Məhkəmə qərarları › İş №2(046)-1052/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1052/2024

05.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1052/2024 05.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı abonent koduna yazılmış məbləğin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-in əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış 777 manat 60 qəpik pulun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri Atatürk küçəsi, ev 75də yerləşən evinə gələn təbii qaz xəttinə sayğac quraşdırılmış və sayğac küçədə yerləşdirilmişdir. Hər ay Cavabdeh əməkdaşlarının sayğaca baxış keçirdikdən sonra yazdıqları bildiriş əsasında təbii qazın dəyərini ödəmişdir. Sayğacın qoruyucu şüşəsi sınması səbəbindən Cavabdeh əməkdaşları yaşadığı evə gələrək onun iştirakı olmadan sayğacı çıxarmaqla yenisi ilə əvəz etmişdirlər. Cavabdeh əməkdaşları qaz sayğacında nöqsan aşkar edilməsi və ziyanın hesablanması haqqında aktı ona təqdim etdikdən sonra ona məlum olub ki, Cavabdeh əməkdaşlarının tərtib etmələrindən tam xəbərsiz olduğu halda, həmin tarixdə o və ailə üzvləri evdə olsalarda sayğaca baxış keçirilməsi barədə onlara heç bir məlumat verilməmiş aktla tanış edilməmişdir. Ona təqdim edilmiş Cavabdeh Ağsu RQİİ-nin Göyçay Xidmət Sahəsinin 26 aprel 2024-cü il tarixli məktubundan görünür ki, itirilmiş qazın həcminin dəyəri kimi 777 manat 60 qəpik dəymiş zərər hesablanmış və bu zaman qanunsuz tərtib edilmiş akta əsaslanmışlar. Cavabdeh Ağsu RQİİ-nin Göyçay Xidmət Sahəsinin 26 aprel 2024- cü il tarixli məktubunda cavabdeh əsassız olaraq ona qaz sayğacına müdaxiləyə görə 777 manat 60 qəpik dəyərində itirilmiş qazın həcmini hesablamışdır. Halbuki hər ay cavabdehin əməkdaşının sayğaca baxış keçirərək tətrib etdiyi bildiriş əsasında o sərf edilmiş təbii qazın dəyərini ödəmiş və əgər sayğacın nöqsanı olsaydı bu hal cavabdehin hər ay sayğacın göstəricisini yazan əməkdaşı tərəfindən aşkar edilərdi. Hesab edir ki, həmin məbləğ əsassız hesablanmışdır. Ona görə də cavabdehin əməkdaşlarının tərtib etdikləri akt və cavabdehin hesabladığı məbləğ qanunsuzdur. Belə ki, o pozuntu etmədiyi halda həmin məbləği və dəyişdirilmiş sayğacın dəyərini ödəməməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi X3 ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş ******* saylı, 30 noyabr 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay şəhəri, Atatürk küçəsində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. İşə əlavə edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 777 manat 60 qəpik dəyərində itirilmiş qazın həcmi hesablanmışdır. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. İşə əlavə edilmiş Cavabdeh dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı Göyçay XS-nin abonent bazasındakı abonent koduna 6480 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 112.1.7-ci maddəsinə əsasən iddianın qiyməti ödəməyə xitam verilməsi haqqında iddialarda-qalan ödəmə və ya vermənin məcmusu ilə,lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə,dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu,iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1.-ci maddəsinə görə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Hazırki tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı istifadəsi üçün quraşdırılmış qaz sayğacı onun evində deyil, evindən görünüşə qapalı olan yerdə quraşdırılmış və həmin sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi aşkar olunması aktlarla müəyyən olunsa da, bu hərəkətlərin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi öz təsdiqini tapmamış, bu barədə hər hansı bir sübütu Cavabdeh təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. Beləliklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı barəsində hesablanmış 777 manat 60 qəpik ziyan həcmi silinməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinin həll edilməsinə gəldikdə, məhkəmə nəzərə alır ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmiş, iddiası təmin edilmişdir. Belə olan halda ödənilməli olan dövlət rüsumu cavabdehdən dövlət gəlirlərinə alınmalıdır. İddianın qiyməti 777 manat 60 qəpik olduğundan, tutulmalı olan dövlət rüsumu 30 manat məbləğində müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB-nin Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş ******* saylı, 30 noyabr 2023-cü il tarixli akt əsasında İddiaçı abonent koduna yazılmış 777 manat 60 qəpik məbləği silinsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh İB-dən 30 manat dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar