Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-925/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat ofisinə qarşı vərəsəliyin qəbul edilməsi və mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən istifadələrində olan 0.29 ha torpaq sahəsinin və Gəncə (Kirovabad) şəhər, Bağmanlar qəsəbəsi, “Kirov” adına kolxozun 12 aprel 1957-ci il tarixli 03 saylı kolxozun ümumi yığıncağının qərarına əsasən mərhum atası X1 həyətyanı torpaq fondundan ayrılmış ünvan 1 ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair o, İddiaçı tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsinə və onun mərhum atası X2 qanun üzrə vərəsəsi tanınmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, mirasın qəbul edilməsi faktı hüquqi əhəmiyyətli fakt olmaqla xüsusi icraat qaydasında baxılır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə işlərə yalnız o halda iddia icraatı qaydasında baxılır ki, hüquq barədə mübahisə mövcud olmuş olsun. İddiaçının iddia ərizəsində digər vərəsələrlə hər hansı mübahisəsinin olub-olmaması, bu mübahisənin hüquq barədə mübahisə olması ümumiyyətlə məlum olmur. İddiaçı nəyə əsasən məhz Gəncə şəhər 1 saylı Notariat ofisini bu iddia üzrə cavabdeh olmalı olduğunu iddia ərizəsində əsaslandırmamışdır. Əgər mirasın iddiaçı tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq edilirsə, iddiaçının notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüquq vardır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 10-cu bəndində məhkəmələrə izah edilir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin geri qaytarılması göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə təkrar iddia ərizəsi ilə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat ofisinə qarşı vərəsəliyin qəbul edilməsi və mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-925/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-925/2022
10.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver