Məhkəmə qərarları › İş №2(044)-858/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-858/2021

23.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-858/2021 23.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” X3 X6 İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh” X3 Regional Qaz idarəsi tərəfindən əsassız hesablanmış 216 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Cavabdeh” X3 X6 İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanda quraşdırılan qaz sayğacına müdaxilə barədə əsassız, heç bir qanun və normativ akta əsaslanmayan 14.12.2020-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktda sayğacın hesablanma mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının atrafının zədələnməsi göstərilmiş və bu zədələnmənin kənar müdaxilə nəticəsində baş verməklə bunun isteklakçı tərəfindən törədilməsi qənaətinə gəlinərək onun 216 manat məbləğində borcunun olması iddia edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.3-cü bəndinin tələbləri baxımından qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı olan müqavilə tərəfidir. Ərizəyə əlavə etdiyi “Cavabdeh” İstehsalat Birliyinin qaz sayğacının yoxlanılması barədə 26.11.2020-ci il tarixli aktın 13-cü bəndində “sayğacın klapanı işlək deyil, yivli birləşmələri korroziyaya uğrayıb” kimi qeyd aparılmışdır ki, bu da özlüyündə “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsinin sayğaca vaxtında qulluq göstərməməsini bir daha təsdiq etmişdir. Təmir-profilaktika işləri vaxtında aparılsa idi aktda qeyd edilən korroziya halının baş verməsindən söhbət gedə bilməzdi. Hesab edir ki, həmin akt ilə hesablanmış cərimə tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, 26.08.2020-ci il tarixdə qaz idarəsinin əməkdaşları iddiaçının ünvanına gəlib sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar onu başqası ilə əvəzləmişlər. Sonradan 14.12.2020-ci il tarixli akt tərtib etmişlər ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plombla yuvasının ətrafı zədəlidir. Mənzildə qaz sayğacı əvəzlənərkən sayğacda hər hansı qüsurun olması barədə onlara heç nə deyilməmişdir, lakin sonradan bir neçə ay keçdikdən sonra akt tərtib edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plombla yuvasının ətrafı zədəlidir və güya həmin zədə abonentin təqsiri ucbatından baş vermişdir, həmçinin həmin aktda yazılmışdır ki, “abonenti evdə tapmaq mümkün olmadı”, lakin onlar hər zaman evdə olmuşlar. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala¬raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: 26.08.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, qaz sayğacının istismar müddəti bitdiyinə görə qaz sayğacı başqası ilə əvəzlənir. 14.12.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plombla yuvasının ətrafı zədəlidir. 16.12.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 2160 m3 qeyd olunmuşdur. Məhkəmə sübutları araşdırarkən abonentə hesablanmış 216 manat borcu əsaslandıracaq sübutu təqdim edilməsi təklif etmiş, lakin qeyd edilən borcun yaranmasını barədə heç bir subut məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəf bildirmişdir ki, 26.08.2020-ci il tarixdə qaz idarəsinin əməkdaşları iddiaçının ünvanına gəlib sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar onu başqası ilə əvəzləmişlər. Sonradan 14.12.2020-ci il tarixli akt tərtib etmişlər ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plombla yuvasının ətrafı zədəlidir. Məhkəmə araşdırması zamanı həmin aktda göstərilən sayğacda müəyyən olunmuş zədənin istehlakçının təqsirindən yaranmasını təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya hesablanmış 216 manat pul silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: -3.1.3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. -4.2-ci bəndinə əsasən isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsində göstərilir ki, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsində göstərilir ki, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 26.08.2020-ci il tarixdə qaz idarəsinin əməkdaşları iddiaçının ünvanına gəlib sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar onu başqası ilə əvəzləmiş və bu barədə 26.08.2020-ci il tarixli akt tərtib olunmuş, daha sonra 14.12.2020-ci il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plombla yuvasının ətrafı zədəlidir. Lakin həmin aktda göstərilən sayğacda müəyyən olunmuş zədənin istehlakçının təqsirindən yaranmasını təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya hesablanmış 216 manat pul silinməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin N.Əbilovun şikayəti üzrə 13.06.2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edilənləri nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməli, “Cavabdeh” X3 X6 İdarəsi tərəfindən qazdan istifadəyə görə hesablanmış 216 manat silinməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı “Cavabdeh” X3 X7 İdarəsi tərəfindən 14.12.2020-ci il tarixli, ******* saylı aktla hesablanmış 216 manat borc silinsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar