Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-4220/2021 15.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxs yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi mərhum anası X1 2003-cü ildən 01.12.2016-cı il tarixinə kimi onun tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulunundan imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan göründüyü kimi ərizəçi anasına qulluq etmə faktının müəyyən edilməsi ərizəçiyə stajın müəyyən edilməsi, yəni pensiya təyinatı ilə bağlı lazımdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Göründüyü kimi ərizəçinin məhkəmədən kənar qaydada, yəni şəhər (rayon) icra hakimiyyəti orqanlarına, yaxud Şöbə və ya İdarələrin nümayəndələrindən ibarət komissiyaya müraciət etməyi imkanı itirilmədən və həmin komissiyaya müraciət edilmədən məhkəməyə müraciət etmişdir. Bundan başqa da məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində o da qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, ərizəçiyə ərizədə göstərilmiş hüquqi marağının təmin edilməsi ilə bağlı Gəncə şəhəri Maraqlı şəxs yanında fəaliyyət göstərən komissiyaya müraciət etmək, hüquqi marağı həmin inzibati orqan tərəfindən təmin edilmədiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının 153-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-153-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxs yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizənin icraat qəbul olunmasından imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçiyə ərizədə göstərilmiş hüquqi marağının təmin edilməsi ilə bağlı Gəncə şəhəri Maraqlı şəxs yanında fəaliyyət göstərən komissiyaya müraciət etmək, hüquqi marağı həmin inzibati orqan tərəfindən təmin edilmədiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-4220/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-4220/2021
15.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver