Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-456/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Cavabdeh Faiz qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus Gəncə şəhəri, Vaqif küçəsi, 7-ci dalan, ev 2-də həyət divarına bitişik tikilmiş hamam və ayaq yolunun sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, Gəncə şəhəri, Vaqif küçəsi, 7-ci dalan, ev 2 mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun qonşusudur. Cavabdeh yaşadığı evin hamam, tualetini onun yaşadığı evin həyət divarına bitişik tikmişdir. Cavabdehin hamamından və tualetindən axan su onun həyət divarının nəmlənməsinə və üfunət iyinin əmələ gəlməsinə səbəb olmuşdur. O, qonşusu Cavabdeh bu barədə məlumat verib iradını bildirsə də bir nəticə əldə edə bilməmiş, bu səbəbdən də pozulmuş hüquqularının bərpası üçün məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, həqiqətən də evinin hamam, tualetini qonşusu İddiaçı yaşadığı evin həyət divarına bitişik inşa etdirmişdir. İddia tələbini qəbul etmədiyini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; -Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 257 saylı məktubunun surətindən görünür ki, həmin Mərkəzin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılmış, həyət divarına bitişik Cavabdeh məxsus hamam və ayaq yolu tikildiyi və istifadə edildiyi, divarın hamam və ayaq yolu qurulduğu yerdən iki metr hündürlükdə nəmləndiyi müəyyən edilmişdir, eyni zamanda həmin məktubda belə vəziyyətin şikayətçinin haqlı narazılığına səbəb olduğu göstərilmiş və Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh hamam və ayaqyolunun başqa münasib sahədə tikilməsi tələb edilmişdir; -Gəncə şəhər İcra Hakimiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli, A 196-070 saylı məktubunun surətindən görünür ki, hamam və sanitar qovşağın sökülməsinə dair ərizə ilə əlaqədar yerində baxış keçirilmiş, baxış zamanı Cavabdeh tərəfindən həyətyanı divara bitişik hamam və ayaqyolunun tikilməsi nəticəsində hasarın nəm çəkdiyi göstərilmiş, həmçinin məktubda məhkəməyə müraciət etmək hüquqları da izah edilmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini X2 izahat verərək bildirmişdir ki, ünvan 1-də yaşayan İddiaçı müraciəti əsasında həmin ünvana gedib yerində araşdırma apararkən İddiaçı məxsus evin həyət divarına bitişik Cavabdeh məxsus hamam və ayaq yolunun tikildiyi və istifadə edildiyi, divarın hamam və ayaq yolu qurulduğu yerdən iki metr hündürlükdə nəmləndiyi müəyyən edilmişdir. Belə vəziyyət orada antisanitar vəziyyətin və kəskin qoxunun yaranmasına səbəb olur. Eyni zamanda sərhəddə yanaşı divarda bu şəkildə tikilinin inşa olunması şəhərsalma və tikinti qanunvericiliyinin də tələblərinə uyğun deyil. Ona görə də qeyd etdikləri ilə əlaqədar olaraq Cavabdeh tərəfindən inşa edilmiş həmin hamam və ayaqyolu sökülməlidir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Gəncə şəhər Gigiyena və X1 və gigiyena şöbəsinin müdiri X4 izahat verərək bildirmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerində araşdırma aparılmış, həmin ünvanda yerləşən evin həyət divarına bitişik Cavabdeh məxsus hamam və ayaq yolu tikildiyi, divarın hamam və ayaq yolu qurulduğu hissəsinin nəmləndiyi və evin həyətində kəskin iy-qoxunun yarandığı müəyyən edilmişdir. Belə vəziyyət Sanitariya normalarına və qaydalarına uyğun deyil. Qeyd etdiklərinə əsasən hesab edir ki, Cavabdeh tərəfindən inşa edilmiş həmin hamam və ayaqyolunun evin həyətinin həmin hissəsindən sökülməsi məqsədəmüvafiqdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən Cavabdeh öz mülkiyyət hüquqlarını həyata keçirərkən qonşusu, İddiaçı mülkiyyətinə ziyan vurmaqdan çəkinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. -170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Bundan başqa, Cavabdeh torpaq sahəsinin sərhədində inşa olunmuş divara bitişik hamam və tualet tikdirərkən qonşusu, İddiaçı notarial qaydada təsdiq olunmuş razılıq almamışdır. Halbuki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, hesab edir ki, iddia təmin edilərək İddiaçı məxsus Gəncə şəhəri, Vaqif küçəsi, 7-ci dalan, ev 2-nin həyət divarına bitişik inşa edilmiş, Cavabdeh məxsus həyətdə yerləşən hamam və tualet sökülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Gəncə şəhəri, Vaqif küçəsi, 7-ci dalan, ev 2-nin həyət divarına bitişik inşa edilmiş Cavabdeh məxsus həyətdə yerləşən hamam və tualet sökülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-456/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-456/2021
10.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver