Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-26/2023 05.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyana görə 14625 manat məbləğində zərər pulunun və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 134 manat məbləğində pulun, ümumilikdə cəmi 14759 manat pulun tutularaq оnun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, fərdi sahibkar kimi 2018-ci ildən Bakı şəhəri və respublikanın digər rayonlarına qida məhsullarının topdan və pərakəndə satışını həyata keçirmişdir. Həmin fəaliyyətlə əlaqədar olaraq onunla cavabdeh arasında əmək müqaviləsi bağlanmış və elektron qaydada qeydiyyata alınmışdır. Cavabdehin işlədiyi “satış nümayəndəsi” vəzifəsi ona təyin olunan ərazidə yerləşən mağazalara onların satdıqları malları təqdim etməklə, mağazalarla həmin malların satışını razılaşdırıb sifarişləri qəbul etmək, həmin sifarişlər əsasında mağazalar tərəfindən ödənilməli olan pulları toplayıb ona təhvil verməkdən ibarət olmuşdur. Lakin, cavabdeh işlədiyi müddət ərzində mağazalardan topladığı pulların ona çatan hissəsini özünə götürmüş və ona mağazaların ödənişləri tam etmədiyini və borclarının qaldığını bildirmişdir. Nəticədə, cavabdeh ümumilikdə 21500 manat məbləğində pulu əsassız əldə edərək ona maddi zərər vurmuşdur. Bunu cavabdehin verdiyi izahat, iltizam və “İnternational Audit’’ MMC-nin verdiyi audit rəyi təsdiq edir. Belə ki, cavabdeh 28 may 2019-cu il tarixli iltizam və izahatda da 21500 manat məbləğində pulu əldə etdiyini etiraf etmiş və həmin məbləği hissə-hissə 01 sentyabr 2019cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq "xxxx" MMC ilə aralarında bağlanılmış 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən şirkət tərəfindən audit yoxlanılması aparılmış və təqdim edilmiş sənədlər əsasında cavabdehin cavabdehlik daşıdığı mağazalardan satılmış mallar üzrə 60435.35 manat borc qalmağına baxmayaraq qeyd olunan mağazaların təqdim etdikləri üzləşmə aktlarında mağazaların ümumilikdə 36232.75 manat borcun qaldığı müəyyən edilmişdir. Əlavə olaraq qeyd olunan mağazalarla aparılan daxili üzləşmələrə əsasən aydın olmuşdur ki, həmin mağazalar ümumilikdə 21500 manat məbləği cavabdehə ödəniş etmiş, lakin cavabdeh qeyd olunan məbləği ona ödəməmişdir. Daha sonra cavabdeh dəymiş 21500 manat ziyanın 6875 manat məbləğində hissəsini geri qaytarmışdır. Ümumilikdə cavabdehin ona 14625 manat borcu qalmışdır. O və digər əməkdaşlar tərəfindən cavabdehə dəfələrlə müraciət olunaraq pulu geri qaytarmaq tələb edilmiş, əks halda qanunla nəzərdə tutulmuş qaydada müraciət ediləcəyi bildirilmişdir. Lakin, cavabdeh müraciətləri cavabsız qoymuşdur. Qeyd olunan faktlarla bağlı tərəfindən Azərbaycan Respublikası Baş Prokuroruna ərizə ilə müraciət edilmişdir. Lakin, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan səbəbdən cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir ki, cavabdehdən ona dəymiş 14625 manat və həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 134 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili X5 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 03 yanvar 2019-cu il tarixdə iddiaçı ilə əmək müqaviləsi bağlayaraq böyük marketlərdə satış təmsilçisi vəzifəsini icra etmişdir. Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda yerləşən iri həcmli ticarət mərkəzlərində satdıqları malları təqdim etməklə, həmin malların satışını razılaşdırıb sifarişləri qəbul etmiş, həmin sifarişlər əsasında dükanlar tərəfindən verilməli olan pulları alıb rəhbərliyə təqdim etmişdir. O, 2019-cu ilin may ayında rəhbərliyin razılığı ilə məzuniyyətə çıxmışdır. Məzuniyyətə çıxdıqdan 1 həftə sonra fəaliyyətinə birbaşa nəzarət edən satış müdiri X6 ona zəng vuraraq işə qayıtmalı olduğunu bildirmiş, o isə etiraz edərək məzuniyyəti qurtarandan sonra gələ biləcəyini demişdir. Təxminən 15 may 2019-cu il tarixdə məzuniyyəti bitdiyindən işə qayıtmış, işə qayıdarkən ona 21500 manat məbləğində dükanlardan satılmış malların pullarını alsa da rəhbərliyə qaytarmadığını bildirmişlər. O, buna etiraz etdikdə Orxan onu təpik və şillə ilə vurmuş, cəzaçəkmə müəssisəsində cəza çəkən adamlarının olduğunu, onu həbs etdirib həmin adamlara pul verərək onu cəzalandıracaqlarını bildirmişdir. O, bundan sonra qorxaraq həmin məbləğdə pulu götürdüyünü bildirmiş, hətta bu barədə izahat yazmış, həmçinin iltizam yazaraq pulu qaytaracağına söz vermişdir. Müdiriyyət onun satış apardığı dükanlarda onun iştirakı olmadan yoxlama apararaq onun 21500 manat pul mənimsədiyini aşkara çıxarmışdır. O, sonralar müdiriyyətə onun iştirakı ilə yoxlanış aparılmasını bildirdikdə müdiriyyət bir qisim dükanlarda yoxlanışa başlasa da sonralar bunu dayandırmışdır. Bu məsələni ailə üzvləri biləndən sonra qayınatası X3 ona bir söz demədən ayrı-ayrı vaxtlarda cəmi 6875 manat pulu iddiaçıya qaytarmışdır. Onun döyülməsi və hədələnməsinə dair heç bir sübutu yoxdur, yalnız qardaşı Raminlə Orxan arasında olan danışığın audio yazısı vardır ki, həmin yazıda Orxanın onu necə hədələdiyini eşitmək olar. Həmçinin, Orxanın onu vurması ilə bağlı heç bir xəsarət və travma almamış, həmçinin polis şöbəsində izahatı alınan zaman 1 ildən artıq vaxtın keçdiyindən ekspertizadan keçməkdən imtina etmişdir. Orxan onu dəqiq yerini tanımadığı, yalnız Nərimanov rayonu ərazisində yerləşdiyini bildiyi ofisdə döymüşdür. Göstərilənləri nəzərə alaraq iddianın rədd rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, onun İddiaçı heç bir borcu yoxdur. Onun tərəfindən İddiaçı məxsus hər hansı bir vəsait mənimsənilməmişdir. O, dəfələrlə mal payladığı dükanlarda onun iştirakı ilə yoxlama keçirilməsini tələb etmişdir. Lakin, İddiaçı buna əhəmiyyət verməmişdir. İş materiallarında olan 28 may 2019-cu il tarixli iltizamlar həqiqətən də onun tərəfindən yazılmışdır. Həmin iltizamlarda o, İddiaçı olan borcunu etiraf etmiş və pulu hissə-hissə qaytaracağına dair öhdəlik götürmüşdür. Onun qayınatası X3 tərəfindən İddiaçı ödənilmiş 6875 manat məbləğində vəsaitdən xəbəri olmamışdır. Hesab edir ki, qayınatası həmin vəsaiti onun ailəsini qorumaq üçün ödəmişdir. Anası ilə İddiaçı arasında telefon danışığı da olmuş və həmin səs yazılarının yazıldığı CD diskləri məhkəməyə təqdim etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən (qeydiyyat № (VÖEN) **********) görünür ki, İddiaçı 09 dekabr 2014-cü il tarixdə fərdi sahibkar kimi uçota alınmışdır; 18 yanvar 2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında 03 yanvar 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və işçi satış nümayəndəsi vəzifəsinə qəbul edilmişdir; Əmək kitabçasının surətindən görünür ki, Cavabdeh 03 yanvar 2019-cu il tarixdə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir; 28 may 2019-cu tarixli Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, satılan malların pullarını, yəni 21500 manatı mənimsədiyini bildirmiş və 29 may 2019-cu il tarixdə 5000 manat, 01 iyul 2019-cu il tarixdə 10000 manat, 01 sentyabr 2019-cu il tarixdə 6500 manat ödəməyi öhdəsinə götürmüşdür; 28 may 2019-cu tarixli Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, İddiaçı 21500 manat pul borcu olduğunu bildirmiş və 29 may 2019-cu il tarixdə 5000 manat, 01 iyul 2019-cu il tarixdə 10000 manat, 01 sentyabr 2019-cu il tarixdə 6500 manat ödəməyi öhdəsinə götürmüşdür; 28 may 2019-cu tarixli Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, satılan malların pullarını, yəni 21500 manatı sahibkara verməmiş, öz ehtiyacları üçün xərclədiyini bildirmiş və 29 may 2019-cu il tarixdə 5000 manat, 01 iyul 2019-cu il tarixədək 10000 manat, 01 sentyabr 2019-cu il tarixədək 6500 manat ödəməyi öhdəsinə götürmüşdür; 30 sentyabr 2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ildə satılmış mallara görə 5000 manat ödənilmişdir; 31 oktyabr 2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ildə satılmış mallara görə 625 manat ödənilmişdir; 30 noyabr 2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ildə satılmış mallara görə 625 manat ödənilmişdir; 28 dekabr 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ildə satılmış mallara görə 625 manat ödənilmişdir; X3 tərəfindən verilmiş iltizamdan görünür ki, kürəkəni Cavabdeh İddiaçı 21500 manat borcu olmuşdur. Həmin borcdan 30 sentyabr 2019-cu il tarixdə 5000 manat onun tərəfindən ödənilmişdir. 06 oktyabr 2019-cu il tarixdə 1500 manat ödəməyi və qalan 15000 manatı 24 ay müddətində hər ay 625 manat ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" müstəqil auditorun 17 iyun 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh 6875 AZN ödəniş etdikdən sonra İddiaçı olan qalıq borcunu (14625 AZN) indiyə qədər ödəməmiş, ödəməkdən imtina etmişdir; Əmək kitabçasının surətindən görünür ki, Cavabdeh 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi üzrə tutduğu vəzifədən azad edilmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Səbail rayon prokurorluğunun müstəntiqi X4 04 iyun 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Səbail rayon prokurorluğunun böyük müstəntiqi X1 13 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; CD disklərdə olan səs yazılarına qulaq asılarkən müəyyən olunur ki, özünü Cavabdeh anası kimi təqdim edən şəxs İddiaçı zəng edərək pulun oğlundan tələb olunmamasını xahiş edir; 13 yanvar 2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki tələb üzrə 134 manat dövlət rüsumu ödənilmişdir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, cavabdeh 03 yanvar 2019-cu il tarixdə iddiaçı ilə əmək müqaviləsi bağlayaraq satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, ona təyin olunan ərazidə yerləşən mağazalara satılan malları təqdim etmiş, mağazalardan sifarişləri qəbul etmiş və həmin sifarişlər əsasında mağazalar tərəfindən ödənilməli olan pulları toplayıb iddiaçıya təhvil verməli olmuşdur. Lakin, cavabdeh işlədiyi müddət ərzində mağazalardan topladığı pullardan 21500 manat özünə götürərək iddiaçıya maddi zərər vurmuşdur. Bunu cavabdehin verdiyi izahat, iltizamlar və “İnternational Audit’’ MMC-nin verdiyi audit rəyi təsdiq edir. Cavabdeh verdiyi izahat və iltizamlarda məsuliyyətini qəbul etmiş və həmin məbləği öz ehtiyacları üçün xərclədiyini bildirərək borcunu etiraf etmişdir. Belə ki, cavabdeh 28 may 2019-cu il tarixli iltizamlarda və izahatında da 21500 manat məbləğində pulu əldə etdiyini etiraf etmiş və həmin məbləği hissə-hissə 29 may 2019-cu il tarixdə 5000 manat, 01 iyul 2019-cu il tarixdə 10000 manat, 01 sentyabr 2019-cu il tarixdə 6500 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, həmin vaxtadək cavabdeh ödəniş etməmiş, 30 sentyabr 2019-cu il tarixdə 5000 manat, 31 oktyabr 2019-cu il tarixdə 625 manat, 30 noyabr 2019-cu il tarixdə 625 manat, 28 dekabr 2019-cu il tarixdə isə 625 manat ödəniş etmişdir. 21500 manat ziyanın 6875 manat məbləğində hissəsi geri qaytarılmışdır. Daha sonra cavabdehin qayınatası X3 tərəfindən verilmiş iltizamda cavabdehin iddiaçıya 21500 manat borcu olduğu, həmin borcdan 30 sentyabr 2019-cu il tarixdə 5000 manat onun tərəfindən ödənildiyi, 06 oktyabr 2019-cu il tarixdə 1500 manat ödəməyi və qalan 15000 manatı 24 ay müddətində hər ay 625 manat ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. Həmçinin, qeyd olunan faktlarla bağlı iddiaçı tərəfindən prokurorluğa müraciət edilmiş, lakin, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 28 sentyabr 2020-ci il tarixdə cavabdehlə əmək müqaviləsinə xitam verilmişdir. Nəticədə cavabdeh iddiaçıya 21500 manat məbləğində maddi ziyan vurmuş, həmin məbləğdən 6875 manat ödəmiş, 14625 manat qaytarmamışdır. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisədir və tərəflərin arasında yaranmış mübahisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 30-cu fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir; 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda; 192-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə qeyd edir ki, istənilən halda işçinin zərərə görə maddi məsuliyyət daşıması üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsində müəyyən olunan şərtlər mövcud olmalıdır. Yəni, ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Göründüyü kimi cavabdehin əməlində sadalanan hər üç şərt mövcud olduğundan cavabdeh iddiaçıya qəsdən ziyan vurmuşdur və buna görə cavabdehin maddi məsuliyyəti yaranmışdır. İddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu sübut etmiş, cavabdeh isə iddiaçıya ziyan vurmaqda təqsiri olmadığını iddia etsə də bunu sübut edə bilməmişdir. Məhkəmə, Cavabdeh izahatında göstərdiyi xüsusata, yəni 28 may 2019-cu il tarixli izahat və iltizamları təsir altında verməsinə dair qeyd edir ki, həmin sənədlərdə cavabdeh borcunun olduğu qəbul etmiş və həmin borcu hissə-hissə ödəməyə dair öhdəlik götürmüşdür. Sözügedən sənədlər isə qəti sübut kimi qəbul edilir. Cavabdeh həmin sənədlərin təsir altında yazıldığını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsi). “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14625 (on dörd min altı yüz iyirmi beş) manat vəsait və ödənilmiş 134 (yüz otuz dörd) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14625 (on dörd min altı yüz iyirmi beş) manat vəsait və ödənilmiş 134 (yüz otuz dörd) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-26/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-26/2023
05.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver