Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3390/2021 15.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3ə Emin qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ə Emin qızına qarşı “evdən istifadə hüquqlarına kompensasiya verilməklə onların evdən çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ə Emin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus evdən istifadə hüququnun 3000 manat pulun müqabilində konpensasiya edilməklə ona məxsus Gəncə şəhəri, Nizami rayon, X2, ev 41, mənzil 2-dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcmini dəyişdirərək Gülüstan yaşayış massivində yerləşən 400.kv.metr torpaq sahəsinin cavabdehlərə verilməsi yolu ilə kompensasiya edilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və onların Gəncə şəhəri, Nizami rayon, X2, ev 41, mənzil 2-dən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X2, ev 41, mənzil 2-də yerləşən mülk ona məxsusdur. 07.01.2020-ci il tarixdə bununla bağlı Azərbaycan Respublikası Əmlak X1 xdmətinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı çıxarışda verilmişdir. O, gəlini və onun uşaqlarının ona məxsus evdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə onların iddiaçının evindən çıxarılması ilə bağlı tələbini qismən təmin etmiş, iddiaçıya məxsus evinə köçürülməyini təmin etmiş, iddianı qalan hissədə təmin etməmişdir. Bu barədə Gəncə şəhəri Nizami rayonu Məhkəməsində 2(044)-1398/2020, 18 iyun 2020-ci il tarixdə qətnamə çıxmışdır. Həmin qətnamədən Apellyasiya qaydasında şikayət verilmiş 2(104)-3122/2020 işə 14.10.2020-ci il tarixdə baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Daha sonra həmin qətnamədən kassasiya qaydasında şikayət verilmişdir. Həmin iş 02.09.2021-ci il tarixdə baxılıb qüvvəsində saxlanılmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: 07.01.2020-ci il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X2, ev 41, mənzil 2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur; Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 10 mart 2015-ci il tarixli, 111 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri Gülüstan yaşayış massivində yerləşən 400.0 kv.metr torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin layihələndirilməsinə icazə verilmişdir; 14.01.2017-ci il tarixli İddiaçı tərəfindən imzalanaraq notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o Gəncə şəhəri Gülüstan yaşayış massivində yerləşən 400.0 kv.metr torpaq sahəsinin Cavabdeh1 adına dəyişdirilməsinə razıdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3ə Emin qızı iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gələməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab emişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsinin dəlillərini və iş materiallarında olan iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının mövcudluğuna Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş və həmin məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Cavabdehlərin mənzildən istifadə hüquqları Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən deyil, 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaransa da, məhkəmə bununla bağlı onu qeyd edir ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarı ilə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmış yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqini mümkün hesab etmiş və qeyd etmişdir ki, mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 26 sentyabr 2007-ci il tarixli Qərarında (R.Ağalarovanın şikayəti üzrə) vurğulanmışdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarına əsasən “özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz”. İddiaçı cavabdehlərin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbini irəli sürmüş və tələbini onunla əsaslandırmışdır ki, o Gəncə şəhəri Gülüstan yaşayış massivində yerləşən 400.0 kv.metr torpaq sahəsinin Cavabdeh1 adına dəyişdirilməsinə razıdır. Məhkəmə bununla bağlı onu qeyd edir ki, evdən istifadə hüququnun itirilməsinin əvəzi kimi başqa mənzilin və yaxud torpaq sahəsinin cavabdehə verilməsi aşağıda göstərilən qaydada həyata keçirilməlidir: 1) başqa mənzil və yaxud torpaq sahəsi cavabdehin mülkiyyətinə verilməlidir, çünki o mülkiyyət hüququna bərabər tutulmuş istifadə hüququnun əvəzi kimi verilir; 2) başqa mənzil və yaxud torpaq sahəsi cavabdehin mülkiyyətinə verilməsi notariat qaydasında bağlanmış müqavilə ilə həyata keçirilməlidir, çünki mənzil və yaxud torpaq sahəsi daşınmaz əşyadır. Lakin iddiaçı göstərilən qaydalara əməl edilməklə cavabdehə başqa mənzil və yaxud torpaq sahəsi verdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi torpaq sahəsini ayrılması ilə bağlı yalnız ididaçının adına Gəncə şəhər Nizami rasyon İcra hamiyyəti Başçısının sərəncamı vardır. Mülki Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Bu səbəbdən də yuxarıda göstərilən qaydalara riayət edilmədən hüquq müəyyən edici sənədləri hələ mövcud olmayan Gəncə şəhəri, Nizami Rayonu Gülüstan massivində olan 400.kv. metr torpaq sahəsinin verilməsi ilə bağlı notarial qaydada ərizənin təsdiqlənməsi hələ cavabdehin yaşayış sahəsinə olan ehtiyacının təmin edilməsi demək deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. İddiaçı konkret olaraq pul məbləği təklif etmədiyindən, sadəcə torpaq sahəsi verilməklə cavabdehlərin evdən istifadə hüquqlarınıa xitam verilməsini tələb etdiyindən və həmin torpaq sahəsi cavabdehlərin hər hansı birinin mülkiyyətinə verilmədiyindən məhkəmə qeyd edilən torpaq sahəsinin dəyərinin bazar qiymətinə uyğun olub-olmamasının müəyyən edilməsini zəruri hesab etməmişdir.Çünki həmin torpaq sahəsinin bazar qiymətinə uyğunluğu müəyyən edilsə belə qeyd edilən torpaq sahəsi cavabdehlərdən birinin mülkiyyətinə verilmədiyindən həmin təkliflə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanuvericiliyin müddəaları nəzərə alınmalıdır”. Həmin işdə Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşayış sahəsində istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüququ müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Cavabdehə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində yuxarıda göstərilən qaydalara riayət etməklə torpaq sahəsinin verilməsi isə hələ bu hüququn mütənasib şəkildə tarazlaşdırılmaı demək deyildir. Belə olan halda məhkəmə hesab edir ki, mülkiyyətçi tərəfindən cavabdehlərə daha ağlabatan müvafiq kompensasiya təklif edilmədən onların çıxarılması yaşayış sahəsindən istifadə hüququ olan şəxslər kimi onlara başqa yerdə əvvəlki yaşayış sahəsindən ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməyəcək. Bu da cavabdehlərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə cavabdehlərə müvafiq kompensasiya ödənilmədən və yaxud yuxarıda qeyd edilən qaydada cavabdehlərin yaşayış sahəsinə olan ehtiyacı sair yolla aradan qaldırılmadan hazırki tələb əsasında iddianın təmin edilməsini mümkün hesab etmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3390/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3390/2021
15.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver