Məhkəmə qərarları › İş №2(045)-906/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-906/2024

09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-906/2024 09.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbdu Telman oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağının ananın yanında, himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı birgə ailə münasibətindən doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X2 ana - İddiaçı yanında qalması və himayəsinə verilməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi gündən xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatana qədər hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu və mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə o, el adəti ilə toy edib evlənmiş və xx.xx.2011-ci il tarixdə Goranboy rayon, Xoylu kənd İcra Nümayəndəliyində 05 nömrə ilə nikahı qeyd edlmişdir. Bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqları vardır. Goranboy Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 2(045)-1013/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı xx.xx.2011-ci ildə Goranboy rayon, Xoylu kənd İcra Nümayəndəliyində 05 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2020- ci il tarixli 1(100)-77/2020 nömrəli hökmü ilə Cavabdeh AR CM-nin 234.4.3 və 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2019-cu il tarixdən hesablanmışdır. xx.xx.2019-cü il tarixdən tərəflər arasında ailə münasibətləri tamamilə kəsilmiş, uşaqlar onun yanında və himayəsində qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə həbsdən buraxılmış, onu və uşaqları evdən qovmuşdur. Hal-hazırda o, Goranboy rayonu, Xoylu kəndində yaşayan bacısı Rahilə Rəcəbovanın evinə sığınmışdır. Odur ki, o mediasiya təşkilatına və məhkəməyə müraciət etməli olmuşdur. İlkin mediasiya sessiyasının arayışları əlavə edilir. O, uşaqların onun yanında, himayəsində qalması və uşaqların saxlanılması, uşaqlara alimentin müəyyən edilməsi üçün məhkəməyə müraciət edir. Ailə mübahisələri ilə bağlı mediasiya proseduru zəruri olduğu üçün ilkin olaraq mediasiya proseduru keçirilmiş, İMS-də qarşı tərəf iştirak etməmişdir. İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞG/MT-032-2024-00343 və ilkin mediasiya sesiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞG/MT/032-2024-00402 saylı arayışlar iddia ərizəsinə əlavə edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehlə arasında olan ailə münasibəti tamamilə kəsilmişdir. Onların arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahdan doğulmuş uşaqlarının onun himayəsinə verilməsini və uşaqlarının saxlanması üçün hər ay hər uşaq üçün 235 manat məbləğində alimentin ona verilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddia tələbini qəbul etməyərək bildirdi ki, birgə nikahdan doğulmuş uşaqlarının onun himayəsində qalmasını istəyir, əks tədqirdə uşaqlarının saxlanması üçün aliment ödəməyəcək. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş xx.xx.2011-ci il təvəllüdlü X9 anası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş xx.xx.2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 881771 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2012-ci ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası X5r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 859427 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2016-cı ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası Cavabdeh, anası X5r; Goranboy rayon Məhkəməsinin 2(045)-1013/2018 nömrəli, 13 aprel 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 iyun 2011-ci il tarixdə Goranboy rayon Xoylu kənd İcra nümayəndəliyində 05 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 338899 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilmişdir; Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları və himayələrinə verilmələri məqsədəmüvafiq hesab edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 50 manat məbləğində dövlət rüsumu ödəmişdir; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Hüseynova X6 şurası üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflərin arasında xx.xx.2011-ci il tarixdə Goranboy rayon, Xoylu kənd İcra Nümayəndəliyində nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Goranboy rayon Məhkəməsinin 2(045)-1013/2018 nömrəli, 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah qeydi pozulmuşdur. Hazırda tərəflərin birgə nikahdan doğulmuş uşaqların valideynlərindən hansının yanında saxlanılması ilə mübahisə mövcuddur. Uşaqlar faktiki olaraq hazırda iş üzrə iddiaçının yanında qalmışdır. Həmçinin, iddiaçı uşaqlarının onun yanında qalmaqla normal şəraitdə yaşadığını, uşaqların normal böyüməsi üçün lazımi qayğı göstərəcəyini bildirmişdir. Cavabdeh isə buna etiraz edərək uşaqların onun yanında və himayəsində qalmasını istəmiş, əksə tədiqrdə uşaqlarının saxlanması üçün aliment verməyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümum bəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbtlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarşmasınayalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar; 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir; 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir; 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 60-cı maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasının 2002-ci ildə qoşulduğu, BMT-in "Uşaq hüquqları Haqqında” Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində şərh edilir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeyi tam nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideynlər və ya digər şəxslər bu qayğını göstərmirlərsə, onda dövlət uşağı hər bir qayğı ilə təmin etməlidir. Həmin Konvensiyanın 9-cu maddəsində göstərilir ki, uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu ən yaxşı halda uşağın mənafeyinə zidd olmasın. Uşaq valideynlərinin hər biri ilə və ya hər ikisi ilə ayrılıqda əlaqə saxlamaq hüququna malikdir. BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş «Uşaq hüquqları bəyənnaməsi»nin Preambulasının 9-u Prinsində göstərilmişdir ki, uşaq laqeyd münasibət, qəddarlıq və istismarın bütün formalarından müdafiə edilməlidir. O, hər hansı bi formada alver obyekti olmamalıdır. Yuxarıda qeyd olunan işin halları və normativ hüquqi sənədlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynlərin arasında nikah qeydi pozulduqdan, faktiki ailə münasibətləri olmadığından və yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən kimin yanında qalmasının müəyyən edilməməsindən asılı olmayaraq hər bir valideyn (ata və ya ana) öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, uşağın tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşağın hüquq və mənafeləri, onun rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur, uşaqdan ayrı yaşayan valideyn onunla ünsiyyət hüququna, uşağın tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın ananın himayəsinə verilməsi məsələsinə dair qeyd edir ki, tərəflər arasında birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 hazırda anaları İddiaçı yanında qalmaq istəyirlər, həmçinin Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası da uşaqların anasının yanında qalmasını və himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Məhkəmə uşaqların yaşını və fikrini, hazırda analarının yanında olmasını, nəzərə alaraq qeyd edir ki, uşaqların anasının (iddiaçının) yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Bundan başqa məhkəmə iddia tələbinin alimentin tutulması hissəsinə dair qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırda Azərbaycan Respublikasında “2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilsə də, iddiaçı əvvəla cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 470 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. İddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasına görə hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 İddiaçı himayəsinə verilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 17 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 manat sabit pul məbləğində aliment tutulmalı, həmçinin mediasiya üçün ödənilmiş 60 (altmış) manat və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 İddiaçı himayəsinə verilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 17 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya üçün ödənilmiş 60 (altmış) manat və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar