Məhkəmə qərarları › İş №2(045)-92/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-92/2024

27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-92/2024 27.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası üçüncü şəxs kimi göstərilməklə) “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəvəsi 21 may 2022-ci il təvəllüdlü X8 ilə hər həftənin 4-cü günü saat 18:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 13:00-dan 15:00-dək cavabdehin iştirakı olmadan onunla ünsiyyətdə olma hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X9 Cavabdeh ilə 2021-ci ildə ailə həyatı qurmuş və onların nikahı 11 iyul 2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 586 nömrə ilə rəsmi qeyd edilmişdir. Bu nikahdan onların xx.xx.2022-ci il təvəllüdlü X8 adlı övladı dünyaya gəlmişdir. Onlar bir müddət mehriban yaşasalar da sonradan münasibətləri getdikcə pisləşmişdir. Belə ki, cavabdeh tez-tez heç kimə demədən icazəsiz işdən atası evinə getmişdir. Hər dəfə də o və arvadı ailə dağılmasın deyə gedib cavabdehi evlərinə gətirmişlər. Cavabdeh 16 iyul 2022-ci il tarixdə 55 günlük uşağı evdə qoyub atası evinə getmiş və bu müddət ərzində uşağa onun qızı və arvadı baxmışlar. 5 gündən sonra qohumları cavabdehi yenidən onun evinə qaytarmışlar. Həmin hadisədən sonra cavabdeh dəfələrlə atası evinə getmişdir. Cavabdehin etdiyi hər bir hərəkətə valideynləri bəraət qazandırmışdır. Lakin, o, hər dəfə oğlunun ailəsi dağılmasın deyə gedib cavabdehi evinə gətirmişdir. 20 iyul 2023-cü il tarixdə cavabdeh yenidən evdə səs-küy saldıqdan sonra o, arvadı ilə birlikdə cavabdehi maşınla atası evinə aparmışdır. Həmin vaxtdan sonra cavabdeh nəvəsini ona göstərməkdən imtina edir. O, cavabdehə qarşılıqlı razılıq əsasında hər həftənin 4-cü günü saat 18:00-dan saat 20:00-dək, şənbə və bazar günləri isə saat 13:00-dan saat 15:00-dək nəvəsi ilə görüşməyini bildirsə də cavabdeh buna məhəl qoymur. Bəlkə də cavabdehin özü ona nəvəsini göstərər, lakin, onun ailə üzvləri buna qarşı çıxaraq nəvəsini ona göstərməyə qoymur. Cavabdehin ailə üzvləri onun nəvəsi ilə görüşməyinin qəti əleyhinədir. 05 sentyabr 2023-cü il tarixdə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən 5-45/2-V-26-135/2023 saylı qərar qəbul edilsə də cavabdeh bu qərarı yerinə yetirməkdən imtina etdiyi üçün bu barədə rayon İcra hakimiyyətinin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Odur ki, o, məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nəvəsi X8 ilə ünsiyyət müddətinin hər həftənin 4-cü günü saat 17:00-dan 20:00-dək, bayram günləri isə saat 15:00-dan 19:00-dək olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 746454 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 21 may 2022-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X9, anası Cavabdehdır; Goranboy Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(045)-1749/2023 nömrəli qətnaməsindən görünür ki, X2 uşağı 21 may 2022-ci il təvəllüdlü X8 ilə ünsiyyətdə olma qaydasının hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-dək cavabdeh (ana) Cavabdeh iştirakı ilə müəyyən edilməsi qət edilmişdir; Goranboy Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(045)-1749/2023 nömrəli icra vərəqəsindən görünür ki, həmin qətnamə 09 yanvar 2024-cü il tarixdə icraya yönəldilmişdir; Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının 05 sentyabr 2023-cü il tarixli iclas protokolundan görünür ki, ərizəçi İddiaçı və ailə üzvləri X1, X3 xx.xx.2022-ci il təvəllüdlü X8 ilə hər həftənin cümə axşamı günü saat 15:00-dan saat 20:00-dək müddətdə Cavabdeh iştirakı olmadan ünsiyyətdə olması qərara alınmışdır; Maraqlı şəxs Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsul katib X10, İddiaçı, X5, X11, Cavabdeh, X7 tərəfindən tərtib edilmiş və imzalanmış 07 sentyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Maraqlı şəxs 05 sentyabr 2023cü il tarixli, 8 saylı qərarına əsasən 07 sentyabr 2023-cü il tarixdə iddiaçı (ərizəçi) İddiaçı iştirakı ilə nəvəsi 21 may 2022-ci il təvəllüdlü X8 ilə görüş almaq üçün Cavabdeh yaşadığı ünvana getmiş, azyaşlının babası ilə görüşməyinə və 5 saatlıq (saat 15:00-dan 20:00-dək) görüşə şərait yaratmasını istəmişlər. Cavabdeh azyaşlının babası və onun ailə üzvlərinin hazırda yaşadığı ünvanda (atası evində) görüşmələrinə heç bir etiraz etməmiş, lakin, yuxarıda göstərilən saatlarda uşağın verilməsinə imtina etmişdir. Buna səbəb kimi də Cavabdeh bundan əvvəlki tarixlərdə hər həftənin şənbə və bazar günü azyaşlını görüş üçün verdiyini, azyaşlı evə qayıtdıqdan sonra ertəsi günlərdə səhhətinin pisləşdiyini bildirmiş, uşağı verməməyi ilə bağlı məhkəməyə şikayət vermələrini demişdir; Maraqlı şəxs başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya 21 may 2022-ci təvəllüdlü X4 babası İddiaçı ilə görüşüb ünsiyyətdə olmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 21 may 2022-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X9, anası Cavabdehdır. İddiaçının oğlu ilə cavabdehin nikahı pozulduqdan sonra uşaq ananın himayəsində qalmışdır. Hazırda iddiaçı nəvəsi ilə hər həftənin 4-cü günü saat 17:00-dan 20:00-dək, bayram günləri isə saat 15:00-dan 19:00-dək ünsiyyət hüququnun (görüş vaxtının) verilməsini tələb edir. İddiaçının əqli və fiziki cəhətdən sağlam olmadığı, habelə uşağa münasibətdə hər hansı mənfi təsirinin olması ilə bağlı hallar müəyyən edilməmişdir. Maraqlı şəxs başçısı Aparatı yaında Qəyyumluq və Himayəçilik Komissiyası İddiaçı nəvəsi ilə ünsiyyətdə olmasını yetkinlik yaşına çatmayanın hüquq və mənafeyinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 6/2011 nömrəli Qərarının: 4.1-ci bəndinə əsasən Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir.Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər; 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin qohumunun yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarını əsas götürməklə İddiaçı azyaşlı nəvəsi ilə ünsiyyət məsələsini araşdıraraq qeyd edir ki, iddiaçının oğlu ilə cavabdeh arasında olan münasibətlərin pozulması nəticəsində onların azyaşlı uşağı Cavabdeh himayəsində qaldığı üçün iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən özündən ayrılıqda yaşayan nəvəsi ilə ünsiyyətdə olmaq hüququna malikdir. İş üzrə Maraqlı şəxs başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi, eləcə də iddiaçının nəvəsi ilə ünsiyyət hüququnun həyata keçirilməsinə mane ola biləcək hər hansı səbəblərin müəyyən olunmadığı nəzərə alınmaqla iddiaçının baba kimi nəvəsi ilə ünsiyyət hüququ təmin edilməlidir. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn həyata keçiriləcəyi yerə, onun gününə və davam etmə müddətinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu zaman azyaşlı uşağın atası ilə ünsiyyət hüququna dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(045)-1749/2023 nömrəli qətnaməsindən göründüyü kimi X2 uşağı 21 may 2022-ci il təvəllüdlü X8 ilə ünsiyyətdə olma qaydasının hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-dək cavabdeh (ana) Cavabdeh iştirakı ilə müəyyən edilməsi qət edilmişdir. Yəni, azyaşlı uşağın hər həftənin şənbə və bazar günləri saat 11:00-dan saat 17:00-dək atası ilə ünsiyyətdə olması təsbit edilmişdir. Məhkəmə nəzərə alır ki, uşaq azyaşlıdır və ana qayğısına ehtiyacı vardır. Yəni, həftənin digər günləri azyaşlının anasının yanında qalması uşağın üstün mənafeyinə xidmət edəcəkdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, 21 may 2022-ci il təvəllüdlü X8 ilə iddiaçının hər həftənin cümə axşamı günü saat 17:00-dan saat 20:00-dək görüşüb ünsiyyətdə olması üçün görüş vaxtı təyin edilməlidir. Məhkəmə iddia tələbinin ünsiyyət müddətinin bayram günləri saat 15:00-dan 19:00dək olması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsaslı deyildir. Belə ki, iş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(045)- 1749/2023 nömrəli qətnaməsi ilə iddiaçının oğlu X6 hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-dək uşaqla ünsiyyət müəyyən edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Hazırda isə iddiaçı cavabdehə qarşı hər həftənin cümə axşamı günü və bayram günləri nəvəsi ilə ünsiyyətdə olması tələbini irəli sürmüşdür. Qeyd olunmalıdır ki, hazırkı qətnamə ilə hər həftənin cümə axşamı günü iddiaçıya nəvəsi ilə görüşüb ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edildiyindən həftənin ümumi 3 günü uşağın atası və babası ilə görüşü müəyyən edilmiş olur. Həmin günlərin də bayram günlərinə təsadüf etməsi istisna deyildir. Bundan əlavə bayram günləri də iddiaçıya uşaqla görüş vaxtının müəyyən edilməsi azyaşlı olduğundan uşağın, həmçinin cavabdehin mənafeyinə uyğun hesab edilə bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı nəvəsi 21 may 2022-ci il təvəllüdlü X8 ilə hər həftənin cümə axşamı günü saat 17:00-dan saat 20:00-dək görüşüb ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilməli, iddia qalan hissədə rədd edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı nəvəsi 21 may 2022-ci il təvəllüdlü X8 ilə hər həftənin cümə axşamı günü saat 17:00-dan saat 20:00-dək görüşüb ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar