Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1003/2024 22.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı sayğacda itirilən qazın dəyəri kimi tələb olunan 250 manat borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sayğacın dəyəri kimi tələb etdiyi 250 (iki yüz əlli) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmayıb. xx.xx.2022-cü il tarixdə Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən mülkiyyətində olan mənzilin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli müvafiq akt tərtib edilmişdir. Belə ki, akta əsasən Göyçay Xidmət Sahəsinə 250 manat qaz pulu borcu vardır. Acınacaqlısı budur ki, qaz sayğacına müdaxilə etməsə də sayğacda bu məbləğ artıq göstərilib. Bu səbəbdən də Cavabdeh İB-nin əməkdaşları qeyri-qanuni olaraq mənzilinə verilən qazı kəsiblər. Aktdan belə başa düşülür ki, guya mənzilində quraşdırılmış qaz sayğacına müdaxilə etmiş və plombu o, sökmüşdür. Bu Cavabdeh İB-nin şər və böhtanıdır. O, belə düşünür ki, qaz sayğacına müdaxiləni məhz Cavabdeh İB-nin əməkdaşları müdaxilə edib. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və bildirdi ki, yazılmış 250 manat onun boru değil, sayğac evinə quraşdırıldığı zaman (2010-cü ilin əvvəlində) həmin məbləğ artıq sqyğaca yazılmışdır. Belə ki, sayğac quraşdırılmadıqdan əvvəl o istifadə etdiyi qazın pulunu bildriş əsasında poçta ödəyirdi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, iddia ərizəsi ilə əlaqədar olaraq araşdırma aparılan zaman iddiaçıya hər hansı bir məbləğdə cərimənin yazılmadığını, onun abonent koduna hər hansı məbləğdə pulun yazılmadığı müəyyən edilmədiyini, İddiaçı mənzilində istifadə etdiyi təbii qaza görə xx.xx.2024-cü il tarixinə 418.80 manat borcu yarandığını, həmin borcun onun mənzilində istifadə edilən təbii qazın real dəyəri olduğunu və onun özü tərəfindən ödənilməli olduğunu, iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki: Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı ilə Cavabdeh İB arasında təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, qaz xəttində heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. Cavabdeh İB-in İddiaçı ünvanlandığı xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, 2009-cu ilin oktyabr, noyabr, dekabr və 2010-cu il yanvar aylarında istifadə edilmiş cihazlara uyğun İddiaçı yaşadığı ünvanda sayğacsız hesabat getdiyi və nəticədə 208,50 manat debitor qaz pulu yarandığı göstərilmiş, 2010-cu ilin fevral ayından bu günədək isə sayğacla hesabat aparıldığı və ödənişi tam ödənilmədiyi üçün hal-hazırda borcun 240.50 manat təşkil etdiyi, 240.50 manat qaz pulu borcun qısa müddətdə ödənilməsi tələb olunmuşdur. Abonent İddiaçı adına olan abonen saldosundan görünür ki, istehlakçı İddiaçı məxsus Göyçay şəhəri, Z.Nəcəfov küçəsində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2009-cu ilin oktyabr ayının əvvəlinə olan borc 214.46 manat olmaqla sərfin məbləği 9 manat; noyabr ayına 223.46 manat olmaqla sərfin məbləği 63.50 manat; dekabr ayına 286.96 manat olmaqla sərfin məbləği 103 manat olmuş və həmin məbləğlərdən 240.46 manat ödəniş olunmuş, 2010-cu ilin yanvar ayın əvvəlinə borc 149.50 manat o, sərfin məbləği 78 manat olmaqla borcun məbləği 227.50 manat təşkil etmiş, həmin məbləğdən iddiaçı 19 manat ödəniş etmiş və 208.50 manat borcu yaranmışdır. Məhkəmənin sorğusu əsasında Cavabdeh İB-dən daxil olmuş məlumatdan görünür ki, İddiaçı X1 yaşadığı Göyçay şəhəri Z.Nəcəfov küçəsi ev 172 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacı sonuncu dəfə xx.xx.2019-cu il tarixdə dəyişdirilmişdir. Həmin tarixdə sayğac quraşdırıldıqdan sonrakı ay, yəni 2019-cu ilin iyul ayında abonentə sayğac sərfiyyatına uyğun olaraq cəmi 13 m3 təbii qaz sərfiyyatı hesablanmışdır. Hazırkı iş üzrə iddiaçı və Göyçay Xidmət Sahəsinin təbii qaz abonenti İddiaçı hər hansı bir neqativ hala görə heç bir cərimə və yaxud itiirlmiş təbii qazın dəyəri hesablanmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixə 390.40 (üç yüz doxsan manat qırx qəpik ) təbii qazdan istifadəyə görə borcu vardır. Həmin borc abonenin mənzilində istifadə edilmiş təbii qazın real dəyəridir və onun özü tərəfindən ödənilməlidir. xx.xx.2009-cu il tarixli 710529 saylı qəbzdən görünür ki, İddiaçı "xxxx" MMC-nə 21 manat ödəniş etmişdir. xx.xx.2009-cu il tarixli 843769 saylı qəbzdən görünür ki, İddiaçı "xxxx" MMC-nə 26 manat ödəniş etmişdir. xx.xx.2010-cu il tarixli 859889 saylı qəbzdən görünür ki, İddiaçı "xxxx" MMC-nə 19 manat ödəniş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İddiaçı iddia ərizəsində xx.xx.2022-cü il tarixdə Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən mülkiyyətində olan mənzilin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli müvafiq akt tərtib edildiyini, həmin akta əsasən Göyçay Xidmət Sahəsinə 250 manat qaz pulu borcu yarandığını göstərsə də, məhkəmə hesab edir ki, bununla bağlı həmin borc iddiaçının təbii qazdan istifadə etməsi nəticəsində yaranan borcdur. Belə ki, məhkəmənin sorğusuna əsasən Cavabdeh İB-dən daxil olmuş məlumatdan görünür ki, hazırkı iş üzrə iddiaçı və Göyçay Xidmət Sahəsinin təbii qaz abonenti İddiaçı hər hansı bir neqativ hala görə heç bir cərimə və yaxud itirilmiş təbii qazın dəyəri hesablanmamışdır. İddiaçı sayğacda itirilən qazın dəyəri kimi tələb olunan 250 manat borc məbləğinin düzgün hesablanmamadığını (şişirdilməsini), sayğac quraşdırıldığı zaman həmin sayğaca məbləğin artıq hesablandığını və borcun ona aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh İB-nə qarşı sayğacda itirilən qazın dəyəri kimi tələb olunan 250 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı itirilən qazın dəyəri kimi hesablanmış 250 manat borcun silinməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1003/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1003/2024
22.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver