Məhkəmə qərarları › İş №2(045)-1667/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1667/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1667/2023 01.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsi üzrə 2 ədəd Aıwa qulaqlıq üçün 200 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsi üzrə İmei kodu **********65369 Samsung Galaxy A52 üçün 530,50 manat ödənilməmiş hissə, 53,50 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsi üzrə İmei kodu **********65369 Samsung Galaxy A52 markalı telefon üçün 833 manat ödənilməmiş hissə, 83 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsi üzrə İmei kodu **********32783 Samsung Galaxy S21FE markalı telefon üçün 2102,04 manat ödənilməmiş hissə, 210,96 manat cərimə, ümumilikdə 4033 manat borcun və 60,33 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan 2 ədəd Aıwa qulaqlığı cəmi 205,97 manata almışdır. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan Samsung Galaxy A52 markalı telefonu cəmi 797 manata almışdır. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan Samsung Galaxy A52 markalı telefonu cəmi 918 manata almışdır. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan Samsung Galaxy S21FE markalı telefonu cəmi 2102,03 manata almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdehin ödənilməmiş 3665,54 manat borcu, 367,46 manat cərimə olmaqla, cəmi 4033 manat borcu vardır. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq 60,33 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh saziş üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin əsas borcun ödənilməsi hissəsinə dair məhkəmə qeyd edir ki, tələb bu hissədə tam təmin edilməli və Cavabdeh "xxxx" MMC-nin xeyrinə 3665,54 manat məbləğində əsas borc pul tutulmalıdır. Məhkəmə iddia tələbinin 367,46 manat məbləğində dəbbə pulu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 35 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 60,33 (altmış manat, otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən əvəzi tutulmalı olan ödənilmiş dövlət rüsumunun məbləği 57 (əlli yeddi) manat müəyyən edilməli və 3,33 (üç manat, otuz üç qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3665,54 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla, ümumilikdə 3700,54 manat borc pul və ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 214-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3665,54 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla, ümumilikdə 3700,54 manat borc pul və ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar