Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-408/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Gəncə ərazi İdarəsinə qarşı «vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Gəncə ərazi İdarəsinə qarşı «vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 saylı ünvanda yerləşən fərdi yaşayış evi üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və vəsiyyət üzrə payının ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X2 15 avqust 1996-cı il tarixdə özünə məxsus olan Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 saylı ünvanda yerləşən fərdi yaşayış evini, “Volqa Qaz 3102” markalı və “Vaz 21013” markalı avtomobili vəsiyyət etmişdir. Hazırda həmin əmlaklar üzərində qanun üzrə vərəsəlik hüququ tanınsa da, atasından vəsiyyət edilmiş vəsiyyətnamə üzrə miras əmlakdan payı müəyyən edilməmişdir. Qeyd olunan vəsiyyətnamə hazırda qüvvədədir. Həmin avtomobillərdən “Vaz 21013” markalı avtomobil atasının sağlığında satılmış, “Volqa Qaz 3102” markalı avtomobili isə satmışdı, nəticədə cavabdehlərə 32000 manat verdiyinə görə cavabdehlər həmin paylarından imtina barədə ərizə vermişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinin həcminin artırılmasına dair ərizədə göstərmişdir ki, sonradan ona məlum olmuşdur ki, məhkəmənin qətnaməsinə əsasən tərəf ¾ pay hissədə Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair çıxarış almışdır. Hesab edir ki, cavabdehin aldığı çıxarış qanunsuzdur. Nə qədər ki, məhkəmə qətnamələrində onun vəsiyyətnamə əsasında miras əmlaklar üzrə payının müəyyən edilməsi həll edilməmişdir həmin çıxarış qanunsuzdur. Odur ki, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 saylı ünvanda yerləşən fərdi yaşayış evi üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun tanınmasına, vəsiyyət üzrə payının ayrılmasına və həmin evə dair verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Gəncə ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinəyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 21.08.2019-cu il tarixli, 2(104)-2791/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 mərhum X2 ilə onun birgə nikah dövründə əldə etdiyi Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 saylı evin ½ hissəsi üzərində onun mülkiyyət hüququ, qalan ½ hissənin ¼ hissəsi üzərində onun mirası qəbul etmə faktı müəyyən edilməsi və ona həmin mülkün cəmi ¾ hissəsinə mülkiyyət hüququ verilməsi, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 saylı evin ¼ hissəsi üzərində İddiaçı payı müəyyən edilməsi və həmin paya müvafiq olaraq ona mülkiyyət hüququ verilməsi qət edilmişdir. Həmin qətnamədə həmçinin göstərilmişdir ki, “mərhum Asif Bəylərov öz əmlakını oğlu Mehmana vəsiyyət etmişdir və o, atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin İddiaçı atasından qalmış mirası vəsiyyətnamə üzrə deyil, qanun üzrə qəbul etməsi barədə notariusa ərizə verdiyinə görə məhkəmə hesab edir ki, İddiaçı vəsiyyətnamə üzrə miras əmlakın onun adına keçməsini istəmir”. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.02.2020-ci il tarixli, 2(102)-747/2020 saylı qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 21.08.2019-cu il tarixli, 2(104)-2791/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinn 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideylər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə də, hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 21.08.2019-cu il tarixli, 2(104)-2791/2019 saylı qətnaməsi əsasında Cavabdeh1 mərhum X2 ilə onun birgə nikah dövründə əldə etdiyi Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 saylı evin ½ hissəsi üzərində onun mülkiyyət hüququ, qalan ½ hissənin ¼ hissəsi üzərində onun mirası qəbul etmə faktı müəyyən edilmiş və ona həmin mülkün cəmi ¾ hissəsinə mülkiyyət hüququ verilmiş, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 saylı evin ¼ hissəsi üzərində İddiaçı payı müəyyən edilmiş və həmin paya müvafiq olaraq ona mülkiyyət hüququ verilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, mərhum Asif Bəylərov öz əmlakını oğlu Mehmana vəsiyyət etmiş və o, atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etmiş, lakin İddiaçı atasından qalmış mirası vəsiyyətnamə üzrə deyil, qanun üzrə qəbul etməsi barədə notariusa ərizə vermişdir, yəni İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə miras əmlakın vəsiyyətnamə üzrə deyil, qanun üzrə qəbul etməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə yuxarıda göstərilənlərə və qeyd edilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 saylı ünvanda yerləşən fərdi yaşayış evi üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun tanınmasına, vəsiyyət üzrə payının ayrılmasına və həmin evə dair verilmiş çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilməməlidir. İddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun tanınmasına, vəsiyyət üzrə payının ayrılmasına və həmin evə dair verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-408/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-408/2021
28.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver