Məhkəmə qərarları › İş №2(044)-398/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-398/2022

30.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-398/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nin X3 İstismarı İdarəsinə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvan “Azəriqaz” İB-nin X3 İstismarı İdarəsi tərəfindən qazla təmin olunmaqdadır. 2021-ci ilin 18 mart tarixində Gəncə RQİİ-nin Gəncə XS-nin TQQ və SX-nin rəisi Müseyib Avazovun, mühəndisi Ramin İsmayılovun, çilingəri İlkin Zeynalovun, SQ və İX-nin metroloqu Rüfət Əliyevin, onun özünün və qonşusu Orxan Bayramovun iştirakı ilə akt tərtib edilmişdir ki, ünvan 1 ünvanında olan qaz sayğacını qazel markalı avtomobil vuraraq yararsız hala salmışdır. Cavabdehin əməkdaşları onun ünvanına gələrək sayğacın yararsız vəziyyətdə aşkarlandığını, sayğacın elektron və mexaniki göstəricisini, habelə 1-ci və 2-ci bölmələrini yazmağın mümkün olmadığını qeyd etməklə ******* nömrəli aktla onu cərimələmişlər, bu səbəbdən də sayğacın dəyişdirilməli olduğu bildirilmişdir. Buna görə də sayğac dəyişdirilmiş və həmin vaxt ona ödənilməmiş vəsait ödənildikdən sonra yeni kart götürməli olduğu, yalnız bundan sonra qazın bərpa olunacağı bildirilmişdir. O, 16.03.2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bank vasitəsilə ödəniş etdikdən sonra ona yeni smart kart verilmiş və qazın verilişi bərpa olunmuşdur. 30.06.2021-ci il tarixdə qaz bitdiyi üçün smart karta pul yükləmək istəyərkən kartın bloklandığı məlum olmuşdur. Bu səbəbdən “Azəriqaz” İB-yə müraciət emiş və məlum olmuşdur ki, 31.05.2021-ci il tarixdə onun iştirakı və xəbəri olmadan sayğaca baxış keçirilmiş, sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması bardə 31.05.2021-ci il tarixli MSK-29/1710- 02007-2 nömrəli aktına əsasən G 4 markalı 1202AQ**********0 nömrəli sayğacın plastmas qapaq, LCD ekran, hesablama mexanizmi, element yuvasının kənar təsir nəticəsində sındığı qeyd edilmiş və bu barədə akt tərtib olunmuşdur ki, guya sayğaca müdaxilə olunduğu üçün 216 manat borc yazılmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, o, aktın tərtib olunmasında iştirak etməmiş, ümumiyyətlə həmin vaxt heç kim yaşadığı ünvana gəlməmiş və o, qaz idarəsinə dəvət olunmamışdır. Sayğaca onun tərəfindən müdaxilə olmamış, sayğac qazel markalı avtomobilin vurması nəticəsində yararsız hala düşmüşdür, hansı ki, sonradan sayğacın dəyəri ödənilməklə yenisi ilə əvəz olunmuşdur. Bu səbəbdən də hesab edir ki, ona 216 manat borc əsassızdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, abonent İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı labaratoriyaya göndərilmiş və laboratoriya rəyində sayğacın plastmas qapaq, LCD ekran, hesablama mexanizmi və element yuvasının kənar təsir nəticəsində sındığı müəyyən olunmuş, dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi barədə akt tərtib olunmuş, iddiaçı tərəfindən 216 manat dəyərində qaz sərfiyyatı olması müəyyən edilmişdir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(044)-398/2021 nömrəli qərardadı ilə “aktın ləğv edilməsi” tələbinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin həmin hissəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməldir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 25.07.2017-ci il tarixdə İddiaçı xüsusi mülkiyyətinə verilmiş, bu barədə daşınmaz əmlakın dövət reyestrində 125 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyat aparılmışdır. 18 mart 2021-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, Gəncə RQİİ-nin Gəncə XS-nin TQQ və SX-nin rəisi Müseyib Avazovun, mühəndisi Ramin İsmayılovun, çilingəri İlkin Zeynalovun, SQ və İX-nin metroloqu Rüfət Əliyevin, İddiaçı və qonşusu Orxan Bayramovun iştirakı ilə ünvan 1 ünvanında olan qaz sayğacını qazel markalı avtomobilin vuraraq yararsız hala salması barədə akt tərtib edilmişdir. Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının 16.03.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən “Azəriqaz” İB-nin hesabına 211.69 manat pul köçürülmüşdür. 18 mart 2021-ci il tarixdə tərtib olunmuş ******* nömrəli “Qaz sayağacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktın surətindən görünür ki, “Azəriqaz” İBnin İQ və İX-nın əməkdaşları iddiaçı X.Yağnalıyevin ünvanına gələrək sayğacın yararsız vəziyyətdə aşkarlandığı, sayğacın elektron və mexaniki göstəricisini, habelə 1-ci və 2-ci bölmələrini yazmağın mümkün olmadığı barədə qeydlər etməklə həmin ünvanda quraşdırılmış İtron tipli G4 markalı 1202AQ**********0 nömrəli qaz sayğacının İtron tipli G4 markalı STS-**********3 nömrəli qaz sayğacı ilə əvəz edilməsi barədə akt tərtib etmişlər. 24 iyun 2021-ci il tarixdə tərtib olunmuş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın plastmas qapaq, LCD ekran, hesablama mexanizmi və element yuvasının kənar təsir nəticəsində sındığı müəyyən müəyyən edilmişdir. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb olunması barədə akt tərtib olunmuşdur. 30.06.2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 2160 m3 olmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Azəriqaz” İB qeyd olunan aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktda göstərilən qüsur – sayğacın plastmas qapağının, LCD ekranın, hesablama mexanizminin və element yuvasının kənar təsir nəticəsində sınması cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. Çünki, iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, Gəncə RQİİ-nin Gəncə XS-nin TQQ və SX-nin əməkdaşları qaz sayğacının qazel markalı avtomobil tərəfindən vurularaq yararsız hala düşməsi barədə akt tərtib edərək öz imzaları ilə bunu təsdiq etmişlər, həmin tarixdə yararsız hala düşmüş sayğac abonentin hesabına yenisi ilə əvəz edilmişdir. Belə olan halda “Azəriqaz” İB borcu sayğacın plastmas qapağının, LCD ekranın, hesablama mexanizminin və element yuvasının kənar təsir nəticəsində sınmasını nəzərə alaraq hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki, “Qazdan istifadə” Qaydalarının 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, “Azəriqaz” İstehsalat Birliyi də bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini borcun silinməsi hissəsində əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat birliyi tərəfindən sayğacın plastmas qapağının, LCD ekranın, hesablama mexanizminin və element yuvasının kənar təsir nəticəsində sınmasının aşkar olması təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, “Azəriqaz” İstehsalat birliyi tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında qaz sərfiyyatına dair əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat borcu silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında qaz sərfiyyatına dair hesablanmış 216 (iki yüz on altı) manat borc silinsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar