Məhkəmə qərarları › İş №2(044)-3515/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3515/2021

16.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3515/2021 16.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizmai Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehlər X2 və X3 iştirakı ilə İddiaçı cavabdehlər X5, X7, X5 və qeyrilərinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5, X7, X5 və qeyrilərinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən mülkün ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması, digər ½ hissədə isə oğlunun vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər məhkəməyə Gəncə şəhəri 2 saylı notariat ofisinin 15 oktyabr 2021-ci il tarixli məktubunu təqdim edərək izahatlarında göstərdilər ki, mübahisə predmeti olan miras əmlakın qəbulu ilə bağlı notariusa müraciət etmişlər və onlar X6 vərəsələri kimi təyin edilərək, həmin tarixdə vərəsəlik işi açılmışdır. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş materilları ilə qarşılıqlı şəkildə tədqiq edərək belə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin hallarından iddiaçı mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən mülkün ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması, digər ½ hissədə isə oğlunun vərəsəlik hüququnun tanınması tələbi ilə məhkəməyə, cavabdehlər isə eyni tələblə bağlı notariat orqanına müraciət etmişlər və cavabdehlərin müraciəti əsasında vərəsəlik işi açılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, notariusda vərəsəlik işi açıldığından, notariat əməliyyatlarının davam etdirilərək müvafiq qərar qəbul edilmədən hazırki işə məhkəmədə baxılması yol verilməzdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q ə r a r ı) Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməli, iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi ilə Gəncə şəhəri 2 saylı Notariat Ofisinə müraciət etmək hüququnun olması izah edilməlidir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən isə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Adı Çəkilən Məcəllənin 262.3-cü maddəsinə görə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd edilən Məcəllənin 262.5-ci maddəsinə görə isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İş üzrə icraata xitam vedrilsin. İddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi ilə Gəncə şəhəri 2 saylı Notariat Ofisinə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 31 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar