Məhkəmə qərarları › İş №2(046)-1028/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1028/2024

24.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1028/2024 24.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nin “Mərkəzi-Aran” RETSİ tərəfindən Göyçay EŞ-nin abonent bazasındakı abonent koduna əsassız hesablanaraq vurulmuş 86 manat 37 qəpik məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 evin, 34 saylı mənzilinə elektrik enerjisinin verilməsi ilə bağlı cavabdeh təşkilatla müqavilə bağlanmış, həmin müqavilə əsasında sayğac quraşdırılmışdır. Hər ay vaxtlı-vaxtında sərf edilmiş elektrik enerjisinin dəyəri tərəfindən ödənilmiş, hazıra kimi elektrik enerjisi ilə bağlı cavabdeh təşkilatla hər hansı mübahisə olmamışdır. Cavabdeh təşkilat tərəfindən sayğac binanın girişində quraşdırılmış, hər ay nəzarətçi tərəfindən sayğaca baxış keçirilərək ona bildiriş təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə onun və yaxud ailə üzvlərinin iştirakı təmin edilmədən "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən binaya quraşdırılmış sayğaca baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, mənzilə quraşdırılmış elektrik sayğacı sərfiyatı qeyd etmir. Akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Həmin akt əsasında ona 86 manat 37 qəpik məbləğində əsassız borc hesablanmışdır. Bu borcun hesablanması barədə məlumat cavabdeh tərəfindən ona hesab ödəniş vərəqəsi təqdim olunarkən verilmişdir. Cavabdeh təşkilata aktın qanunsuz olduğunu bildirsə də, heç bir nəticəsi olmamışdır. Həmin aktın surəti də ona verilməmişdir. Tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş və müdaxilənin olması barədə məlumatı olmamışdır. Sözügedən sayğac qapalı məkanda deyil, binanın girişində quraşdırılmışdır. Ötən müddət ərzində sərf edilmiş elektrik enerjisinin dəyəri ilə bağlı ödənişlərdə problemlər olmamışdır. Sayğaca müdaxilə olunması hansı nəticə yaratdığı aydın deyildir və ona izah olunmamışdır. Sayğaca müdaxilənin onun təqsiri üzündən baş verməsi müəyyən olunmadığından, hesablanmış ziyanın onun üzərinə qoyulması tamamilə əsassızdır. Cavabdehin etirazları: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin "Proqram bazasında" **********05397 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla ünvan 2 ünvanında elektrik enerjisindən xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi DDS-26 tipli zavod nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi M600 tipli, zavod nömrəsi 21977011 olan elektrik hesablama sayğacları vasitəsi ilə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə Göyçay EŞ-in iddiaçı l.l.Şərifovun yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndisi Əliyar Əhmədov tərəfindən iddiaçı U.Şərifovun yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının ay ərzində istehlakını qeyd etdiyi enerji sərfiyyatı göstəriciləri oxunarkən sayğacın 31 gün ərzində dəyəri 31 manat 84 qəpik təşkil edən 398 kvt miqdarında elektrik enerjisi istehlak edildiyi müəyyən edilmişdir. Sayğacın enerji sərfiyyatı göstəricisi 32743 kvt olmuşdur. xx.xx.2023-cü il tarixdə sayğac göstəriciləri oxunarkən sayğacın keçən enerjini qeyd etmədiyi və bu səbəbdən enerji sərfiyyatı göstəricisinin 32743 kvt olmaqla dəyişməz qaldığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Göyçay EŞ-nin sayğac quraşdırma üzrə texniki A.Məmmədov tərəfindən iddiaçının yaşadığı mənzili elektrik enerjisi ilə təchiz edən qüsurlu elektrik hesablama sayğacı yeni M600 tipli, zavod nömrəsi 21977011 olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir. Bu barədə "məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında" 584099 nömrəli protokol tərtib edilmişdir. Lakin yeni quraşdırılmış elektrik hesablama sayğacı da qüsurlu olduğundan iddiaçının yaşadığı ev elektrik enerjisi ilə təchiz olunmasına baxmayaraq keçən enerjinin miqdarını qeyd etməmişdir. Qeyd olunanlar iddiaçının Göyçay EŞ-nin “Proqram bazasında" qeydiyyatda olan istehlakçı kodu üzrə “istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən” abunə haqqında məlumatda qeyd edilmişdir. Bu səbəbdən Göyçay EŞ-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və aşkar edilmiş pozuntu faktı ilə əlaqədar (sayğacın keçən enerjinin miqdarını qeyd etməməsi) iddiaçı barəsində EEİQ-nın tələblərinə uyğun olaraq R №307697 saylı akt tərtib edilmişdir. “Mərkəzi Aran" RETSl-də fəaliyyət göstərən aktlar üzrə kommisiya tərəfindən qüsurlu sayğacların keçən enerjinin miqdarını qeyd etmədiyi 120 gün ərzində yenidən hesablama aparılaraq dəyəri 91 manat 77 qəpik təşkil edən 1109 kvts miqdarında istehlak edilmiş, lakin qeydə alınmamış elektrik enerjisi bərpa edilmişdir. İddiaçı barəsində akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və hesablama “Qaydalar”-ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. Belə ki, İddiaçı Göyçay EŞ-nin "Proqram bazasında qeydiyyatda olan istehlakçı kodu üzrə “istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən abunə haqqında” məlumatı təhlil etdikdə elektrik hesablama sayğacının enerji sərfiyyatı götəricisi oxunarkən xx.xx.2023-cü il tarixdə 30 gün ərzində dəyəri 15 manat 20 qəpik təşkil edən 190 kvts miqdarında, xx.xx.2023-cü il tarixdə sayğacın 31 gün ərzində dəyəri 31 manat 84 qəpik təşkil edən 398 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən iyun ayında istehlak edilmiş elektrik enerjisinin 15 manat 20 qəpik və avqust ayında 31 manat 84 qəpik məbləğində enerji haqqı dəyərindən iyun ayında ödəniş edilməmiş, xx.xx.2023-cü il tarixdə iki ayda istehlak edilmiş 15 manat 20 qəpik + 31 manat 84 qəpik = 47 manat 4 qəpik məbləğində 3, xx.xx.2023-cü il tarixdə 5 manat, xx.xx.2023-cü il tarixdə 11 manat, xx.xx.2023-cü il tarixdə 5 manat, xx.xx.2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 9 manat, xx.xx.2023-cü il tarixdə 4 manat və xx.xx.2023-cü il tarixdə 6 manat, cəmi 58 manat məbləğində ödəniş edilmişdir. Beləliklə iddiaçı tərəfindən istehlak edilmiş, lakin ödənilməmiş 47 manat 04 qəpik məbləğindən 10 manat 96 qəpik artıq ödəniş edilmişdir. Beləliklə İddiaçı yaşadığı evi təchiz edən elektrik hesablama sayğacları xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi keçən enerjinin miqdarını qeyd etmədyi 120 gün ərzində istehlak edilmiş enerjinin dəyəri hesablanmışdır. Göstərilənlərə əsasən İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da İddiaçı məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsinə heç bir etirazı olmamasını bildirmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümün hesab edilmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı yaşadığı evə baxış keçirilən zaman İddiaçı məxsus sayğacın işləməməsi faktı aşkar edilmişdir. 120 gün ərzində yenidən hesablama aparılaraq itirilmiş enerji sərfiyyatına görə 91 manat 77 qəpik məbləğində cərimə yazılmışdır. Dəfələrlə abonentlə bununla bağlı danışıqlar aparılsada ərizə məhkəməyə verilənə qədər abonent tərəfindən ödəniş olunmamışdır. Lakin hal-hazırda 91 manat 77 qəpik məbləğində itirilmiş enerji sərfiyyatı ödənilmişdir. Cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş 05 dekabr 2023-cü il tarixli 307697 saylı aktdan görünür ki,istehlakçı İddiaçı yaşadığı evə 10 noyabr 2023-cü il quraşdırıldığı gündən keçən enerjini qeyd etmir. Abonent keçən enerjinin qeyd olunmamasına baxmayaraq enerjidən istifadə etməsi aşkar edilmişdir. İşə əlavə edilmiş məşiət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 584099 saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Əli oğluna məxsus olan Göyçay şəhəri Əli Kərim küçəsində yerləşən ********** saylı sayğac dəyişdirilərək 21977011 saylı sayğac ilə əvəz edilmişdir. İşə əlavə edilmiş məşiət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 591497 saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Əli oğluna məxsus olan Göyçay şəhəri Əli Kərim küçəsində yerləşən 21977011 saylı sayğac dəyişdirilərək **********55 saylı sayğac ilə əvəz edilmişdir. İşə əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, İddiaçı tərəfindən istifadə edilmiş enerji sərfiyyatına görə xx.xx.2024-cü ildə 29 manat,xx.xx.2024-cü ildə 52 manat,xx.xx.2024-cü ildə 20 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı yaşadığı Göyçay şəhəri Əli Kərim küçəsi ev 2/1, 34 saylı mənzilində elektrik enerjisindən istifadəyə görə quraşdırılmış sayğacın enerjini qeyd etməməsi,lakin mənzildə elektrik enerjisindən istifadə edilməsi faktı aşkar edilmiş,bu barədə 05 dekabr 2023-cü il tarixli akt tərtib edilmiş,hesablama aparılaraq qeydə alınmamış 1109 kvts miqdarında elektrik enerjisinin dəyəri 91 manat 77 qəpik təşkil etmişdir.Məhkəmə baxışı ərəfəsində qeydə alınmamış elektrik enerjisinin dəyəri xx.xx.2024-cü ildə 29 manat,xx.xx.2024-cü ildə 52 manat,xx.xx.2024-cü ildə 20 manat məbləğində ödənişlər edilməklə bərpa edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən 05 dekabr 2023-cü il tarixli, 307697 saylı akt əsasında abonent koduna vurulmuş 86 manat 37 qəpik məbləğində pulun silinməsi tələbi həmin məbləğdə pulun ödənilməsi ilə təmin edildiyindən, təmin edilmiş tələbin məhkəmə qətnaməsi əsasında təmin edilməsi zərurəti aradan qaldırılmış olur,ona görə iddia ərizəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı abonent bazasındakı abonent koduna əsassız hesablanaraq vurulmuş 86 manat 37 qəpik məğləğində pulun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar