Məhkəmə qərarları › İş №2(045)-938/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-938/2025

02.05.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-938/2025 02.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 kаtibliyi, Ərizəçi iştirаkı ilə, Ərizəçi (Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs kimi göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 və Maraqlı şəxs2 ilə onun arasında bağlanmış, övladları xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 ilə birlikdə Maraqlı şəxs1 xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməyinə və həmin evdən istifadə hüququnun tanınmasına dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli “Barışıq Sazişi”nin təsdiq edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 ilə el adəti üzrə toyu olmuş, ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı dörd övladı dünyaya gəlmişdir. Lakin, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə arasında olan nikah pozulmuşdur. xx.xx.2025-ci il tarixli “Barışıq Sazişi”nin 2-ci bəndinə əsasən ikinci tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 birinci tərəf Ərizəçi övladları xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 ilə birlikdə xx.xx.2025-ci il tarixdən etibarən Maraqlı şəxs1 xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən Ərizəçi gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməsinə və həmin evdən istifadə hüququnun tanınmasına razıdır. Birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 yuxarıda qeyd olunan mübahisə üzrə başqa tələbləri yoxdur. “Barışıq Sazişi”nin qeyd olunan bəndinin icrası ilə bağlı ikinci tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 üzərlərinə öhdəlik götürsələr də, bu öhdəliyi icra etmirlər. Ona görə də “Barışıq Sazişi”nin təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlışəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 birinci tərəf Ərizəçi övladları 27 ivul 2013-cü il təvəllüdlü X5, 13 fevral 2015-ci il təvəllüdlü X6, 29 dekabr 2019-cu il təvəllüdlü X3 və 29 dekabr 2019-cu il təvəllüdlü X2 ilə birlikdə xx.xx.2025-ci il tarixdən etibarən Maraqlı şəxs1 xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən Ərizəçi gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməsinə və həmin evdən istifadə hüququnun tanınması, birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 yuxarıda qeyd olunan mübahisə üzrə başqa tələblərinin olmaması barədə ümumi razılığa gəlmişlər; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 148036 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 27 iyul 2013-cü ildə Gəncə şəhərində doğulmuş, atası Maraqlı şəxs2, anası Ərizəçidır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 514882 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 13 fevral 2015-ci ildə Goranboy şəhərində doğulmuş, atası Maraqlı şəxs2, anası Ərizəçidır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 388176 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 29 dekabr 2019-cu ildə Goranboy şəhərində doğulmuş, atası Maraqlı şəxs2, anası Ərizəçidır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 388175 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 29 dekabr 2019-cu ildə Goranboy şəhərində doğulmuş, atası Maraqlı şəxs2, anası Ərizəçidır; Goranboy Rayon Məhkəməsinin 2(045)-1035/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs2 arasında 29 oktyabr 2012-ci il tarixdə Goranboy Rayon Qeydiyyat Şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 220 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 466168 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə Ərizəçi arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 124 nömrə ilə qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs2 faktiki ailə münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı uşağı doğulmuşdur. Bundan sonra tərəflər arasında onların birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyündən, yəni ailə münasibətlərindən irəli gələn mübahisə yaranmış və Goranboy Rayon Məhkəməsinin 2(045)-1035/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Bundan başqa tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Maraqlı şəxs1 və Maraqlı şəxs2 birinci tərəf Ərizəçi övladları 27 ivul 2013-cü il təvəllüdlü X5, 13 fevral 2015-ci il təvəllüdlü X6, 29 dekabr 2019-cu il təvəllüdlü X3 və 29 dekabr 2019-cu il təvəllüdlü X2 ilə birlikdə xx.xx.2025-ci il tarixdən etibarən Maraqlı şəxs1 xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən Ərizəçi gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməsinə və həmin evdən istifadə hüququnun tanınması barədə razılığa gəlmişlər və bu barədə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlamışlar. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 ilə həmin sazişin məcburi icra edilməsi üçün təsdiq edilməsini tələb edir. MPM-in: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiyaprosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Göründüyü kimi maraqlı şəxslər qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, barışıq sazişi qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla təsdiq edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞG/MT/032-2025-00162 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən MPM-in 217 və 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞG/MT/032-2025-00162 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar