Məhkəmə qərarları › İş №2(044)-388/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-388/2021

15.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-388/2021 15.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 03 oktyabr 2000-ci il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, qızı X2 doğulduğu gündən fiziki qüsurlu doğulmuşdur. Bu səbəbdən daim başqasının qulluğuna və diqqətinə ehtiyacı var. Doğulduğu gündən qızına “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gərginlik, uşaq serebral iflicinin qalıq əlamətləri, tetraparez nitqin olmaması” diaqnozu qoyulmuşdur. Hazırda qızı yetkinlik yaşına çatmışdır. Lakin fəaliyyət qabiliyyətsiz olduğuna görə öz hüquqlarından istifadə edə bilmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.01.2019-cu il tarixli “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair” çıxarışdan görünür ki, X2 birinci dərəcə əlildir. Ona qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gərginlik, uşaq serebral iflicinin qalıq əlamətləri, tetraparez nitqin olmaması diaqnozu qoyulmuşdur. İş materiallarında olan 03.08.2021-ci il tarixli, 431 saylı rəydən görünür ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə səbəb X1 uşaqlıqdan xəstə olmaqla ona xəstəliyə görə müavinət təyin edilməsi, sonralar ona İ qrup müddətsiz əlillik verilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması və onların yardımına ehtiyacı olması, Gəncə şəhər Uşaq xəstəxanasında və Bakı Bərpa Mərkəzində dəfələrlə müalicə olunmasına baxmayaraq vəziyyətində yaxşılaşma müşahidə edilməməsi, 2011-ci ildən Gəncə şəhər Psixonevroloji Dispanserində “Ağır dərəcəli əqli gərginlik, nitqinin olmaması” diaqnozu ilə qeydiyyatda durması, hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının (ekspertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması, verilən suallara heç bir reaksiya verməməsi, anlaşılmaz səslər, müayinə zamanı yoxlanılan şəxsin özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, onda ifadə olunmuş davranış pozuntusu müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, intellekti inkişafdan geri qalması İQ-34% və sair) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X2 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, 03.10.2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03.10.2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar