Məhkəmə qərarları › İş №2(044)-399/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-399/2022

12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-399/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, Cavabdeh “Azəriqaz” X4 X8 İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Azəriqaz” X4 X8 İdarəsinə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında əsasız olaraq tərtib edilmiş 291710-00012-1 saylı aktın ləğv olunması və həmin akt əsasında hesablanmış 780.10 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil faktiki olaraq onların mülkiyyətində olsa da, həmin ünvanda vaxtaşırı yaşayırlar. Həmin ünvan “Azəriqaz” X4 X8 İdarəsi tərəfindən qazla təmin olunmuş və vaxtaşırı ödənişlər etmişlər. 26.01.2017-ci il tarixdə Gəncə RQİİ-nin Dövlət yoxlamasına aparılmış Fransa istehsalı olan G4 markalı smart kart tipli qaz sayğaclarına 06.03.2017-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında baxış keçirilmiş və sayğacın mexaniki ekranının kənar təsir nəticəsində deşilməsi və istismara yararsız olması qeyd edilmişdir. Cavabdehin əməkdaşları onların ünvanına gələrək sayğacın yararsız vəziyyətdə aşkarlandığını, sayğacın mexaniki ekranının kənar təsir nəticəsində deşilməsi və istismara yararsız olması qeyd edilməklə 291710-00012-1 nömrəli aktla cərimələmişlər, bu səbəbdən də onun dəyişdirilməli olduğunu bildirmişlər. Lakin həmin akt tərtib olunarkən onların ailə üzvlərindən heç kim qeyd edilən ünvanda olmamış, buna görə də sayğac həmin vaxt cavabdehin əməkdaşları tərəfindən blomlanaraq istifadəsi dayandırılmışdır. X2 bir müddət sonra cavabdehin ünvanına gedərək qazın bərpası üçün müraciət etdikdən sonra ona yeni smart kart verilmiş və qazın verilişi bərpa olunmuşdur. Lakin yeni smart karta qaz üçün ödəniş etdikdə ödənişin 50 faizi guya akt əsasında əsassız olaraq yazılmış 780.10 manat borcdan çıxılmağa başlamışdır. Qeyd edilmişdir ki, aktın tərtib olunması zamanı onların ailə üzvlərindən heç kim orada olmamış, ümumiyyətlə həmin vaxt nə onların yaşadıqları ünvana kimsə gəlmiş, nə də harasa dəvət olunmamışlar. Sayğacın çıxarılması zamanı Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən ona müdaxilə edilməsinin aşkar olunması barədə heç bir əsas olmamış, guya sayğaca müdaxilə olunması barədə akt tərtib edilərək ziyan hesablanmışdır. Halbuki, sayğac küçədə quraşdırılmış, bu səbəbdən onların sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür. Bundan əlavə sayğaca onların ailə üzvlərinin hər hansı müdaxilə etməsi, sayğacın onların təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində zədələnməsi müəyyən edilmədiyi halda cərimə yazılması yolverilməzdir. Ona görə də hesab edirlər ki, həmin akt ləğv olunmalı və əsassız olaraq yazılmış 780.10 manat borc silinməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” X4 X8 İdarəsinin nümayəndəsi X10 iddia ərizəsinə etirazı məhkəməyə təqdim edərək bildirdi ki, İddiaçı1 ilə cavabdeh “Azəriqaz” İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış, müqavilə bağlandıqdan sonra iddiaçı qazdan istifadə qaydalarına əməl etməmiş, qüvvədə olan qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən istehlakçıların qazdan istifadə qaydalarının tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə 27.03.2017-ci il tarixdə ünvana baxış keçirilərkən quraşdırılmış qaz sayğacının ekranının baxış pəncərəsinin deşildiyi aşkar edilmiş, bu barədə iddiaçının nümayəndəsinin iştirakı ilə (akta imza olunmaqla) ******* saylı 16.01.2017-ci il tarixli akt tərtib olunmuşdur. Bundan sonra sayğac şəbəkədən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmiş, sayğac yoxlamadan keçirilərkən sayğacın ekran hissəsinin deşici alətlə deşildiyi məlum olmuşdur. Bundan sonra sənədləşmə aparılaraq 29.03.2017-ci il tarixdə akt əsasında ünvana 2016 m3 itirilmiş qazın bərpası üçün 403.20 manat dəymiş ziyan müəyyənləşdirilmiş, müəyyənləşdirilmiş dəymiş ziyanın 30.30 manat hissəsi ödənilsə də, qalan məbləğ ödənilməmiş qalmışdır. Hesab edir ki, iddia əsassızdır. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmiş, İddiaçı1 məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12.04.2022-ci il tarixli 2(044)-399/2022 nömrəli qərardadı ilə “aktın ləğv edilməsi” tələbinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin həmin hissəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hesablanmış borcun silinməsi hissəsində iddia qismən təmin edilməldir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 25.04.2014-cü il tarixdə İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş, bu barədə daşınmaz əmlakın dövət reyestrində 8 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindın verilmiş 25.04.2014-cü il tarxili fərdi yaşayış evinin Texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 adına qeyd edilmişdir. 06.01.2017-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmiş, həmin akta əsasən ünvan 4 ünvanında istehlakçı X1 ilə həmin evdə quraşdırılmış sayğac yararsız vəziyyətə salındığından həmin sayğac çıxarılaraq, əvəzində yeni sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 10.03.2017-ci il tarixli MSK 29/1710-00012-1 saylı aktdan görünür ki, 26.01.2017-ci il tarixdə Gəncə RQİİ-nin Dövlət yoxlamasına aparılmış Fransa istehsalı olan G4 markalı smart kart tipli qaz sayğaclarına 06.03.2017-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında baxış keçirilmiş və sayğacın mexaniki ekranının kənar təsir nəticəsində deşilməsi və istismara yararsız olması qeyd edilmişdir. 27.03.2017-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, cavabdehin nümayəndələri Nəsimi Məmmədov, Kamil Nəcəfov və İslam Aslanovun iştirakı ilə istehlakçıya məxsus yaşayış sahəsində 27.03.2017-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, sayğacın mexaniki ekranının kənar təsir nəticəsində deşilməsi aşkar olunmuşdur. X7 həmin aktı imzalamaqdan imtina etmişdir. 29.03.2017-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən 4 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 60 gün qəbul edilməklə, QSSQ (100 litr) maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 60 gün qəbul edilməklə, radiator sobasının maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 2016 m3 olmuşdur. GPG16066194 nömrəli smart sayğacli abonentin 12.04.2022-ci il tarixli saldosundan görünür ki, iddiaçıların “Azəriqaz” İB-yə ödənilməli cari borc məbləği saldo üzrə 372.9 manat təşkil etməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Həmin qanunun 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 9-cu bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qərarın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qərarın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qərarın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qərarın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən normaların tələbləri baxımından bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz təchizatı qurğularına ziyan vuran və qurğu sahibindən icazəsiz digər qurğulardan istifadə edən istənilən şəxs qaz təchizatı qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Eyni zamanda fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi fiziki şəxs olan abonentin daşıması barədə müddəa yoxdur. Belə ki, İddiaçı1 evinə quraşdırılmış qaz sayğacına sonuncunun və ya onun ailə üzvlərinin bu və ya digər şəkildə müdaxilə etməsi barədə hallar aşkar olunmamışdır. Sonuncunun evinə quraşdırılmış sayğaca 27.03.2017-ci il tarixdə baxış keçirilmiş, sayğacın mexaniki ekranının kənar təsir nəticəsində deşilməsi aşkar olunmuşdur. Qaz saygacına müdaxilənin məhz iddiaçılar tərəfindən edilməsinin sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Buna baxmayaraq, cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmədiyindən cavabdehin vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış borc silinməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdeh təşkilat tərəfindən iddiaçılara 780.10 manat borc yazılması qeyd edilsə də, iş materiallarından görünür ki, 29.03.2017-ci il tarixdə tərtib olunmuş akt əsasında istehlakçıların ünvanına 2016 m3 itirilmiş qazın bərpası üçün 403.20 manat dəymiş ziyan müəyyənləşdirilmiş, həmin ziyanın 30.30 manat hissəsi iddiaçılar tərəfindən ödənilmişdir. Belə olan halda “Azəriqaz” İB tərəfindən iddiaçılara hesablanmış cari borc 372.9 manat təşkil etdiyindən həmin məbləğdə borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin səhlənkarlığı nəticəsində əsassız 372.9 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini borcun silinməsi hissəsində əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 29.03.2017-ci il tarixli akt əsasında ünvan 4 ünvanına hesablanmış 372.9 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar