə Cəfər qızının bacılarıdır. ünvan 1 ünvan mərhum əri X3 miras qalmış və həmin miras mənzilə dair mərhum X12 ona və digər iddiaçı Məmmədova (Cəfərova) Yeganə Cəfər qızına Gəncə şəhəri 7 saylı notariat kontorunda 18.10.2010-cu il tarixli vəsiyyətnamə vermiş, vəsiyyətnamənin məzmununa görə mənzilin 1/2 hissəsi ona, 1/2 hissəsi Məmmədova (Cəfərova) Yeganə Cəfər qızına vəsiyyət edimişdir. Miras açılan gündən yalnız o, və digər iddiaçı həmin ünvanda yaşamışlar, faktiki olaraq mirası qəbul etdiklərini nümayiş etdirmişlər, hazırkı vaxta qədər onlar həmin ünvanda yaşayırlar. Mərhumun sağlığında da yalnız o, və digər iddiaçı X5 qayğısına qalmış, əziyyətini onlar çəkmiş, müalicəsi üçün onlar maddi və mənəvi dayaq olmuşlar, öləndən sonra dəfn xərclərini çəkmişlər. Onlar, vəsiyyətnamə üzrə vərəsələr olaraq notariat kontoruna müraciət etmişlər, lakin cavabdehlər mirasla bağlı mübahisə etdikləri üçün notarius vərəsəlik hüququ haqında şəhadətnamə verməkdən imtina etmişdir. Cavabdehlər mirası nə faktiki, nə də rəsmi qəbul etməmişlər. Cavabdeh Abbasova (Cəfərova) Xatirə Cəfər qızı 1994-cü ildən ailə həyatı quraraq evdən çıxmış, bir daha geri qayıtmamış, hazırda da ailəsi ilə birlikdə ünvan 3də yaşayır. Cavabdeh2 1993-cü ildə ailə qurması ilə əlaqədar evdən çıxmış, sonra Rusiya Federasiyasının Rostov şəhərinə köçmüş, 2020-ci ilin fevral ayında Rusiya Federasiyasında yaşaması üçün lazım olan sənədlərin düzəldilməsi məqsədi ilə gəlmiş, lakin karantin rejimi ilə bağlı geri qayıtmamış, 2020-ci ilin fevral ayından hazırda mübahisəli olan evdə yaşayır. Cavabdehlərin heç biri nə mərhum Cəfər Cəfərovun xəstəlik zamanı qayğısına qalmamış, nə də maddi və mənəvi dayaq olmamış, hətta dəfnində iştirak etməmişlər, mirası nə faktiki, nə də rəsmi qəbul etməmişlər. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Məmmədova (Cəfərova) Yeganə Cəfər qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, iddia ərizəsində yazılanlar birtərəfli qaydada, yəni iddiaçıların xeyrinə olan hallar qeyd olunmuş və həqiqəti əks etdirmir. Onun atası X12 07.11.2010-cu il tarixdə vəfat etmiş və onun vəfatından sonra o, atasının yas mərasiminə gəlmiş və atasının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Adilxan Ziyadxanov küçəsi 197, ev 38, mənzil 42 ünvanında (keçmiş Miçurin küçəsi) 19.06.2011ci il tarixə kimi yaşamışdır. Yəni atasının vəfatından sonra miras mülkdə yeddi ay on bir gün yaşamış və miras əmlakı faktiki olaraq qəbul etmişdir. Onun xarici pasportunda sərhəd keçmə qeydiyyatından aydın görünür ki, o, Rusiya Federasiyasına 19.06.2011-ci il tarixdə getmişdir. Həmçinin qızı X9 o, Rusiya Federasiyasında olan zaman mərhum atası X5 himayəsində və həmin mənzildə yaşamış, Gəncə şəhəri 18 saylı tam orta məktəbində orta təhsil almışdır. O, qızı orta məktəbin buraxılış imtahanlarını verdikdən sonra atası vəfat etdiyi üçün özü ilə birlikdə 19.06.2011-ci ildə Rusiya Federasiyasına aparmışdır. Atasının vəfatından sonra həmin mənzildə 7 ay, 11 gün yaşamasını və mirası faktiki onun da qəbul etməsini iddiaçıların özləri də bilir, lakin iddia ərizəsində mirası qəbul etməsi faktını bilərəkdən, qəsdən gizlətmişlər. O, miras mülkdə 20.02.2020-ci ildən hal-hazıradək yaşayır. Bu fakt 29.09.2021-ci il tarixdə Gəncə şəhərində tərtib olunmuş, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 13 saylı Xidmətinin rəisi tərəfindən imzalanmış və möhürlənmiş aktla təsdiq olunur. Odur ki, onun tələbinin nəzərə alınmasını xahiş etdi. Cavabdeh Abbasova (Cəfərova) Xatirə Cəfər qızı məhkəmə iclasında bildirdi ki, o, 1994-cü ildən ailə həyatı quraraq atasına məxsus ünvan 2 ünvandan çıxmış, hazırda ailəsi ilə birlikdə ünvan 3də yaşayır. X18 tərəfindən ona toy mərasimi keçirilməmiş, ona cehiz verilməmişdir. Bu səbəbdən də o, atasından miras qalmış əmlakdan payını tələb edir. Gəncə şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 16.05.1994-cü il tarixli 9068 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanı X5 adına qeyd edilmişdir. 12.11.2010-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 07 noyabr 2010-cu il tarixdə vəfat etmişdir. 02.02.1977-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhəri, Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməsindən görünür ki, X11 01 fevral 1977-ci il tarixdə vəfat etmişdir. 13.02.1967-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X2 birgə nikahlarından 29 fevral 1967-ci il tarixdə X13 anadan olmuşdur. 09.07.1982-ci il tarixdə Kirovabad şəhər Nikah Evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə İddiaçı1 Mustafa qızının nikahları 09 iyul 1982-ci il tarixdə bağlanmışdır. 18.10.2010-cu il tarixli 2V-1 246 reyestr qeydiyyatı olan vəsiyyətnamənin surətindən görünür ki, ünvan 5 ünvanın 1/2 hissəsini arvadı İddiaçı1 və 1/2 hissəsini qızı İddiaçı2 vəsiyyət etmişdir. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 2 saylı SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, X12 07.11.2010-cu il tarixdə ölmüşdür və ölən günədək ünvan 6 ünvanda yaşamışdır. Onun ailə üzvlərindən arvadı İddiaçı1, qızı Məmmədova (Cəfərova) Yeganə Cəfər qızı, oğlu X8, oğlu X14 -01.02.1977ci il tarixdə ölmüşdür. X5 ölümündən sonra heç bir azyaşlı və əmək qabiliyyətini itirmiş ailə üzvü qalmamışdır. 27.04.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı1 27.03.2003-cü il tarixdən ünvan 6 ünvanda qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X10, X4, İddiaçı2 ibarətdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 09.03.2021-ci il tarixli 694 saylı məktubda Cavabdeh2 bildirilmişdir ki, təqdim olumuş sənədləri araşdırarkən, Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, bina 38, mənzil 42 ünvanda yerləşən miras əmlaka dair vərəsələr arasında mübahisələrin olması məlum olmuşdur. Belə olan halda notariat qaydasında vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də mirasa dair mübahisənin həlli ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. 29.09.2021-ci il tarixdə tərtib olunmuş Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 13 saylı Xidmətinin rəisi tərəfindən imzalanmış və möhürlənmiş AKT-dan görünür ki, Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, bina 38, mənzil 42 ünvanda Cavabdeh2 atası X12 vəfat edərkən yəni-07.11.2010-cu il tarixdə yas mərasiminə gələrək 19.06.2011-ci il tarixədək Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, bina 38, mənzil 42 ünvanda yaşamışdır. Daha sonra Cavabdeh2 həmin mənzilə 20.02.2020-ci il il tarixində gəlmiş və hal-hazıradək həmin ünvanda yaşayır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi “Tibbi Ərazi Bölmələrini İdarə etmə birliyi” Publik hüquqi şəxs Endokrinoloji şöbəsi tərəfindən verilmiş 05.10.2021-ci il tarixli 190 saylı arayışdan görünür ki, Cavabdeh2 həqiqətən də 10.06.2020-ci ildən Gəncə şəhəri, Z.Məmmədov adına Birləşmiş xəstəxananın endokrinoloji şöbəsində şəkərli diabet 2 tip diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin ev Gəncə şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 16.05.1994-cü il tarixli 9068 saylı qeydiyyat vəsiqəsi əsasında mülkiyyət hüququ üzrə mərhum X5 adına qeyd edilmişdir. X12 07.11.2010-cu il tarixdə ölmüşdür. Ölümündən qabaq Cəfər Cəfərov iddiaçılar olan arvadı və qızı Məmmədova (Cəfərova) Yeganə Cəfər qızına Gəncə şəhəri 7 saylı notariat kontorunda 18.10.2010-cu il tarixli vəsiyyətnamə vermiş, vəsiyyətnamənin məzmununa görə mənzilin 1/2 hissəsi arvadına, 1/2 hissəsi Məmmədova (Cəfərova) Yeganə Cəfər qızına vəsiyyət edilmişdir. Cəfər Cəfərovun ölümündən sonra miras əmlak faktik olaraq arvadı İddiaçı1, qızları Məmmədova (Cəfərova) Yeganə Cəfər qızı və Cavabdeh2 tərəfindən faktik olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə mülki qanunvericiliyin vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq olunmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda müəyyən olunduğu kimi iddia tələbi 07.11.2010-cu ildə vəfat etmiş X3 miras qalmış əmlakdan düşən payların müəyyən olunmasından ibarətdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci ildən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İş materalları ilə müəyyən edilir ki, iddiaçılar və Cavabdeh2 tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. İşin bu halı tərəflərin izahatları və işdəki digər sübutlarla təsdiq edilir. Ona görə də miras əmlak onlar arasında bölünməlidir. Həmçinin qeyd olunmalıdır ki, mərhum miras qoyan iddiaçılara vəsiyyətnamə qoyduğu üçün Cavabdeh2 payı məcburi pay üzrə müəyyən edilməlidir. Mülki Məcəllənin1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qeyd olunan Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”2021-ci il 8 yanvar tarixli Qərarında məcburi pay institutunun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. İş materiallarını sadalanan hüquq normaları ilə əlaqəli şəkildə təhlil edən, habelə məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ünvan 2 ünvanda yerləşən əmlak üzərində iddiaçıların hər birinin 5/12 hissə payları müəyyən edilməli, iddiaçılar 2010-cu il tarixdə vəfat etmiş miras qoyan C.M.Cəfərovun vəsiyyətnamə üzrə vərəsələri tanınmalı, Cavabdeh2 miras qoyandan miras qalmış ünvan 2 ünvanda yerləşən evi faktiki qaydada qəbul etməsi müəyyən edilməli və həmin miras əmlaka dair Cavabdeh2 2/12 hissə payı qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi pay hüququ müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh Abbasova (Cəfərova) Xatirə Cəfər qızına münasibətdə qeyd edir ki, Cavabdeh Abbasova (Cəfərova) Xatirə Cəfər qızı 1994-cü il tarixdə ailə qurması ilə əlaqədar mübahisəli evdən ər evinə getmiş və hazırda ailəsi ilə birlikdə ünvan 3də yerləşən ər evində yaşayır. Miras əmlak cavabdeh Abbasova (Cəfərova) Xatirə Cəfər qızı tərəfindən qəbul edilməmişdir. Ona görə də miras əmlakdan onun payı müəyyən edilə bilməz. Həmçinin məhkəmə iddia tələbinin “mülkiyyət hüququnun verilməsi” hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1, Məmmədova (Cəfərova) Yeganə Cəfər qızı 07.11.2010-cu il tarixdə vəfat etmiş X5 vəsiyyət üzrə vərəsələri tanınmalı, 07.11.2010-cu il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 8 ünvanda yerləşən miras mülkdən iddiaçılar hər birinin 5/12 hissə vəsiyyətnamə üzrə vərəsəlik hüquqları tanınmalı, Cavabdeh2 07.11.2010-cu il tarixdə vəfat etmiş X5 birinci növbə məcburi paya malik olan qanun üzrə vərəsəsi tanınmalı, 07.11.2010-cu il tarixdə vəfat etmiş X3 miras qalmış Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, bina 38, mənzil 42 ünvan yerləşən miras mülkdən məcburi payı 2/12 hissə müəyyən edilməli və onun vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, Məmmədova (Cəfərova) Yeganə Cəfər qızı 07.11.2010-cu il tarixdə vəfat etmiş X5 vəsiyyət üzrə vərəsələri tanınsınlar. 07.11.2010-cu il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 8 ünvanda yerləşən miras mülkün 5/12 hissəsinə İddiaçı1 və 5/12 hissəsinə Məmmədova (Cəfərova) Yeganə Cəfər qızının vərəsəlik hüquqları tanınsın. Cavabdeh2 07.11.2010-cu il tarixdə vəfat etmiş X5 birinci növbə məcburi paya malik olan qanun üzrə vərəsəsi tanınsın. 07.11.2010-cu il tarixdə vəfat etmiş X3 miras qalmış Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, bina 38, mənzil 42 ünvan yerləşən miras mülkdən məcburi payı 2/12 hissə müəyyən edilsin və vərəsəlik hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar