Məhkəmə qərarları › İş №2(044)-658/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-658/2022

16.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-658/2022 16.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi, vəkil X5, Cavabdeh3 və onun nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 1 saylı Notariat Ofisinə, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması, vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 1 saylı Notariat Ofisinə, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, mülkün əvvəlki vəziyyətə qaytarılması, vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və mülkiyyət hüququnun tanınması» tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 06.10.2016-cı il tarixli 2V-1-229 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRX tərəfindən verilmiş 21.10.2018-ci il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilməsi, Gəncə şəhəri, Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evinin əvvəlki vəziyyətinə qaytarılması, X7 miras qalmış bağ evinə vərəsəliyin müəyyən edilərək, vərəsə tanınması və onun miras mülkə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 onun tanımadığı şəxsdir. Gəncə şəhəri, Nizami rayonu, Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evi onun mərhum əri X10 adına qeydiyyata alınmış və ona 31.10.2005-ci il tarixdə 22022 saylı qeydiyyat vəsiqəsi verilmişdir. X18 ilə o, 15.09.1976-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar və onların birgə nikah dövründə 05.07.1977-ci il tarixdə Ruslan, 08.08.1978-ci il tarixdə Vəfa adlı iki uşaqları anadan olmuşdur. X4 08.09.2012-ci il tarixdə vəfat etmiş və o, vəfat edən bir günə kimi onun paylı mülkiyyətində olan Gəncə şəhəri, Ozan küçəsi, 71 saylı evdə birlikdə yaşamışlar, o, mirası faktiki olaraq qəbul etmişdir. Ondan və uşaqlarından başqa X10 vərəsələri olmamışdır. X10 atası X6 1941-45-ci illərdə X32 gedib qayıtmamış, anası X19 isə 10 may 2008-ci il tarixdə vəfat etmişdir. Mərhum X1 Bazada müdir vəzifəsində işlədiyi müddətdə Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-dən həm özü, həm də bazanın işçiləri olan qızı Mahmudova (Əmiraslanova) Vəfa və oğlu Əmiraslanov Ruslan bağ evi tikdirmək üçün yanaşı olaraq 3 ədəd torpaq sahəsi götürmüşlər. Onlar öz torpaq sahələrində, oğlu isə özünə məxsus torpaq sahəsində bağ evi tikdirmişlər. O, mərhum əri ilə onun sağlığında, vəfat edəndən sonra isə özü uzun illər qeyd etdiyi bağ evinə gedib-gəlmişdir, yay aylarını orada keçirmişdir. Lakin son 5 -6 ildə ayaqları tutulmuş, ağır xəstələndiyi üçün bağ evinə gedə bilməmişdir. Bu yaxınlarda tanışı ilə təsadüfət görüşəndə ona demiş ki, evi niyə satmısınız, o, çox təccüblənmiş, bir neçə dəfə evə gedib qapını bağlı görmüş, qonşulardan orada Cavabdeh3 yaşadığını öyrənmiş, telefonla onunla əlaqə saxlayanda o, bildirmişdir ki, evin sahibi X10 ona borcu olmuş, oğlu Ruslan evi ona borcun əvəzində satmış, notariusda alqı-satqı rəsmiləşdirilərkən lazım olan sənədləri də Ruslan toplamışdır. X33 həmişə vəzifələrdə işləmiş, imkanlı adam olmuş, onun heç kimə borcu olmamış, nə sağlığında, nə də ki, vəfatından sonra heç vaxt cavabdeh borc pula görə onlara müraciət etməmişdir. O, xaricdə yaşayan Ruslana zəng edərək bu məsələni danışmış, Ruslan ona bildirmişdir ki, o, yalnız öz adına olan evi satmış, həmin vaxt evlərində olan bütün sənədlər qovluğunu ona vermişdir. Yəqin atasının adına olan evin sənədlərini oradan götürmüşdür, onun atasının cavabdehə borcu ölmamışdır. Onun sorğusu əsasında DƏDRX tərəfindən verilən cavab məktubunda, 1 saylı notariat kontorunun 06.10.2016-cı il tarixli 2V-1-229 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mülk Cavabdeh3 adına keçmiş və ona 21.10.2016-cı il tarixli **********6 qeydiyyat nömrəli çıxarış verilmiş, hazırda həmin əmlak "xxxx" QSC-nin xeyrinə yüklüdür. Miras bağ evi “A” yaşayış binası ümumi sahəsi 111.8 kv.m, yaşayış sahəsi 65.7 kv.m, yardımçı sahə 46 kv.m olan 3 otaqdan, “B” literli hamam 14.7 kv.m, “İ” literli 24.8 kv.m olan talvardan ibarətdir. O, 1 saylı notariat kontorunun 06.10.2016-cı il tarixli 2V-1-229 saylı vərəsəlik işinin materiallarını alıb tanış olmuş, müəyyən olmuş ki, işdə olan bütün sənədlər saxtadır, mirası guya ərinin yeganə vərəsəsi bacısı (Əmiraslanova) X25 oğlu Cavabdeh3 qəbul etmişdir. Notariat işində olan Nizami rayon Qeydiyyat şöbəsi tərəindən verilmiş arayışları şöbəyə təqdim olunarkən, həmin arayışların şöbədən verilmədiyi, möhür və müdirin imzası isə skyp edilmişdir. Aydın olmuşdur ki, həmin arayışlar saxtadır, nizami rayon Qeydiyyat şöbəsində həmin şəxslərin qeydi olmamışdır. Həmin arayışlarda, guya X2 və cavabdehin anası X25 atası “X28”, anası isə “X15” olmuşdur. Əslində isə X31in doğum haqqında şəhadətnamədə onun atası X6, anası isə X19 olması qeyd olunmuşdur. Nizami rayon Qeydiyyat şöbəsindən sorğuya cavab olaraq verilmiş 13.12.2021-ci il tarixli arayışda, cavabdehin anası X26 olmuşdur. Onun da doğum akt qeydi Ermənistan Respublikasında qalmışdır. Bundan başqa Notariat işində olan küçə üçlüyünün 29.09.2016-cı il tarixli arayışında saxtakarcasına göstərilmişdir ki, guya onun əri X18 vəfat edən günə kimi ailə qurmamış, subay olmuş, övladı olmamışdır. Guya onun yeganə vərəsəsi bacısı X37 olmuş, o da öləndən sonra vərəsəsi cavabdeh olmuşdur. Halbu ki, Rəhim Əmiraslanovun heç bacısı olmamışdır. Küçə üçlüyünün 09.12.2021-ci il tarixli arayışda, guya onun 3 qardaşı olmuş və onlar da vəfat etmişdir kimi göstərilmişdir. İddiaçının nümayəndəsi, vəkil X12 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vetdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsində yazılanlarla razı deyildir. O, hazırda mülkiyyətində olan Gəncə şəhəri, Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evini iddiaçının oğlu Ruslanla razılaşaraq almışdır. O, heç bir sənədləşmədə iştirak etməmişdir. Lakin bir dəfə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə gedərək bağ evinə dair çıxarışı götürmüşdür. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Gəncə şəhəri 1 saylı Notariat Ofisi və Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Gəncə şəhəri 1 saylı Notariat Ofisi və Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh3 və onun nümayəndəsnin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: 31.10.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22022 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3 (65.7 kv.m 3 yaşayış otağından ibarət) X10 adına qeyd edilmişdir. 10.09.2012-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X18 08 sentyabr 2012-ci il tarixdə vəfat etmişdir. 15.09.1976-cı il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə İddiaçı nikahları 15 sentyabr 1976-cı il tarixdə 909 saylı akt qeydi ilə bağlanmışdır. 14.08.1978-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə İddiaçı birgə nikahlarından 08 avqust 1978-ci il tarixdə X20 anadan olmuşdur. 08.09.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən verilmiş arayışdan görünür ki, X18 ilə İddiaçı birgə nikahlarından 05 iyul 1977-ci il tarixdə X16 anadan olmuşdur. 13.12.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X17 ilə X13 birgə nikahlarından xx xxxxxx 1977-ci il tarixdə Cavabdeh3 anadan olmuşdur. 15.05.2008-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 10 may 2008-ci il tarixdə vəfat etmişdir. 09.12.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır, həyat yoldaşı X18 08.09.2012-ci il tarixdə vəfat etmişdir. Onlar üç qardaş olmuşlar- X21 20.07.1991-ci ildə, X22 25.09.2015-ci ildə vəfat etmişlər və onların bacıları olmamışdır. X18 vəfat edəndən sonra vərəsələri İddiaçı, X16, X30 qalmışlar. 18.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə rayonlararası təchizat bazasının 04.02.2005-ci il tarixli 47 saylı məktubu və layihəsinə əsasən X14 Kirovabad şəhər X27 İcraiyyə Komitəsinin 26.01.1988-ci il tarixli 1 saylı sərəncamı əsasında “Savalan” bağçılıq massivindən 505.0 kv.m torpaqsahəsi ayrılaraq üzərində bağ evi tikdirmək üçün layihə verilmişdir. Gəncə şəhəri İcra Hakimiyyətinin başçısının təsdiq etdiyi 26.10.2006-cı il tarixli bağ evinin qəbulu aktı, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 28.10.2005-ci il tarixli 10-599 saylı məktubuna əsasən Gəncə şəhəri Nizami rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evi X10 adına qeydiyyata alınmışdır və 31.10.2005-ci il tarixdə 22022 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat kontorunun 06.10.2016-cı il tarixli 2V-1-229 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk (tikili “A”-da 65.7 kv.m üç yaşayış otağı, 46.1 kv.m köməkçi sahə, 115.8 kv.m y/zirzəmi, tikili “B”-də 14.7 kv.m hamam, tikili “İ”-də 24.8 talvar) Cavabdeh3 adına keçmişdir və ona 21.10.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu əmlak "xxxx" QSC-nin xeyrinə yüklüdür. 29.09.2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh3 mərhum dayısı X18 08.09.2012-ci il tarixdə vəfat etmişdir. X4 ölən günədək ünvan 2 ünvanda faktiki olaraq yaşamış və vəfat etdiyi günə qədər ailə qurmamış, subay olmuş, övladı olmamışdır, öləndən sonra ailə üzvlərindən yeganə – bacısı (Əmiraslanova) X37 qalmış və o da 16.07.2013-cü ildə vəfat etmişdir, ölən günə qədər qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşamış, öləndən sonra ailə üzvlərindən oğlu Cavabdeh3 qalmışdır. X2 adına olan Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3 ünvanda yerıəşən bağ evini mərhumların vəfatından sonra faktiki sahibliyini X2 bacısı oğlu Cavabdeh3 həyata keçirmiş, bağ evinə dair kommunal və digərxidmət xərclərini halhazırda ödəyir. X4 ölən günədək bacısı oğlu Cavabdeh3 himayəsində yaşamışdır və onun valideynlərindən sağ qalanı yoxdur. Mərhumların yuxarıda göstərilən ailə üzvü olan Cavabdeh3 başqa az yaşlı və əmək qabiliyyətini itirmiş vərəsəsi yoxdur. 08.08.2014-cü il tarixdə X51 tərəfindən verilmiş arayışdan görünür ki, X28 ilə X8 birgə nikahlarından 24 sentyabr 1936-cı il tarixdə X18 anadan olmuşdur. 08.08.2014-cü il tarixdə X51 tərəfindən verilmiş arayışdan görünür ki, X28 ilə X8 birgə nikahlarından 01 iyun 1948-ci il tarixdə X23 anadan olmuşdur. 14.11.2014-cü il atrixdə X51 tərəfindən verilmiş arayışdan görünür ki, X28 05 sentyabr 1968-ci il tarixdə vəfat etmişdir. 08.09.2014-cü il tarixdə X51 tərəfindən verilmiş arayışdan görünür ki, X15 05 avqust 1975-ci il tarixdə vəfat etmişdir. 16.10.2014-cü il tarixdə X51 tərəfindən verilmiş arayışdan görünür ki, X37 16 iyul 2013-cü il tarixdə vəfat etmişdir. 14.10.2008-ci il tarixdə X51 tərəfindən verilmiş arayışdan görünür ki, X17 ilə X11 nikahları 07 oktyabr 1968-ci il tarixdə 441 saylı akt qeydi ilə bağlanmışdır. 08.08.2014-cü il tarixdə X51 tərəfindən verilmiş arayışdan görünür ki, X17 ilə X11 birgə nikahlarından xx xxxxxx 1977-ci il tarixdə Cavabdeh3 anadan olmuşdur. 14.04.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Nizami rayonu, Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3 ünvanda yerləşən bağ evi Cavabdeh3 mülkiyyətində olmaqla 21.10.2016-cı il tarixli **********30-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən bağ evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materialları ilə müəyyən edilir ki, mirasqoyan X18 08.09.2012-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun arvadıdır. Belə ki, iddiaçı ilə X33 arasında olan nikah 15.09.1976-cı il tarixdə 909 saylı akt qeydi ilə bağlanmışdır. Onların birgə nikahlarından 08.08.1978-ci il tarixdə Vəfa, 05.07.1977-ci il tarixdə Ruslan adlı uşaqları doğulmuşdur. X3 Gəncə rayonlararası təchizat bazasının 04.02.2005-ci il tarixli 47 saylı məktubu və layihəsinə əsasən Kirovabad şəhər X27 İcraiyyə Komitəsinin 26.01.1988-ci il tarixli 1 saylı sərəncamı əsasında “Savalan” bağçılıq massivindən 505.0 kv.m torpaqsahəsi ayrılaraq üzərində bağ evi tikdirmək üçün layihə verilmişdir. Bundan sonra Gəncə şəhəri İcra Hakimiyyətinin başçısının təsdiq etdiyi 26.10.2006-cı il tarixli bağ evinin qəbulu aktı, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 28.10.2005-ci il tarixli 10-599 saylı məktubuna əsasən Gəncə şəhəri Nizami rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evi mərhumun adına qeydiyyata alınmışdır və ona 31.10.2005-ci il tarixdə 22022 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh3 X2 yeganə vərəsəsi kimi (yəni onun bacısı oğlu kimi) 1 saylı notariat kontorunun 06.10.2016-cı il tarixli 2V-1-229 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında ondan miras qalmış mübahisəli fərdi yaşayış evini miras əmlak kimi qəbul etmişdir. Hazırda isə mülk sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Mülki Prosessual Məcəllənin 217.1, 217.3 və 217.4-cü maddələri). Hazırda tərəflər arasında iddia tələbi üzrə yaranmış mübahisə vərəsəlik hüquq münasibətləri üzrə yaranmışdır. Göstərilən mübahisə Mülki Məcəllənin aşağıdakı normaları, habelə əlaqəli hüquq normaları ilə təhlil edilməlidir. Diqqərə çatdırılmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı kollegiya bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. İlk növbədə müəyyən edilməli hal mirasın kütləsinin nədən ibarət olmasıdır. İşin halları bu yöndə araşdırılan zaman müəyyən edilir ki, miras əmlak X2 adına qeyd olunmuş, 31.10.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22022 saylı qeydiyyat vəsiqəsində göstərilən Gəncə şəhəri, Nizami rayonu, Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3 ümüumi sahəsi 65.7 kv.m olan 3 yaşayış otağından ibarət evdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı X33un arvadıdır. Bu hal onun Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraqqanun üzrə birinci növbə vərəsə hesab olmasına dəlalət edir. Yəni hazırki iddianı qaldırmağa onun subyektiv hüququ vardır. Bununla yanaşı məhkəmə göstərir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən müəyyən edilir ki, İddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Belə ki, mərhum ərinin ölümündən sonra miras əmlak onun tərəfindən idarə edilmiş, əmlaka sahiblik həyata keçirilmişdir. Bununla da miras əmlak iddiaçının qanun üzrə birinci növbə vərəsə kimi iradəsinə uyğun olaraq qəbul edilmişdir. Lakin iş materiallarından görünür ki, cavabdeh əsassız olaraq X33un bacısı oğlu kimi nəzərə alınaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hansı ki, işin halları bu yöndə araşdırılan zaman müəyyən edilir ki, mərhum miras qoyanın birinci növbə vərəsələri – arvadı və uşaqları Ruslan və Vəfadır. Bu halda digər vərəsələrin növbəliliyi yaranmır. Mülki Məcəllənin qanun üzrə vərəsəlik zamanı növbəlikdən bəhs edən 1160-cı maddəsinə göstərilmişdir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Lakin cavabdehə notariat orqanı tərəfindən şəhadətnamə verilən zaman bu fakt nəzərə alınmamış və Evlər Üçlüyü tərəfindən verilən 29.09.2016-cı il tarixli arayışa istinad edilmişdir. Həmin arayışda göstərilmişdir ki, X18 08.09.2012-ci il tarixdə vəfat etmişdir. X4 ölən günədək ünvan 2 ünvanda faktiki olaraq yaşamış və vəfat etdiyi günə qədər ailə qurmamış, subay olmuş, övladı olmamışdır. Hansı ki, arayışda olan məlumatlar 15.09.1976-cı il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamə, 14.08.1978-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə və 08.09.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən verilmiş arayış ilə təkzib edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. (Mülki Məcəllənin 1301.1 və 1301.2-ci maddələri). Həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin tələbinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərsələrin axtarılması üçün tədbirlər görür. Ona görə də məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsassız olmuşdur. Çünki cavabdeh tərəfindən qanun üzrə birinci növbə vərəsələr barədə notariat orqanına düzgün məlumat verilməmiş, həmin vərəsələr barədə məlumat gizlədilmiş, habelə notariat kontiru özü təşəbbüs göstərərk vərəsələrə məlumat verməmişdir. Cavabdehin adına verilmiş çıxarış da həmin şəhadətnamə əsasında verildiyindən həmin çıxarış da etibarsızdır. Bu hissələrdə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bununla yanaşı məhkəmə iddia tələbinin, X7 miras qalmış bağ evinə vərəsəliyin müəyyən edilərək, vərəsə tanınması və onun miras mülkə mülkiyyət hüququnun tanınması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə təmin olunması qanunamüvafiq deyildir. Çünki vərəsəliyin müəyyən edilməsi və vərəsə tanınma qanundan doğan tələbdir. Yəni artıq qanunlarla bu hal müəyyənlişdirilmişdir. Yenidən həmin halların məhkəmə qaydasında təsdiqinə ehtiyac yoxdur. Digər tərəfdən miras mülkə mülkiyyət hüququn tanınması iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciəti zamanı həyata keçiriləcəkdir. Ona görə də iddianın bu hissədə də təmin olunması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Cavabdeh3 verilmiş 06.10.2016-cı il tarixli 2V-1-229 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 21.10.2018-ci il tarixli ********** saylı çıxarış etibarsız hesab edilsin. Gəncə şəhəri,Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evi ilkin hüquqi vəziyyəti qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar