Məhkəmə qərarları › İş №2(045)-129/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-129/2023

27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-129/2023 27.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında olan nikahlarını barışmaq üçün vaxt vermədən pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1995-ci ildə evlənmiş və nikahları isə bir qədər gec, yəni xx.xx.2001-ci ildə qeyd edilmişdir. Birgə nikahdan iki oğlu, iki qızı doğulmuş, lakin oğlanlarından biri 2 yaşında, biri də 13 yaşında vəfat etmişdir. Qızları yetkinlik yaşına çatmışlar: X3 - 1999-cu il təvəllüdlü və X1 - 2001-ci il təvəllüdlü. Onlar evlənəndən aralarında normal münasibətləri olmamışdır. O, çox çalışmışdır ki, ailəsini qoruyub saxlasın, lakin bu mümkün olmamışdır. Onlar xasiyyətcə tamamilə başqa-başqa insanlardır. Odur ki, ailədə ümumi dil tapıb dolanmaq mümkünsüzdür. Onlar faktiki ayrılmışlar. Cavabdehlə aralarında olan nikah formal xarakter daşıyır. Ona görə də cavabdehlə olan nikah pozulmalıdır. Onların ailəsinin bərpası mümkün deyildir. Məhkəmə ər-arvadın barışması üçün 3 (üç) ay müddət müəyyən etməklə işə baxılmasını 3 ay sonraya təxirə salmış, lakin tərəflər bu müddət ərzində görüşməmiş, eləcə də ailəni bərpa etmək üçün səy göstərməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon VVAQŞ tərəfindən verilmiş Vİİİ-ЖГ seriyalı, 440124 nömrəli nikahın bağlanması haqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2001-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 №-ilə qeyd edilmişdir; Goranboy rayon VVAQŞ tərəfindən verilmiş AZ-İ seriyalı, 147555 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 17 avqust 2001-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X2r; Goranboy rayon VVAQŞ tərəfindən verilmiş AZ-İ seriyalı, 147191 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03 mart 1999-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-2149 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı nikahın pozulması ilə bağlı həmin quruma müraciət etmiş, lakin Cavabdeh qeydiyyat şöbəsinə gəlmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər xx.xx.2001-ci il tarixdə birgə nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahdan olan uşaqları yetkinlik yaşına çatmışdır. Tərəflərin faktiki olaraq ailə münasibətləri kəsilmiş, hər biri ayrı-ayrılıqda yaşamaqla, birgə təsərrüfat aparmırlar. Ailələrinin bərpası qeyrimümkündür və iddiaçı nikahın pozulmasında təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir; 20-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində həmçinin nikahın vaxt verilmədən pozulmasını tələb etmişdir. Lakin, cavabdeh nikahın pozulmasına ilkin olaraq razı olmadığından Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20-ci maddəsinin tələbləri baxımından tərəflərə barışıq üçün vaxt verilmişdir. Bu səbəbdən də tələb həmin hissədə təmin olunmamalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 №-ilə qeyd edilmiş nikah pozulmalıdır. nikah pozulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2001-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 №-ilə qeyd edilmiş nikah pozulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar