Məhkəmə qərarları › İş №2(045)-60/2025

Goranboy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(045)-60/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-60/2025 25.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05 iyul 2024-cü il təvəllüdlü Tacir adlı uşağın atasının Goranboy rayonu, Xınnalı kəndində yaşayan, xx xxxxxxxx 1991-ci ildə anadan olmuş Cavabdeh olmasının müəyyən edilməsi, uşağın atası kimi Cavabdeh azyaşlı uşağı Tacirin (xx.xx.2024-cü il) saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin tutularaq ona verilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 15 noyabr 2023-cü ildə ailə qurub evlənmişdir. Lakin, bu barədə olan nikahı rəsmi qeyd etdirməmişdir. Dəfələrlə nikahın rəsmiləşdirilməsi barədə cavabdehə məlumat versə də cavabdeh bunu istəməmiş, sonra rəsmiləşdirərik sözlərini demişdir. Birgə yaşadığı müddətdə bir uşağı olmuşdur. X5 05 iyul 2024-cü il təvəllüdlü. Cavabdehlə yaşadığı bu qısa ailəilk müddətində demək olar ki, üç ayı mehriban yaşamışdır. Bundan sonra hər gün aralarında söz-söhbətlər, dava-dalaşlar və sair olurdu. Bunlarında səbəbi baldızının onların ailə işlərinə müdaxilə etməsi idi. Belə ki, evdə nə iş görürdüsə müdaxilə edirdi. Yemək bişirirdi danışırdı, ev təmizləyirdi danışırdı və bütün günü işi gücü onun işlərinə müdaxilə etməsi idi. Baldızı ilə arasında olan münasibətlərə cavabdeh də qarışırdı, onun tərəfini saxlayırdı. O, uşağı ilə əlaqədar xəstəxanada olarkən cavabdehlə əlaqə saxlamışdır. Ona bildirdi ki, uşaq ona lazım deyil. Baldızı da bildirdi ki, uşaq ilə onlara qayıtma. Ona görə də uşağı dünyaya gəldikdən sonra da xəstəxanaya gəlmədi və atalıq belə vermədi. O dəfələrlə cavabdehə uşağa doğum haqqında şəhadətnamə alması üçün Qeydiyyat şöbəsinə gəlməsini xahiş etsə də qəsdən gəlmədi, o da məcbur olub uşağa doğum haqqında şəhadətnaməni öz soyadı ilə almışdır. Məhkəməyə təqdim etdiyi 19 iyul 2024-cü il tarixli AZ-İV №998954 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, ata qrafasında uşağın soyadı, atasının adı onun deyimi əsasında X1 yazılmışdır. İndi istəyir ki, uşağın atasının Cavabdeh olması məhkəmə qaydasında müəyyən olunsun və uşağa yeni doğum haqqında şəhadətnamə verilsin. Məhkəməyə təqdim etdiyi toy şəkillərindən, gətirəcəyi şahidlər də təsdiq edərlər ki, onlar həqiqətən ərarvad kimi birgə yaşamışlar. Bildirir ki, istər o ana olmağa hazırlaşarkən, istərsə də uşağı dünyaya gəldikdən sonra cavabdeh bir dəfə də olsun ki, onlarla maraqlanmamışdır. Bütün xəstəxana xərclərini və sair hamsını valideyinləri çəkmişlər. Bu müddətdə cavabdeh öz valideyinlik borcunu tam unudaraq uşağın saxlanması üçün ona heç bir maddi köməklik də göstərmir. Halbuki, o rəsmi heç yerdə işləməsə Türkiyə respublikasına gedib-gəlir, ayda yaxşı qazanır. Ona görə istəyir ki, cavadehdən hər ay sabit pul məbləğində 235 manat alimentin tutularaq uşağın saxlanması üçün ona verilsin. Lakin, cavabdeh könüllü aliment vermək istəmir. Məhkəməyə təqdim etdiyi X3 doğum şəhadətnaməsinin surətindən görünür ki,o hələ çox körpədir, ana qayğısına, nəvazişinə daha çox ehtiyacı var. Ona qulluq etdiyi üçün işləyə bilmir. İndi tələbi ondan ibarətdir ki, cavabdeh onları atıb getdiyi müddət ərzində uşağı onun himayəsində qaldığına və uşağının hələ 3 yaşı tamam olmadığına görə iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən uşağın 3 yaşı tamam olanadək, ona qulluq etməli olduğundan və buna görə heç yerdə işləyə bilmədiyindən, hər ay cavabdehdən 100 manat sabit pul məbləğində aliment tutularaq ona verilsin. “Mediasiya haqqında”AR-nın xx.xx.2019-cu il tarixli Qanununa əsasən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Bu barədə tərtib edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı məhkəməyə təqdim edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsinin qiyabi qaydada çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 998954 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2024-cü ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası X4, anası İddiaçıdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “məhkəmə Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 9/16 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır; Fotoşəkillərdən görünür ki, iddiaçı Hüseynova X2 Fuad Muradil oğlu el adəti ilə toy edərək ailə həyatı qurmuşlar. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh faktiki nikahda olmuşlar. İddiaçı 05 iyul 2024-cü il tarixdə X5 adlı bir övladı doğulmuşdur. Uşağın soyadı barədə qeyd anasının soyadına uyğun olaraq aparılmış, uşağın adı və ata adı barədə qeyd isə anasının göstərişi ilə yazılmışdır. İddiaçı 05 iyul 2024-cü il təvəllüdlü X3 Cavabdeh ilə faktiki münasibətlərindən doğulduğunu iddia edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi): 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 186-cı maddəsinə əsasən, ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır; 188-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Cavabdeh dəfələrlə məhkəmə iclaslarına çağırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı Cavabdeh 05 iyul 2024-cü il təvəllüdlü X3 atası olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmişdir. Göründüyü kimi Cavabdeh müvafiq ekspertiza tədqiqatında iştirak etməkdən yayınmışdır (əsas: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/16 nömrəli məktubu). Məhkəmə cavabdehin bu hərəkətlərini hazırkı iddia tələbinin “atalığın müəyyən edilməsi” hissəsinin düzgün və obyektiv həll edilməsinə onun özü tərəfindən maneə törədilməsi kimi qiymətləndirir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 97.5-ci maddəsini nəzərə alaraq, ekspertiza təyin edilən faktı, yəni 05 iyul 2024-cü il təvəllüdlü X3 atasının Cavabdeh olması faktını təsdiq olunmuş hesab edir. MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə, iddia tələbinin alimentin tutulması hissəsi ilə qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur; 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir; «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Məhkəmə, iddia tələbinin alimentin tutulması ilə bağlı hissəsinə dair qeyd edir ki, əvvəla iddiaçı cavabdehin həmin məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini bir uşaq üçün 235 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan tərəflərin birgə nikahından doğulmuş 05 iyul 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanındaqalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016cı il tarixli 8-2/2016 saylı qərarında, (8.12. bənd) məhkəmələrə tövsiyyə edilmişdir ki, alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuş X3 atası olması müəyyən edilməli və Cavabdeh İddiaçınn xeyrinə xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarxidən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuş X3 atası olması müəyyən edilsin. Cavabdeh İddiaçınn xeyrinə xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarxidən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Goranboy Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar