Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1088/2023 13.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı abonent koduna yazılmış məbləğin silinməsi tələbinə dair ilkin tələbinə,Cavabdeh İB-nin İddiaçı qarşı qazdan istifadəyə görə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı abonent koduna yazılmış 518 manat 40 qəpik məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, Göyçay şəhəri Ə.Kərim küçəsi dalan 6 ev 3 ünvanında yaşayan İddiaçı abonent koduna vurulmuş 518 manat 40 qəpik silinməsi tələbinə dair iddia ərizəsinin əsassiz hesab edilərək rədd edilməsi, İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 1132 (min bir yüz otuz iki) manat 46 qəpik borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 518 manat 40 (beş yüz on səkkiz) qəpik itirilmiş qazın dəyərinin, iddia ərizəsi üçün ödənilmiş 36 manat 51 qəpik dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutularaq Cavabdeh hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Göyçay şəhəri. Ə.Kərim küçəsi dalan 6 ev 3-də yaşayır və aylıq ona təqdim edilmiş bildirişlər əsasında istifadə etdiyi qazın dəyərini tam ödəyir. 2022-ci ilin aprel ayında X8 İdarəsinin işçiləri yaşadığı evi qazla təmin edən, həyətyanı ərazidən çöldə, heç bir qorunma vasitəsi ilə təmin edilməmiş, onun nəzarət edə bilməyəcəyi bir yerdə quraşdırılmış qaz sayğacını ona heç bir rəsmi və ya şifahi məlumat verilmədən açaraq əvəzinə yenisini quraşdırdılar. Bundan sonra, xx.xx.2022-ci il tarixli Ağsu RQİİ üzrə Göyçay XS-nin rəisi E.R.İslamovun imzası ilə ünvanına məktub gəlmişdir. Həmin məktubda evindən açılmış Elster G-4 markalı, ********** nömrəli qaz sayğacının hesablama qoruyucu şüşəsinə vurulan plastmas plomblar kənar təsir nəticəsində əzildiyi və bütün bunlara görə təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Həmin məktubda bütün bunlara görə 518 manat 40 qəpik cərimə olunduğu, həmin məbləği 5 gün ərzində ödəməyəcəyi təqdirdə mənzilinin qaz verilişinin dayandırılacağı göstərilmişdir.O, həmin məktubda yazılmış məbləğlə razı deyil və hesab edir ki, qeyd edilən məbləğ tamamilə qanunsuz hesablanmışdır. Çünki çöldə, heç bir qorunma vasitəsi ilə təchiz edilməmiş qaz sayğacına görə cavabdehlik daşımır. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan sui-istifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşlar. Bundan başqa evindən açılmış qaz sayğacı onun iştirakı ilə açılsa da nəyə görə açılmağı barədə ona heç bir məlumat verilmədi. Belə olduğu halda, həmin sayğacın yoxlamadan düzgün keçirilməsi böyük şübhə doğurur. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri Ə.Kərim küçəsi dalan 6 ev 3 ünvanında yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə Cavabdeh Ağsu X5 İdarəsinin Göyçay Xidmət Sahəsinə 1132 manat 46 (min bir yüz otuz iki) qəpik debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədəki müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 (bir) ay müddətində Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Bundan başqa xx.xx.2022-ci il tarixində Cavabdeh Ağsu RQİİ- nin ünvan 2 ünvanında yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı **********9 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 29/1710-01742-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan plasmas plombların kənar təsir nəticəsində əzildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİnin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 29 aprel 2022-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********10006 nömrəli abonent koduna 4320 m3- 518 manat 40 (beş yüz on səkkiz) qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 518 manat 40 qəpik məbləğ sayğacın düzgün işləməməsi səbəbindən itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh İddiaçı Ağsu RQİİ-nin Göyçay Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun və dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Bu kimi hallar Cavabdeh əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 ilkin iddianı müdafiə etdi,qarşılıqlı iddianı qismən qəbul etdi, ilkin iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, təmsil etdiyi şəxsin yalnız Cavabdeh qarşısında qaz sərfiyyatına görə borcu vardır. Məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi X6 ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və qarşılıqlı iddianı təmin edilməsini xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay şəhəri, Ə.Kərim küçəsi yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan plastmas plombların kənar təsir nəticəsində əzilməsi aşkar edilmişdir İşə əlavə edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 518 manat 40 qəpik dəyərində itirilmiş qazın həcmi hesablanmış, həmçinin 65 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. İşə əlavə edilmiş Cavabdeh itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı Göyçay XS-nin abonent bazasındakı abonent koduna 4320 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Tətbiq edilən hüquq normaları: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. "Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il № 80 saylı Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Hazırki tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı istifadəsi üçün quraşdırılmış qaz sayğacı onun evində deyil, evindən görünüşə qapalı olan yerdə quraşdırılmış və həmin qaz sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan plastmas plomların kənar təsir nəticəsində əzilməsi aktla müəyyən olunsa da, bu hərəkətlərin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi öz təsdiqini tapmamış, bu barədə hər hansı bir sübütu Cavabdeh təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddianın təmin edilməsi qarşılıqlı iddianın həmin hissədə təmin edilməsini aradan qaldırdığından iddianın 518 manat 40 qəpik itirilmiş qazın dəyərinin alınması hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşısında qaz sərfiyyatına görə 1132 manat 46 qəpik borcu yarandığından, qarşılıqlı iddianın 1132 manat 46 qəpik tələbinə dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh Ağsu X7 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı barəsində hesablanmış 518 manat 40 qəpik ziyan həcmi silinməli, qarşılıqlı iddia qismən təmin olunmalı, İddiaçı 1132 manat 46 qəpik alınaraq Cavabdeh İB-nə verilməli, qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddia üzrə məhkəmə xərci İddiaçı aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 36 manat 51 qəpik pul və 40 qəpik xidmət haqqı İddiaçı tutularaq Cavabdeh İBnə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB-nin Ağsu X7 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akt əsasında İddiaçı abonent koduna yazılmış 518 manat 40 qəpik məbləği silinsin. Qarşılıqlı iddia qismən təmin olunsun. İddiaçı qaz sərfiyyatına görə 1132 manat 46 qəpik alınaraq Cavabdeh İB-nə verilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Dövlət rüsumu üçün ödənilmiş 36 manat 51 qəpik pul və 40 qəpik xidmət haqqı İddiaçı tutularaq Cavabdeh İB-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1088/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1088/2023
13.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver