Məhkəmə qərarları › İş №2(044)-534/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-534/2022

24.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-534/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, onun mərhum arvadı X7 09.12.2021-ci il tarixdə vəfat etmişdir. Onlar 1994-cü il tarixdə qeyri-rəsmi olaraq evlənmişlər. Birgə yaşayışdan 26.06.1997-ci il tarixdə Mehin adlı qızı, 23.09.2003-cü il tarixdə Alsu adlı qızı, 14.03.2006-cı il tarixdə Murad Adlı oğlu anadan olmuşdur. Qızı Mehin ailə quraraq onlardan ayrı yaşayır. Qızı Alsu artıq yetkinlik yaşına çatmışdır. O, birinci dərəcəli əlildir. Alsu anadangəlmə kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici teraplegik forma, spastik tetraplegiya, daimi müşahidəyə ehtiyac, kənar şəxsin qulluğuna ehtiyacı var. Fiziki inkişafda geri qalma, immobillik (hərəkətsizlik) və bir sıra başqa xəstəliklərdən əziyyət çəkir. Dadaşova Alsu öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətini idarə edə bilmir. Demək olar ki, öz həyatı üçün vacib olan hərəkətləri yerinə yetirə bilmir. Onun kənar qulluğa və hüquqlarının yerinə yetirilməsi üçün kənar şəxsə ehtiyacı vardır. Ailədə onu qəyyumluğa götürə biləcək yeganə şəxs odur. Məhkəmədən qızı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunda izahat verərək ərizəsinin təmin edilməsini, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndənin gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatdan görünür ki, 23.09.2003-cü il təvəllüdlü X6 müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş, əlillik səbəbi kimi kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici teraplegik forma, spastik tetraplegiya, daimi müşahidəyə ehtiyac, kənar şəxsin qulluğuna ehtiyacı var. Fiziki inkişafda geri qalma, immobillik (hərəkətsizlik) və oynaqların kontrakturası, iri və xırda oynaqların bükücü konturakturası, dizartiya və anartiya kimi bir sıra xəstəliklərin diaqnozu qoyulmuşdur. İş materiallarında olan 23 may 2018-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 23.09.2003-cü il təvəllüdlü X8 adlı uşaqları anadan olmuş və Ərizəçi atası hesab edilmişdir. Bu barədə akt qeydləri kitabında №27 saylı akt qeydi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 may 2018-ci il tarixli, AZ-İİİ 981992 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23.09.2003-cü il təvəllüdlü X1 Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında X7 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 may 2018-ci il tarixli, AZ-İİİ 981991 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14.03.2006-cı il təvəllüdlü X3 şəhərində anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında X7 qeyd olunmuşdur. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 224872 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2-19 virusu nəticəsində 09 dekabr 2021-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X14 Birliyi tərəfindən verilmiş 02 aprel 2019-cu il tarixli Ə№ 016783 seriyalı vəsiqədən görünür ki, Ərizəçi İİ qrup müharibə əlilidir. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2021-ci il tarixli 5379 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qızı X8 ilə birgə yaşayır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş 23.12.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi 23.09.2003-cü il təvəllüdlü X5 onun qəyyumluğuna verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Şəxsin pxisi vəziyyətini müəyyən etmək üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.03.2022-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. 29.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 19.04.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 239 saylı rəydən görünür ki, X8 uşaqlıqdan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZĞUNLUQLARİ, UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ TETRAPAREZ, NİTQİN OLMAMASİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülkü işin materialları, tibbi sənədlər (TSEK-dən verilmiş 09.11.2021-ci il tarixli şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması, verilən suallara heç bir reaksiya verməməsi, anlaşılmaz səslər çıxarması və bu səbəbdən anamnestik məlumatların atası Ərizəçi toplanması, müayinə zamanı yoxlanılan şəxsin özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, onda ifadə olunmuş davranış pozuntusu müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan geri qalması İQ=32% və s. ) imkan verir. X8 uşaqlıqdan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZĞUNLUQLARİ, UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ TETRAPAREZ, NİTQİN OLMAMASİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X8 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X5 uşaqlıqdan xəstə olmaqla ona xəstəliyə görə müavinət təyin edilməsi, sonralar ona İ qrup müddətsiz əlillik verilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, daim valideynlərinin himayəsi və nəzarəti altında yaşamış və onların yardımına ehtiyacı olması, hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması, verilən suallara heç bir reaksiya verməməsi, anlaşılmaz səslər çıxarması və bu səbəbdən anamnestik məlumatların atası Ərizəçi toplanması, müayinə zamanı yoxlanılan şəxsin özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, onda ifadə olunmuş davranış pozuntusu müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması,intellekti inkişafdan geri qalması İQ=32% və s.) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X8 halhazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, 23 sentyabr 2003-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 sentyabr 2003-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar