Məhkəmə qərarları › İş №2(045)-923/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-923/2025

16.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-923/2025 16.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlunun (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs kimi göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06 dekabr 2006-cı il tarixdə anadan olmuş oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab olunası şəxs oğlu X4r. O, 06 dekabr 2006-cı ildə anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair rəyindən görünür ki, oğlu Məhəmməd Məmmədov birinci dərəcəli əlil olmaqla, müddətsiz ağır dərəcəli əqli gerilik xəstəsidir. Oğlu öz hərəkətlərini ölcüb-bicmək, onlara rəhbərlik etmək iqtidarında deyildir. Bu səbəbdən oğlunun müavinat alması və digər məsələlər ilə əlaqədar olaraq lazım gəlir ki, ayrı-ayrı təşkilatlara getsin. Həmin təşkilatlardan ona bildirirlər ki, oğlu özü gəlməlidir ki, sənədlərə imza etsin və sair. Təqdim etdiyi həkim sənədlərindən görünür ki, oğlu ağır əqli gerilik xəstəsi olduğundan özü bunları edə bilmir. Onda ona bildirirlər ki, gərək oğlu məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin və onun üzərində qəyyum təyin edilsin ki, bütün bu işləri onun əvəzində qəyyum görsün. Oğluna bir ana kimi özü qulluq edir. Ona lazım olan bütün başqa işləri də o görür. Ona görə də məhkəməyə müraciət edir. İstəyir ki, oğlu X5 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin, onun üzərində qəyyumluq təyin edilməsi barədə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına məlumat verilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Melki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Rusiya Federasiyasının Udmurt Respublikası, İjevsk şəhər administrasiyası vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyayt idarəsi tərəfindən verilmiş İİ-HИ seriyalı 670894 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X5 xx.xx.2006-cı ildə Udmurt Respublikasının, İjevsk şəhərində doğulmuş, atası X7, anası Ərizəçidır; Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik Hüquqi şəxs “Goranboy rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 18-1- 39/2-M-437-42-373/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X5 ağır dərəcəli əqli gerilik, kənar şəxslərin himayəsinə və nəzraətinə ehtiyacı vardır; Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 birinci qup (ağır dərəcəli əqli gerilik) müddətsiz əlildir; Maraqlı şəxs tərəfindən verilmiş 5-45/2-0-3-099/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli cavab məktubundan görünür ki, Ərizəçi övladı X1 üzərində qəyyum təyin edilməsinə dait qətnamə verilməsi üçün mövcud qanunvericiliyin tələblərinə əsasən aidiyyəti üzə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2111 saylı rəyindən görünür ki, X2 “Ağır Dərəcəli (İmbesillik Dərəcəsində) Əqli Gerilik”(F72) aşkar olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında ‘Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə İ qrup əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zamana görə bələdliyinin pozulması, davranışının qeynadekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalannın zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. 06 dekabr 2006-cı il təvəllüdlü X2 “ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik” müəyyən edilir, 06 dekabr 2006-cı il təvəllüdlü X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil. M.F.Məmmədovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə ərizəçinin X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair qeyd edir ki, tələb təmin olunmalı, belə ki, məhkəmə baxışında tədqiq edilmiş subütlarla müəyyən olunur ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də, 06 dekabr 2006-cı il tarixdə Rusiya, Udmurt Respublikası, İjevsk şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06 dekabr 2006-cı il tarixdə Rusiya, Udmurt Respublikası, İjevsk şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar