Məhkəmə qərarları › İş №2(046)-1090/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1090/2025

19.05.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1090/2025 19.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin razılığı alınmadan notariat hərəkətlərinn aparılması vəzifəsinin qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin X1 bağışlanmasına dair bağışlanma müqaviləsi bağlanılarkən qeydiyyatda olan şəxslərin razılığı alınmadan notariat hərəkətlərinin aparılması vəzifəsinin Göyçay rayon Notariat Ofisinin notariusuna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini belə əsaslandırmışdır ki, Ərizəçi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini qardaşı qızı X1 bağışlamaq qərarına gəlmişdir. Bağışlama müqaviləsini rəsmiləşdirmək üçün lazım olan sənədlərlə Ərizəçi Göyçay rayon Notariat Ofisinə müraciət etmiş, lakin notarius notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. Belə ki, təqdim edilən sənədləri araşdıran Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli özgəninkiləşdirilən əmlaka mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrdən çıxarışı tələb edərək, əmlakın ərizəçiyə məxsus olmasını yoxladıqdan sonra, bağışlanan yaşayış evində kimlərin qeydiyyatda olması barədə arayış tələb etməklə yanaşı, qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərlə notariat kontorunda olmasını bildirmişdir. Fərdi yaşayış evində qeydiyyatda olan şəxslər notariat kontoruna gəlmədiyinə və əmlakın bağışlanmasına razılıq ərizəsi vermədiyinə görə, bağışlama müqaviləsini təsdiq etməkdən 18 mart 2025-ci il tarixli məktubla imtina etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə ərizəni müdafiə eədərk təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Göçay rayon Notariat Ofisinə məlumat verilmiş nümayəndə məhkəmə baxışında iştirak etməmişdir.Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə ərizəçinin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********77 reyestr nömrəli çıxarışından görünür ki, ünvan 1, yeni qaydalarla : ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.051949 ha həyətyanı torpaq sahəsi Ərizəçi xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli imtina məktubdan görünür ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu maddəsinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşma çatmış bütün ailə üzvlərinin razılığını alır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndində göstərilmişdir ki, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları, habelə bu Qanuna zidd olmayan müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar rəhbər tutulur. «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 2.5-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Qanunun 7-ci maddəsi müxtəlif hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət yarandıqda daha yüksək qüvvəyə malik olan normativ aktın tətbiqini, eyni hüquqi qüvvəyə malik normativ aktlar arasında ziddiyyət yarandığı təqdirdə isə onlardan zaman baxımından daha gec qüvvəyə minmiş aktın tətbiqini tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etidyi təlimatla müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ərizəçi xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini həmin evdə qeydiyyatda olan şəxslərin razılığı alınmadan bağışlanma müqaviləsi bağlanmasının Göyçay rayon Notariat Ofisinin notariusuna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir şəxs subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Lakin notariat ofisinin notariusu, qeydiyyatda olan şəxslərin fərdi yaşayış evinin bağışlanmasına dair ərizə verməməsi əsası ilə, bağışlama müqaviləsini təsdiq etməkdən imtina etməsi, mülkiyyətçi kimi Ərizəçi mənsub olduğu əmlaka öz istədiyim kimi sahib olmaq və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu əsassız olaraq məhdudlaşdırmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair bağışlanma müqaviləsi təsdiq edilərkən qeydiyyatda olan şəxslərin razılığı alınmadan notariat hərəkətlərinin aparılması vəzifəsi Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu X2 üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair bağışlanma müqaviləsi təsdiq edilərkən qeydiyyatda olan şəxslərin razılığı alınmadan notariat hərəkətlərinin aparılması vəzifəsi Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu X2 üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar