Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3999/2021 18.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Ərizəçi Maraqlı şəxs xüsusi notariusu X2 “notariat hərəkətlərinin aparılmasından imtinaya” dair qərarından verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Maraqlı şəxs xüsusi notariusu X2 “notariat hərəkətlərinin aparılmasından imtinaya” dair qərarından verilmiş şikayət onunla əsaslandırılmışdır ki, notarius əsassız olaraq bağışlama müqaviləsinin təsdiq edilməsindən imtina etmişdir. Halbuki,onun gəlininin etirazının olması bu müqavilənin təsdiq edilməsindən imtina üçün əsas deyildir. Belə ki, onun gəlininin həmin evdən istifadə hüquqları olsa belə, mülkiyyətçinin dəyilşilməsi bu hüquqlara xitam vermir. Şikayət vermiş şəxs MPM-nin 305,342.1,342.5-ci maddələrinə istinad etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. «İnzibati icraat haqqında» Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (İ). Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər (İİ). Azərbaycan Respublikasının məhkəmə icraatı tarixində yeni mərhələnin başlanğıcını qoyan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qəbul edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların məhkəmə vasitəsi ilə təmin edilməsinin təcəssümüdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasənm ülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 01 oktyabr 2021-ci ilədək qüvvədə olan Müki Prosessual Məcəllənin 305.1.8-ci maddəsində notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə xüsusi icraat qaydasında işlərə baxılması, eyni zamanda həmin işlərə baxılmasını tənzimləyən 38-ci fəsildə nəzərdə trutulmuş prosessual hüquq normaları mövcud olsa da, 01 oktyabr 2021-ci ildə MPM-ə edilmiş əlavə və dəyişiklilklərlə Müki Prosessual Məcəllənin 305.1.8-ci maddəsi və 38-ci fəsil Məcəllədən çıxarılmışdır. Hesab edirəm ki, MPM-də həmin işlərə baxılmasını tənzimləyən prosessual hüquq norması olmadığından və məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılmalı olduğundan bu növ işlərə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan başqa da onu da qeyd etməyi zəruri hesab edirəm ki, əvvəllər bu növ işlərə mülki məhkəmə icraatı qaydasında baxılmasına dair Ali Məhkəmənin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında məhkəmələrin nəzərinə çatdırmışdır ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması dedikdə o nəzərdə tutulur ki, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə görə isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməli, iddiaçıya hazırki ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-153-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayətçi Ərizəçi cavabdeh Maraqlı şəxsnə və üçüncü şəxs X1 qarşı “notariat hərəkətlərinin aparmaqdan imtinaya” tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edlsin. İddiaçıya Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3999/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3999/2021
18.11.2021 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver