Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-592/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayədəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və X12 Səhmdar Cəmiyyətinə qarşı hesab fakturasının ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məkhəməyə müraciət edərək "Azərsu ASC” X12 Səhmdar Cəmiyyəti tərəfindən 04.12-2021-ci il tarixdə tərtib edilmiş ********* nömrəli hesab fakturasının ləğv edilməsi və hesablanmış 845.79 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatda olanlar, o və ailə üzvləri həmin ünvanda yaşayırlar. Yaşadıqları dövürdə içməli və çirkab sulardan istifadə etmişlər. İstifadə etdikləri içməli suyun və çirkab su xəttindən istifadəyə görə tarifə uyğun olaraq ödənişləri vaxtı-vaxtında həyata keçirmişlər. Buna baxmayaraq Azərsu ASC Gəncə Sukanal TSC tərəfindən 04.12.2021-ci il tarixdə tərtib edilmiş ********* nömrəli hesab fakturasına əsasən ünvan 2 ünvanda yerləşən mənzilə 845.79 manat məbləğində heç bir əsas olmadan borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvan onun anasına məxsus olmuş, sonra onun adına rəsmiləşmiş, o, da arvadına bağışlamışdır. Onlar həmin ünvanda dörd nəfər ailə üzvü olmuş, həmin ünvanda 2021-ci ilin sentyabr ayına qədər su xətti olmamış, lakin kanalizasiya xətti olmuşdur. “Azərsu ASC” Gəncə Sukanal TSC tərəfindən sentyabr ayından sonra hesablanmış borcu qəbul edir, lakin sentyabrdan əvvəlki dövrə hesablanmış borcu qəbul etmir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, 2021-ci ilin sentyabrında su xətti qoşulmuş, lakin kanalizasiya xətti əvvəldən mövcud olmuşdur. İddiaçı cəmi 397 manat 27 qəpik ödəniş etmişdir. Sonda cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA serialı ******* nömrəli çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhəmməd ünvan 3 ünvanı mülkiyyət hüququ ilə İddiaçı adına 11.12.2009-cu il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhəmməd ünvan 3 ünvanı mülkiyyət hüququ ilə X1 adına 07.10.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - 23.09.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı Gənci şəhəri, Fizuli kücəsi 1-ci dönğə, ev 1 ünvanın yerləşən fərdi yaşayış evini X2 bağışlamışdır. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında 22.09.2004-cü il tarixdə, 514 nömrə ilə nikah bağlanmışdır. - Azərsu ASC Gəncə rayon sukanal İdarəsi hesab fakturasından görünür ki, Gənci şəhəri, Fizuli kücəsi 1-ci dönğə, ev 1 ünvanına X3 adına 845.79 manat borc hesablanmışdır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09.09.2009-cu il tarixdə ölmüşdür. - AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı 19.03.2010-cu l tarixdən Gənci şəhəri, Fizuli kücəsi 1-ci dönğə, ev 1 ünvanında qeydiyyatdadır. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş: - Abonent kartından çıxarışdan görünür ki, 2016-cı ildən 2022-ci ilin mart ayına qədər Gənci şəhəri, Fizuli kücəsi 1-ci dönğə, ev 1 ünvanında xidmət haqqı olaraq cəmi 876.09 manat borc yaranmışdır. - “Gəncə Sukanal” TSC tərəfindən verilmiş 03.03.2022-ci il tarixli aktdan görünür ki, “Gəncə Sukanal” TSC Texniki istehsalat Şöbəsinin rəisi Elbrus Hacıyev, Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin sahə rəisi Azər Məmmədov, Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin sahə ustası Ehtiram Əliyev bu aktı tərtib etmişlər ondan ötrü ki, ünvan 7 ünvanda 2011-ci ildən 2021-ci ilin sentyabr ayına gədər su xətti mövcud olmadığı müəyyən olunmuşdur. - Gənci şəhəri, Fizuli kücəsi 1-ci dönğə, ev 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin kanalizasiya xidmətindən istifadə edilməsinə dair arayışından görünür ki, 2021ci ilin sentyabr ayında su xəttinin bərpasında sonra, verilmiş hesabata görə abonentin sudan istifadə və tullantı suların axıdılmasına dair 108 manat borcu yaranmışdır. Yekun olaraq istehlakçının “Gəncə Sukanal” TSC-nə sudan istifadə və tullantı suların axıdılmasına dair 397.20 manat borcu yaranmışdır. Məhkəmə tərəfləri dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. X13 TSC-nin təqdim etdiyi aktdan və arayışdan məlum olur ki, iddiaçının Gəncə şəhəri, Fizuli küçəsi, 1-ci döngə, ev 1 ünvanına su xətti 2021-ci ilin sentyabr ayından qoşulmuş, həmin vaxtdan iddiaçının sudan istifadə və tullantı sularının axıdılmasına görə 108 manat, əvvəlki dövrdə tullantı sularının axıdılmasına görə borcla birlikdə cəmi 397.20 manat borcu yaranmışdır. Belə olan halda cavabdehlər tərəfindən su xəttinin mövcud olmadığı dövrdə sudan istifadə üçün borc hesablanması əsassızdır və həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. İddiaçı mübahisə predmeti olan ünvanda kanalizasiya xəttinin əvvəldən mövcud olmasını inkar etmədiyi üçün məhkəmə bunu işin mübahisələndirilməyən halı kimi qiymətləndirir və hesab edir ki, tullantı sularının axıdılması üçün yaranmış borc əsaslı olaraq hesablanmışdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla, məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını təmin etməlidir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Həmçinin “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cu il tarixli Qərarının: - 2.1.5-ci bəndində əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. - 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. - 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. - 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının "xxxx" Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” 6 yanvar 2007-ci il tarixli, 4 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsində əhali kateqoriyasına aid istehlakçılar üçün Gəncə şəhərində 1 m3 suyun dəyəri 0,30 manat, 1 m3 tullantı sularının axıdılmasının dəyəri 0,06 manat müəyyən edilmişdir. Həmin qərarın 4-cü bəndində sayğac quraşdırılmamış mənzillərdə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçıya hesablanmış 845.79 manat borcun 397.20 manatdan artıq olan hissəsi, yəni 448,59 manat düzgün hesablanmadığı üçün silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC X12 Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 448 (dörd yüz qırx səkkiz) manat 59 (əlli doqquz) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-592/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-592/2022
26.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver